Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
10.01.22

(Feminist ədəbi tənqid)

Bu məqalədə məqsədimiz feminizmin doğru və ya səhv olduğunu sübut etmək deyil. Ədəbi tənqidin müxtəlif növləri var, bunlardan biri də feminist tənqiddir. Yazıda patriarxallıq tonundan qaçmaq üçün əvvəlcə nəsr, şeir və digər sənətlər də patriarxallıq və ataərkilliyin xüsusiyyətlərini tanımalıyıq. Bu ədəbi tənqid bu istiqamətdə bir cəhddir.
Dünya ədəbiyyatında patriarxal dilin əlamətləri çoxdur. Roman və şeirlərimizdə bilmədən patriarxal dilin əsirinə çevrilirik. Bu mövqe təkcə kişi şair və yazıçılara deyil, həm də oxuduqlarına və gördüklərinə görə kişi qaydasında yazan bir çox qadınlara da aiddir. Bu çox vaxt şəxsi məsələ deyil və yüz illər boyu patriarxal düşüncənin ədəbiyyata dəyən zərəridir.
Bu yazıda Səxavət Sahilin “İsanın qadını” romanını yalnız feminist tənqid baxımından araşdırıram. Məqsədim romanın butun məzmunu və quruluşunu təhlil etmək deyil.

Feminist ədəbi tənqidə dair qeydlər

Bir çox feminist tənqid növləri var. Burada yalnız bu istinadla kifayətlənəcəyəm: Feminist tənqid mədəniyyət və sivilizasiyadan və qadına edilən zülmdən bəhs edir. Feminist ədəbi tənqiddəki kritik vəzifələrdən biri ədəbi əsərin personajlarını öyrənməkdir. Tənqidçi, qadın obrazları da daxil olmaqla, ədəbi əsərdəki personajların həyatındakı patriarxal mədəniyyət və sivilizasiyanın rolunu araşdırır.
Simona de Bovuar feminist ədəbi tənqidin formalaşmasında əsas şəxslərdən biridir. Virciniya Vulf ayrıca qadın yazarlardan və ataərkil, patriarxal toplumlardakı qadınların istedadlarının istifadəsinə mane olan qadınların mədəni, iqtisadi və təhsillə bağlı qadağalarından yazıb. Bu sahədə digər vacib şəxsiyyətlər də var və bunlardan bəhs etmək bu məqalənin əhatə dairəsindən kənardır.
Bəziləri feminist tənqidi əxlaqi tənqid hesab edir. Feminist tənqiddə qadınların öz ədəbiyyatlarını yaratmalarına və patriarxal ədəbiyyata tabe olmamalarına imkan verdiyinə inanılır. Həm qadınlara, həm də kişilərə qadının məhdud rollarını sosial və linqvistik baxımdan pozmaları tövsiyə olunur.
Amerikalı qadın ədəbiyyatşünas Sara Roz Şarp feminizm barədə qadınlara deyir: “Təcrübələrimizin və yalnız kişi təcrübələrini doğrulayan bir mədəniyyətdəki instinktlərimizin təkzib edilməsi ilə qadınlar əsrlər boyu “əsir” olmuşdular. Bədənlərimizin və zehinlərimizin həqiqəti bizə sirr edilmişdir. Bu səbəbdən bir-birimizə qarşı əsas borcumuz var: məqsədəuyğunluq naminə bir-birimizin reallıq hissini sarsıtmamaq…” Bu izahatlar feministi və feminist ədəbi tənqidi ifadə etmək üçün çox kiçikdir və mən yalnız əsas məqamı qeyd etdim.
Fikrimcə, ayrı-seçkilik əleyhinə olduğu üçün feminist tənqid çox vaxt aqressivdir və ədəbi əsərə daha az heyran qalır. Bu səbəbdən romanın təkcə mənfi məqamlarını axtardığımı düşünməyin.
Məsələ burasındadır ki, feminist ədəbi tənqid birtərəfli və məhdud olsa da, buna ehtiyacımız var, çünki bu ədəbi tənqid gerçəklik sarıdan boş deyil və heç olmasa ortaya atdığı problem realdır. Biz kişi və qadın yazarlar patriarxallıq söhbətinin xüsusiyyətlərindən xəbərdar olmalıyıq. Bu, şüurun ən az təsiri olan patriarxal ədəbiyyat əvəzinə humanitar ədəbiyyat tapmaq cəhdidir.

Niyə “İsanın qadını” üçün feminist ədəbi tənqid metodunu seçdim?

Çünki müəllifin romanı qadınlar üzərində qurulmuşdur və feminist tənqid bu kitabın müəllifinə romanında qadın obrazları yaradarkən özünü patriarxallıqdan nə qədər uzaqlaşdıra bildiyini göstərə bilər!

“İsanın qadını” romanının feminist tənqidi

Qeyd etdiyim kimi, feminist ədəbi tənqidin müxtəlif növləri var (Feminist-psixoanalitik tənqid, feminist-simvolik tənqid və dekonstruktiv bir feminist tənqid kimi). Bu müzakirəyə sadə bir feminist ədəbi tənqidlə başlayıram.

Roman perspektivi

Romanın başlanğıcından əvvəl kitabda verilən izahı romanın perspektivi kimi gətirirəm: “Romanın qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. Uşaqlığında və yeniyetməliyində mental dəyərlərin, ziddiyyətli ailə ehkamlarının əsarətinə düşən qadın həyatını yenidən qurmaq, sərbəst yaşamaq istəsə də, şüuraltı olaraq atdığı addımlar onu fəlakətə daha da yaxınlaşdırır. Ata sözündən, adət­ənənələrdən çıxa bilməsə də, sonradan bütün bunlara etiraz edib öz gələcəyini müəyyən edir. İsa peyğəmbərin həyatına daxil olması düşücələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri­ciddi görünür, gülüş hədəfi olur. Ruhdan düşmür, yuxularına inanıb, Məsihin dediklərinə əməl eləməyə başlayır.
Geciksə də, “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Mənəvi iztirablar, maddi sıxıntılar iradəsini sındıra bilmir. Əksinə, gələcəyə nikbin baxıb arzularla yaşayır. Xoşbəxtlik dünyasının axtarışına çıxır.
Ailə təpkilərinə məruz qaldığından təkliyə çan atır, sərbəstliyini təkliyində axtarır. Kafedə işləyəndə yüksək pul müqabilində fahişəlik təklifinə yox deyir. Lakin fahişə ilə “yatmağa” pulu olmayan müştəriyə təmənnasız fahişəlik edir. Savadsızlığın və mentalitetin qurbanına çevrilən qadın özü kimi qurbanların ümumiləşdirilmiş obrazıdır. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. “İsanın qadını” ilə antik və dini­mistik mətnlər arasında paralellər aparanda romanın “ikinci nəfəs”i açılır, qaranlıq mətləblər aydın olur.”


Təhlil planı

• Romandakı qadın obrazlarının funksiyasının təhlili
• Ənənəvi qadın dilinin təhlili

Yuxarıdakıları təhlil etmək üçün romandakı əksər personajlarda aşağıdakı detalları araşdıracağam.

1-­Qadının müxtəlif vəziyyətlərdə orijinal, ya qeyri­orijinal olduğu


Əksər feministlər insan cəmiyyətinin çoxdan patriarxal cəmiyyət olduğunu düşünürlər. Bu cəmiyyətdə kişi mərkəzdə idi və bütün fəzilətlər ona məxsus idi və əksinə olaraq qadında bu fəzilətləri qazanmaq qabiliyyəti yox idi, o yalnız kişinin tamamlayıcısı qəbul edilirdi. Nəzəri olaraq, kişi “orijinal”idi və qadın “Orijinal olmayan” sayılırdı. Dünyadakı dominant kişi mədəniyyətinə görə bu məsələnin müəllifin şüuraltına nə dərəcədə nüfuz etdiyini görəcəyik.
Sözün patriarxal kontekstinin ən böyük kişi və hətta qadın yazıçı və şairlərdə də mövcud olduğunu təkrar edirəm. Çox vaxt bu, şəxsi çatışmazlıq deyil, hətta feminist ədəbi tənqid baxımından tarixi və qlobal bir çatışmazlıqdır. Romanın qadın obrazlarını bu baxımdan araşdıracağam.

2­-Qadının məntiq, ya duyğuya tabe olması

Bəzi feministlərə görə, insan cəmiyyətlərində bir çox ikilik mövcuddur və bu ikiliyin müsbət variantı hər zaman kişilərə aid edilmiş və mənfi variantı qadın olmuşdur. Patriarxal cəmiyyətdə kişinin həmişə müdrik, qadının isə duyğusal bir varlıq olaraq xarakterizə olunduğuna inanırlar və bir çox hallarda bu duyğusallıq ətrafdakıları azdırır.
Romanın qadın obrazlarını ağıl və duyğuya tabe olmaq baxımından araşdıracağam.

3­-Qadının aktivliyi / Reaktivliyi

Bəzi feministlər inanırlar ki, patriarxal mədəniyyətdə kişi həmişə yaradıcılığın mənbəyidir, yenilikçi, aktiv və təsirlidir. Bunun əksinə olaraq, qadın yaradıcılığa yad olan duyğusal bir varlıqdır, həm də bir macəraya getmək üçün cəsarəti yoxdur, romanda buna baxacağam.

4­-Qadın dili və ifadə tərzi

Qeyd etdiyim üç mövzunu izah etməklə yanaşı, müəllifin bu romanda qadın dilindən necə istifadə etdiyini də araşdıracağam. İndi romandakı önəmli personajların hər birinin vəziyyətini bu dörd meyara görə qiymətləndirəcəyəm.

Personajların təhlili

Bu izahatlar əvvəlcə yorucu olsa da, feminist tənqidin düzgün bir təhlili üçün lazımdır. Nəticə hissəsində bütün bu işlərin xülasəsi və hədəfi təqdim ediləcək.

Müəllif adlandırılan bir şəxs

1-Romanın əvvəlində və ortasında mötərizədə “müəllif” adlı bir personajı görürük. “Müəllif” romanın ilk dastançısı və əsas qəhrəmanı haqqında deyir: “... (Yalan deyir, onun rəsmi olaraq bir əri olub. – müəllif)...” Eyni etiraz da var: “…İkinci dəfə ərə gedəndə getdiyim oğlanı özüm bəyəndim (Yalan deyir, müvəqqəti bir yerdə yaşayıblar, Məhəbbətin kəbinlə bir əri olub – müəllif)...”
Bu müəllifin kişi və ya qadın olması bizə aydın deyil, lakin əsas qəhrəmanın əleyhinə etdiyi etirazların keyfiyyətindən məsələlərə kişi kimi baxdığı zənn olunur. Ancaq bu, dəqiq deyil (Müəllif adlı bir personaj özünün orijinallığını və qadının orijinal olmadığını sübut etmək istəyir).

Məhəbbət (əsas qəhrəman)

1. Kitab qadın bir dastançının dediyi ilə başlayır. O, (Məhəbbət) romanın əsas qəhrəmanıdır, cəmiyyətin adətinə görə, bir qadın kimi danışmır və normal şəraitdə qadına yaraşmayan sözlər söyləyir. Bu danışıq forması onu pis bir qadın kimi göstərir və özünü pis qadın hesab etmədiyi üçün bunu oxuculara izah edir. Bu qəhrəmanda qadınlar üçün qeyri-adi bir dilin şahidi oluruq. Burada Məhəbbət, patriarxal şəraitdə qadın hərəkətsizliyindən (reaktivliyindən) güclü təsirlənsə də, aktivist olmağa çalışır. Onda müsbət, lakin sübut olunmayan işarələr də görürük (Qadın aktivdir).
2. Sonra həmin adamda məlumatsız bir qadınla qarşılaşdığımızı hiss edirik, o, televiziyada kitab mükafatlandırma mərasimini görüb, pul qazanmaq və mükafat almaq üçün yazmaq istəyir (qadın, əslində, reaktivdir). “…Fikirləşdim ki, elə oturum yazım, sonra aparıb göstərim, görüm nə çıxır. Birinci yer olmasa da, heç olmasa, 2-ci, 3-cü yeri tutaram da. Yaxşı da pul verirlər. Görüm, bəlkə, içərilərində şorgöz münsif olsa, hərəkət eləyəcəm...” (Qadın hərəkətlərində hissə tabedir).
3. Məhəbbət həyatının başlanğıcı haqqında ən yaxşı təsviri müəllif özü yaradıb:
...Məhəbbətin uşaqlığı burnu fırtıqlı həmyaşıdlarından fərqlənməsə də, az-çox maraqlı olub. Həmişə özündən böyüklərlə oturub-durduğundan tez ayılıb, başı bəlalar çəkib. Qaragünnülüyü də körpəliyindən onu qarabaqara izləyib. İməkləyəndə iməkləyib, yeriyəndə yeriyib. Gözünü açandan gəlin-qayınana davası, qonşu yabalaşması, arvad söyüşmələri eşidib.
Üstəlik, xalaları balaca Məhəbbətə söyüşlər, ədəbsiz sözlər öyrətdiyindən “dili” tez açılıb. Uşaq ağlı isə bu sözləri harda gəldi deməkdən çəkinmir, küçədə, bayırda kimi görürdüsə, öyrəndiyi “sözlərdən” “hədiyyə” eləyirdi. Atası qızının bu “qabiliyyət”ini hər dəfə eşidəndə şapalaqla “mükafatlandırır”, qaranlıq otağa salıb tərbiyələndirmək istəyirdi. Bu valideynlərin gic-gic cəzaları var da!...” (Qadın burada orijinal olmayan və digərdir, yazar bu qeyri-orijinallığın səbəbini oxucuya izah edir).
4. Məhəbbətin romanı nəql etdiyi epizodlardan birində bu cümlələr onun aktivliyə meyilli olduğunu göstərir: “...Məni yandıran ayrı şeydi. Məndən soruşan yoxdu ki, sən nə deyirsən, razısanmı, bəlkə, heç razı deyilsən? Məəttəl qalmışam. Utandığımdan da heç kimə heç nə deyə bilmirəm. Mənə qalsa, fərqi yoxdu məni kimə verirlər. İstədiyim, sevdiyim olsa da, atamın qorxusundan nə deyə bilərəm ki?..” (Qadın aktivliyə meyillidir, amma ataərkliliyə tabedir).
5. Qadın qəhrəmanında irəliləmək istəyinin bir hissəsini bu ifadəsində oxuruq: “…Əslində, ərə getməkdən qabaq oxumaq, instituta girmək istəyirdim. Qonşuda Səkinə xalanın qızı öz başı ilə APİ-yə girmişdi. Yay tətilində kəndə gəlmişdi. O vaxt mən 9-da oxuyurdum. Onun tələbəlik şəkillərinə baxanda qıza paxıllığım tutdu...” (Qadın aktivliyə meyillidir, ancaq onun stimulu daha çox qısqanclıq və səthi hissdir).
6. Məhəbbətin beyin narahatlığı olan kiçik əmisi tərəfindən təcavüz edildiyi səhnədə təcavüz məsələsi ilə qarşılaşırıq. Stanford Fəlsəfə Ensiklopediyasına görə, erkən feminizmdə təcavüzə qarşı ilk addım “sükutu pozmaq” idi. Sonrakı feministlər təcavüzün daha ciddi qəbul edilməsinə və cinayətkarın məsuliyyətə cəlb edilməsinə çağırdılar. Bu səhnədən əvvəl, kitabın bir hissəsində romanı izah edənlərdən biri, “o məsələ” ilə əlaqəli məlumat verir. Romanda rəvayət edənlərdən biri (ehtimal ki, müəllifdir) oxucuya deyir ki Məhəbbət “o məsələ”ni (təcavüzi) dillə gətirmir. (Burada qadın reaktivdir və patriarxal şərtlər altında təcavüz qarşısında susmağa məcburdur).
7. Məhəbbət dəfələrlə İsanı yuxuda görür. Dua yazanlara inanmasa da, nəhayət, dələduz dua yazanın yanına getmək məcburiyyətində qalır. Dua yazan kişi onun haqqında erotik fikirdədir, lakin Məhəbbət münasibət təklifini rədd edir. Dələduz dua yazan kişi ona bir dua yazır, onu yaşıl bir parça ilə bükməsini və evindən asmasını söyləyir. Məhəbbət gecə evdə o dələduzun duasını bükmək üçün yaşıl bir parça tapmır və sonunda onu yaşıl tumanına bükür! O yalançı duanın heç bir təsiri olmur. Qanlı əlləri olan ağ köynəkli kişi hələ də Məhəbbətin yuxusuna gəlir, Məhəbbət səhər evdə qan ləkələri görür və bu qanın aybaşı ilə əlaqəli ola biləcəyini düşünür.
Burada vacib məsələ müəllif tərəfindən ənənəvi konsepsiyaların dekonstruksiyasıdır. Patriarxal müqəddəsliyindəki stereotipləri pozur. Yaşıl parça üçün eyni dekonstruksiyanı da etmişdir. Məhəbbət bir tərəfdən yalançı dua yazanın yanına gedir və onun cinsi təklifi ilə qarşılaşır, digər tərəfdən yaşıl bir parça olmadığı üçün yazılarını tumanına bükür! (Qadın bu səhnələrdə maraqlı halda həm reaktiv və həm aktivdir).
8. Məhəbbətin atasının, öz qardaşından zəhləsi gedir. O, qızını qardaşı oğluna məcbur ərə verir. Toy gecəsi Məhəbbət əmisi oğlunu öldürmək istəyir. Bunu atasının əmri ilə edir. Məhəbbət əmisi oğlunu əvvəldən sevmirdi, amma burada da atasının əmri ilə onu öldürmək niyyətindədir. (Qadın reaktivdir).
9. Məhəbbət İsanı yuxuda görəndə bir kafedə işləyir. Hər gün yuxularını kafenin müştərilərinə izah edir. Onu yavaş-yavaş lağa qoyurlar, amma Məhəbbət İsa və yuxuları haqqında ürəkdən danışır. Bu söhbətlərdən birində Məhəbbət deyir: “…cəmiyyəti mən xilas edəcəm, qadınları mentalitetin əzabından mən qurtaracam, ağ günə çıxaracam...”
Bu səhnə, roman qəhrəmanının xüsusi olaraq qadınların həyatı və düşüncə tərzi, onu dəyişdirmə ehtiyacı barədə danışdığı səhnələrdən biridir. Ancaq sonunda sözləri ətrafdakılar tərəfindən lağa qoyulur və o susmağa məcbur olur. (Qadın bu səhnədə aktivdir və patriarxal bir cəmiyyətlə qarşıqarşıyadır).
10. 43-cü səhifədə Məhəbbətin ikinci dəfə ərə getməsinin səbəblərini ondan eşidirik.
Məhəbbətin ikinci əri ilə evlənməsinin səbəblərindən biri də bu kişinin keçmiş arvadını başqa bir kişi ilə münasibətinə görə öldürməməsi və yalnız boşanmasıdır.
Məhəbbətin dediyinə görə, ikinci əri müdrikdir, çünki başqa bir kişi ilə münasibətinə görə arvadını öldürməyib! Bu səhnədə, kişi qətl etmədiyi üçün ağıllı bir insan kimi təqdim olunur. (Əslində, burada qadın aktivliyə meyillidir ancaq reaktivdir, huququnu tanımır).
Fikrimcə, romanın bu hissəsində qara bir satira var. Bu, ifadənin səhv olduğunu demək deyil, müəllifin bir növ qara məzhəkə ilə patriarxal cəmiyyətlərdə anlayış və şüur səviyyəsinin çox aşağı bir şey ola biləcəyini göstərdiyini demək istəyirəm.
Məhəbbət bu romanın qəhrəmanı olaraq özünü kişilərin yaratdığı bataqlıqdan çıxarmaq istəyən bir qadındır, amma bacarmır. Romanın patriarxal mühitdində bu, ümumiyyətlə, mümkün olmur. Hətta Məhəbbətin ölümü son evliliyi ilə üst-üstə düşür!


Məhəbbətın üç xalası

1. Bu fakt onları tamamilə təqdim edir: “...Onun üç qarıyıb-qurddamış xalası var. Üçünü bir yerdə görəndə deyərsən ki, qarşında üçbaşlı əjdaha dayanıb. Həyasızlıqda və saçyolduya çıxmaqda biri o birindən qətiyyən geri qalmır. Tərs kimi Məhəbbətgil onlarla qapıbir, çəpərçəpərə qonşudur. Günü onların yanında keçir. Yuxudan duran kimi, gözünü ovmamışdan qaçır ora...”
Əlbəttə ki, bu romanda Səxavət Sahil qadınları alçaltmaq istəmir, yüksəltmək istəyir, ancaq dünyanın müxtəlif mədəniyyətlərində əsrlər boyu yüngül xüsusiyyətlər qadınlara aid edilmişdir. Bu o qədər təkrarlanır ki, əslində, bəzi qadınlar eyni o yüngül davranışları göstərir və hər kəs bu cür davranışları qadınlara münasib davranışlar hesab edir. Simona de Bovuarın “Heç bir qadın qadın olaraq doğulmur, qadın olur” fikri də eyni şeyi ifadə edir.
Məhəbbət uşaqlıqdan tamamilə patriarxal mədəniyyətə qərq olmuş qadınların yaşam mühitinə qədəm qoyur: “...Yuxudan duran kimi, gözünü ovmamışdan qaçır ora. Ta axşam düşənə qədər. Toran vuranda atası işdən gəlib görür ki, uşaq yenə ordadı, cin vurur beyninə. Qızı da gəlmək bilmir ki bilmir, gedib onu sürüyə-sürüyə evə gətirir…”
Müəllif romanın qadın qəhrəmanına təsir edən amilləri yazmışdır. Ancaq bu amillərin kökü deyilmir. Bu hissədə də kişinin (Məhəbbətin atasının) düzgün qərarı var və Məhəbbətin xalaları bu fəzilətdən məhrumdular. (Kişi rasionaldır, qadınlar yox).

Məhəbbətın atası

1. Əvvəldən Məhəbbətin atası qızın xalalarının evinə getməsinə qarşı çıxır.
Xalaların evi qızın atasının evinin yanındadır. Məhəbbətin atası qızının xalalarından ədəbsiz sözlər öyrəndiyinə görə çox üzülür. Qızın atası onu dəfələrlə cəzalandırır, ancaq lazımi nəticəni ala bilmir (yenə kişi rasionaldır, qadınlar yox).
2. Atanın cəzası və Məhəbbətin (Məbişin) tərbiyəsi belə davam edir: “…Balaca Məbişin ən balaca cəzası qulaqdibi şapalağı, qaranlıq otaq olsa da, uşaq ağıllanmaqdan Uzaq Şərq qədər uzağıydı. Xala tərbiyəsi isə bacıqızını gələcəyə “hazırlayırdı”…” (Burada da qadınların rolu məntiqçilikdir).
3. Məhəbbətin atasının elçilərə qəzəbləndiyi səhnədə, duyğu və məntiqsizlik rolunu oynayan odur. Əksinə, rasional davranan qadınlardan biridir: “…Anamı çağırıb qışqıra-qışqıra dedi ki, get onlara de, rədd olub gəldikləri kimi də getsinlər. Əlim-ayağım dəyməmiş cəhənnəm olsunlar. Anama da bir tərs şapalaq ilişdirdi:
– Bunları niyə evə buraxıbsan, hələ bir qabaqlarına çay qoyubsan,– səsə elçilər çıxdı. Əmimin arvadı irəli gəlib anamın qolundan tutdu. Atama tərs-tərs baxıb:
– Biz sənin evinə qonaq gəlmişik, qonağı belə qarşılamazlar, – dedi….” (Qadın məntiqlidir, kişi yox).
Yuxarıda göstərilənlə bağlı qadınların rasionallığı onu göstərir ki, kitabın bəzi cümlələrində patriarxal tonlar varsa, bunun iki səbəbi var:
A. Yazar qəsdən romanı inkişaf etdirmək üçün patriarxal bir atmosfer yaradır.
B. Və ya romanı yazarkən dil kontekstində patriarxal tonun gizli təsirinə kifayət qədər əhəmiyyət vermir. Çünki bütün romandan məlum olur ki, müəllif bu romanı qadın hüquqları haqqında maarifləndirmək üçün yazmışdır.
4. Məhəbbətin atası qardaşı Misir əmi ilə mübahisəyə görə qızını onun oğluna vermək istəmir. Sərgüzəştlər üzündən bu əlaqəni qəbul etmək məcburiyyətində qalır, ancaq gizlicə nikah xonçasında gizlətmək və ərini öldürmək üçün Məhəbbətə iri bıçaq verir (Qadın “orijinal” deyil “digər”dir çünki atasının əmrini dinləyir).

Məhəbbətin anası

1. Məhəbbətin anası ilə ilk dəfə atasının Məhəbbətin 5 yaşını qeyd etmək qərarını verən yerdə görüşürük: “...Məhəbbətin 5 yaşı tamam olanda atası həyətdəki iri gövdəli, sallama yarpaqlı tut ağacının altında stol açıb, yağlı qonaqlıq verdi. Arvadının təkidi də öz yerində. Yoxsa kimiydi uşağa ad günü keçirən?..”
Məhəbbət ad günündə atasının dostlarına ədəbsiz söz deyir. Ata qızını döyür və romanın davamında, atanın reaksiyalarının təsvirinin bir hissəsində oxuyuruq: “Məhəbbətin cəzasını həmişəki kimi qaragünnü anası çəkdi. Əri onu evə salıb, əldən düşənə qədər cehizlik yunu kimi çırpdı…” (Qadın reaktivdir).

Misir əmi

1. Misir əmi Məhəbbətin əmisidir. Misir əminin oğlu Məhəbbətlə maraqlanır. Misir əmi ilə Məhəbbətin atası arasında düşmənçilik var, ancaq Misir əmi Məhəbbəti çox sevir. Məhəbbətin atasının dediyinə görə, ikisinin arasındakı düşmənçiliyin səbəbi Misir əminin ailəni rüsvay etməsidir. Misir əmi romanda mənfi bir şəxsiyyət deyil.

Verəngül nənə


1. Romanın bir hissəsində bu xarakterlə qarşılaşırıq. Əslində, o, qızların bakirəliyini qaldırdığını elan edərək həyatını təmin edən biridir.
“…İndi növbə elin ən təcrübəli yengəsi Verəngül nənənin idi, bu dünyada hərənin öz işi olduğu kimi, onun da işi yengəlik idi …”.
Əslində, patriarxal cəmiyyət, patriarxallığı davam etdirən tabuları qorumaq üçün müxtəlif formalarda qadın fərdləri və şablonları yaradır. Bu romandakı Verəngül obrazı cinsi dəyərlər şəklində patriarxal sistemi qoruyan qadınlardan biridir (Qadın orijinal deyil).

Məhəbbətin dayısı

1. Məhəbbətin küskün dayısı Rusiyadan yalnız Məhəbbətin ad günü üçün onların evinə gəlir. Onun əsas hədiyyəsi son gündə Məhəbbətə verdiyi qızıl su ilə işlənmiş saxsı qabdır. Həmin hədyyənin üstündə əllərində bıçaq olan qızların şəkilləri və digər qarma-qarışıq şəkillər var. Təsvirin alt hissəsində “Doçı Danaya” yazılıb. Hekayədəki bu səhnə, Məhəbbətin atasının əmri ilə gərdəkdə həyat yoldaşını bıçaqladığı hissədən sonradır. Bəy onun əmisi oğludur və Məhəbbət onu heç sevmir, Məhəbbətin atası da üstəlik, öz qardaşına nifrət edir.
“Doçı Danaya” yunan mifologiyasındakı “Danay qızları”na aiddir. Bu əfsanədə Misir kralı 50 oğluna Danayın əlli qızı ilə evlənmələrini əmr etdikdən sonra Danay qaçır, amma nəhayət, razılaşmağa məcbur olur. Danayın əlli qızı əlli əmisi oğlu ilə evlənməli idi. Danay, qızlarına toy gecəsində ərlərini öldürmələrini söyləyir. Bir qızdan başqa bütün qızlar kişiləri öldürürlər, təkcə bir kişi cinsi əlaqəyə girməməyi qəbul edib sağ qalır. Bu qətllərdən sonra qızlar dibsiz çəlləyi və ya hovuzu su ilə doldurmağa məhkum edilirlər. Qərb mədəniyyətində “Danayın qızları” boş yerə səy göstərməyin rəmzi hesab olunur. Burada romanın bir hissəsinin, əslində, yunan mifologiyasına etibar etdiyini başa düşürük. Bu səhnədəki qadın aktivdir və yaxşı-pis romandakı kişilərdən birinə qarşı üsyan edir. (Qadın aktivdir).

Xuraman (Xuruş)

1. Xuraman təhsil aldığı dövrdə Məhəbbətin dostudur. Məhəllələrində 40 yaşlı subay oğlunu Rusiyadan zorla qaytarmış bir ailə var. Ailəsi ondan evlənməsini istəsə də, “avaragör” oğlan yox deyir. Sonra Xuramana aşiq olur və onu oğurlayır...
Müəllif, qızları oğurlamaq (qaçırmaq), bakirəliyini məhv etmək, onları ərə getməyə məcbur etmək üçün mürtəce və patriarxal davranışı təsvir edir. Məhəbbət bu macəranın bir hissəsini belə nəql edir:
 “…3 kişinin qabağında Xuruş neyləyə bilərdi ki? Baqajı bağlayıb, tez maşına minib qazı basdılar. Mən də özümü itirmişdim, qorxumdan hasarın dibinə qısılmışdım. Səs-küyə orda olanlar, marketin qabağında nərd oynayanlar dönüb baxırdı. Amma heç kim yaxına gəlib bir söz də demədi, qız qaçırmağa öyrəncəliydilər…”
Romanda bu macəranın bir kənddə baş verdiyini izah etməliyik. Bu səhnə yazarın bu cür sosial pozuntulara qarşı açıq etirazıdır. Bu təsviri verərkən Xuramanın müqavimətini və evlənməkdən imtina etməsini aradan qaldırmaq üçün bakirəliyini məhv etməsini oğlana tapşıran, qadınların özləri - Verəngül nənə və oğlanın anası Sura xaladır. Bu həll Verəngül tərəfindən təmin edilir. Patriarxallığın qurbanı olan və başqalarını qurban verən bir qadın.
Ən kədərli məqam Xuramanın illər sonra sərvətə və bəxtə çatması və göründüyü kimi eyni ərinə sahib olmasıdır. Digər kişilərlə flirt edir və çox pul qazanıb. Bu səhnədə də hər zaman qadına qarşı tabu olaraq istifadə olunan bakirəliyin məhv edilməsi ilə qarşılaşırıq. Yəni Xuramanın bakirəliyinin itməsi: “…Ondan sonra Xuruş quzuya döndü. Toyuna öz tərəflərindən bircə xalası gəlmişdi…”
Xuramanın macərasına diqqət yetirsək, əslində, patriarxal cəmiyyətlərin qadınları inanclarında zəlalət yolu hesab etdikləri bir yola getməyə məcbur etdiklərini görərik!

Ayka

1. Romanın bir hissəsində Məhəbbət bir qəzetdə oxuduğu macəranı nəql edir:
İki qız dostdur. Birinin sevgilisi var və münasibətdədir, gözü açıqdır. Başqa biri facebookda fəlsəfi sitatlar göndərən gözübağlı bir qızdır, onun adı Aykadır.
Ayka, nənəsinin ona miras qoyduğu qızıllardan buzov formasında fiqur düzəltdirir, qızıl buzovun sehrinə inanır. Və hər yerdə onu üstündə saxlayır.
Aykanın dostu onun üçün yaxşı bir iş gördüyünü düşündüyündən Aykaya bir sevgili tapır. Sonunda bu münasibətin nəticəsində Ayka bakirəliyini itirir.
Ayka romanın bir səhnəsində bakirəliyini itirərək ağlayarkən hələ də onu xilas edəcəyinə ümid bəsləyən qızıl buzovu əlində tutub… Bu qızıl buzov “Gold encalf” mövzusuna işarə ola bilər.
...Musa dağa çıxanda İsrail övladlarının bəziləri qızıllarını əridib buzov halına gətirdilər və xalqı ona ibadət etməyə çağırdılar. Burada romanın müəllifi ikinci dəfə romanını dini və tarixi povestlərlə bağlamağa çalışıb.
Buradakı iki rəfiqənin hər ikisi bir növ mənfi rola malikdir, biri diqqətlə əylənir, digəri isə gözü bağlıdır və xurafata da inanır. Bu mənfilik demək olar ki, hər ikisinə ictimai münasibətlər tərəfindən tətbiq olunur, çünki onlar, əslində, insan cəmiyyətində qadın hissləri olaraq bilinən duyğulara məğlub olurlar (Burada qadın, hissi təmsil edir və məntiqsizdir).
Xuraman bölməsində kənddə bir qızın bakirəliyi adam qaçırma yolu ilə, Ayka hissəsində isə şəhər münasibətləri yolu ilə itir. Başqa sözlə, qadınlara qarşı sui-istifadə ehtimalının forması dəyişir, lakin bakirəliyin dəyəri hələ də qalmaqdadır.
Dünyanın patriarxal cəmiyyətlərində, istər şəhərdə, istərsə də kənd yerlərində olsun, qadınlar həm birbaşa, həm də dolayı yolla bəzi kişilər tərəfindən cinsi zorakılıq və hətta təcavüzə məruz qalanda da məhküm sayılırlar.
Onlar cinsi zorakılıqlara məruz qalırlar və eyni zamanda bakirəliklərini qorumaq məcburiyyətindədirlər və bakirəliklərini itirmələri səbəbi ilə günahlandırılırlar. Daha sadə dillə desək, patriarxal cəmiyyətlər “Tazıya deyir tut, dovşana deyir qaç”.

Məhəbbətın yuxusuna gələn İsa

1. Məhəbbət romanda İsanı qanlı əlləri ilə dəfələrlə yuxuda gördüyünü söyləyir. Romanın bir hissəsində Məhəbbət mənəvi bir dəyişikliyə məruz qalır və xoşagəlməz sözlər və işlərinin çoxunu kənara qoyur, artıq başqalarına İsanı yuxuda görməyindən danışmır. Məhəbbətə İsanın əsas mesajlarından biri budur: “…Mənə deyirdi ki, sən seçilibsən, sənə bir övlad verəcəm, səndən sonra sənin yolunla gedəcək. Cəmiyyəti, qa dınları xilas edəcək. Qadınların xilası, cəmiyyətin xilası deməkdir. Yenə də cümə günü yuxuma gəlmişdi, həmişəki ağ, uzun geyimdə idi, əllərindən də qan damcılayırdı. Mən onun yuxuda, yoxsa aşkarda gəldiyini kəsdirə bilmirdim, çox vaxt elə bilirdim ki, bu, yuxu yox, həqiqətdir. Sol tərəfdə kravatıma yaxın dayanmışdı, mənə dedi ki, sənin övlad dünyaya gətirmək vaxtın çatıb. Bu övladı sən dünyaya gətirsən də, o, bütün dünyanın övladı olacaq. Ərin olmasa da, sən uşağı ərsiz doğacaqsan. Uşaq da qız uşağı olacaq, bədəninə ruh üfürdüm, sabah mən deyən yerə gedərsən....”
Məhəbbət ilk dəfə İsa dediyi yerə getmir. Bir müddət sonra İsa yenidən yuxusuna gəlir və bir daha deyir ki, bir yerdə üç hündür şam ağacı var, get ora, orta ağacı qucaqla, gözlərini yum, məni xəyal et, hamilə qalacaqsan.
Romandakı İsa qadınları və insanlığı xilas etmək üçün bir qadın seçir (Burada qadın orijinaldır).

Nəticə

Əvvəlcə qeyd etdiyim kimi, “İsanın qadını” romanını yalnız feminist bir ədəbi tənqid baxımından araşdırmışam.
Səxavət Sahil “İsanın qadını” romanında romandakı bəzi personajların dilində (əksər kişi və qadın yazıçıların çıxışında olduğu kimi) gizli və vərdişli ataerkil terminlər səsləndirir, amma mahiyyət etibarilə qəhrəmanına məxsus bir qadın ifadəsi ilə patriarxallığa qarşı üsyan edir. Bu üsyana əlavə olaraq onun romandakı qəhrəmanı digər ayrı-seçkiliklərə də etiraz edir.
Dəyərli məqam budur ki, bu qadın üsyanı müəllifdə yaxşı qurulmuşdur və əvvəllər müəyyən bir formatda (məsələn, ideoloji baxımdan) yazmaq qərarından irəli gəlməmişdir.
Bu vəziyyətin zəif cəhəti ondadır ki, müəllif romanı yazarkən birbaşa ataerkil dil mövzusuna olduğundan artıq diqqət yetirsəydi, qadın qəhrəmanları üçün daha münasib qadın dilini yaradaraq Məhəbbətin mübarizəsinin bir hissəsini qadın ifadəsi sahəsinə yaymış ola bilərdi. Yazar, romanın qadın qəhrəmanının dilinə daha çox cinsi konsepsiya cəmləşdirərək qadın dilini təqdim etməyə çalışıb.
Məsələ onun bunu etməsi deyil, məsələ budur ki, bu romanda qadın dilinin digər cəhətləri bu cinsi sözlər qədər qabarıq deyil.
Feminizm baxımından bu romanda başqa bir müsbət məqam da var.
Məhəbbət qadınları xilas etmək istəsə də, onun mübarizəsi bir növ ideologiya ilə məhdudlaşan bir mübarizə deyil, özünün və digər qadınların həyatının həqiqətindən qaynaqlanır. Romanın qəhrəmanı hətta özü üçün fahişəlik kimi anlayışları yenidən müəyyənləşdirmişdir.
Yazar bu romanda yanlış təsəvvürlərin qurbanı olan qadınların dərdini deyir.
Romanda Məhəbbət və Xuraman kimi obrazlar bütün səyləri ilə patriarxallığın ayaqları altında əzilir və səyləri nəticə vermir.
Bu romanın iki hissəsi yunan mifologiyası ilə əlaqəlidir. Bu mifologiya özü də feminist ədəbiyyat baxımından nəzərdən keçirilə bilər. Məhəbbətin ilk evliliyinin dizaynı bu yunan əfsanəsinin hekayəsinə əsaslanır: “Danayın qızları” (Romandakı Məhəbbətın atasıyla bərabərdir).
Yunan mifologiyasında Misir padşahlarından biri idi. (Romandakı Misir əmiyə bərabərdir).
Bu romanın da sonunda Məhəbbət həbsxanadakı bəzi adamlara fidyə ödəmədiyi və cinsi istismara baş əymədiyi üçün cərimələnir və cəriməsi yunan əfsanəsindəki “Danayın qızları” kimi boş yerə su daşımaq olur! Məlumdur ki, Qərb mədəniyyətində “Danayın qızları” boş yerə səy göstərməyin rəmzi hesab olunur. Düşünürəm ki, bu romandan patriarxal cəmiyyətlərin dəyərləri mövcud olduğu müddətdə qadınların əsl azadlıq yaşamayacaqları mesajını almaq olar.
Romanın başqa bir hissəsində “Qızıl buzov” mövzusu, “Golden calf” və Musanın mövzusuna işarə ola bilər.
Dedik ki, Musa dağa çıxanda bəzi adamlar qızıllarını əridib buzov halına gətirdilər və xalqı ona ibadət etməyə çağırdılar. Yazar romanda bəzi qadınların xurafata inamının insan haqlarına vurduğu ziyanı göstərmək üçün qızıl buzov simvolundan istifadə edib.
Romanın sonunda həbsxana mənzərələri, Məhəbbətin son evliliyi və ölüm səhnəsi aşağıdakı mənanı doğurur:
Dünyada qadınlar haqları üçün çox çalışırlar, amma çox vaxt əzilirlər və hələ patriarxallıqdan və cinsi istismardan qurtula bilməyiblər.
Romanın sonundakı ölüm səhnəsi patriarxal cəmiyyətlərdə bir qadına sahiblik mövzusunda kişilərin fərqli olmadığı təəssüratını yaradır. Burada İsanın romanda əvvəlki obrazının dekonstruksiyasını da görmək olur.

Nadir Əzhəri, “Ulduz” jurnalı, №12 (631), Dekabr, 2021

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.