Şeirlər
***
Axşam düşdü, şər qarşıdı yolda qaldı gözlərim,
Ay da batdı, gün də çıxdı amma yenə gəlmədin.
Vaxt da keçdi, il də ötdü yenə gördüyün kimi
sənsiz adam olmaq olur, sənsiz olmur, bilmədin.
Üstüm-başım tör-töküntü, ev-eşiyim dağınıq,
Həyatım da darmadağın, bütün nizam qarışıb.
Görən deyir, nəsə olub, qocalmısan, amma ki,
Solan çöhrə, ağaran baş sənə yaman yaraşıb.
Bu da deyil olan-bitən, darıxmaqdı ən pisi,
Unutmaq da olmur axı ötüb, keçən günləri.
Gecə demir, gündüz demir həsrətindən mən sənin,
Dolaşıram yorulmadan küçələri, tinləri.
Amma daha gecələrin sükutunu pozmuram,
Kimisə də incitmirəm, tükənmişəm, bom-boşam.
Sən gedəli mən o qədər dəyişmişəm bir bilsən,
Səndən başqa hər nə varsa, ona qarşı dam-daşam.
İmtahanı çətin olur, ağır olur sevməyin,
İndi bildim niyə belə dəyişmişəm nə vaxtdı.
Səbəbi də sən imişsən, başım sənə qarışıb,
Amma yenə dolmur zaman, nə qəribə həyatdı?!
Tərgitmişəm səndən sonra bütün pis vərdişləri,
Gülməyi də unutmuşam, susmağı da bilirəm,
Nə olsun ki, indi hamı, hər kəs məndən razıdır,
Mən yenə də darıxıram, sənin üçün ölürəm.
***
Əllərim, qollarım kəsildi, qaldı,
Ruhum yetim oldu qucaqlarımda.
Yenə şər qarışıb, axşam düşəndə,
Bir körpə uyudu ayaqlarımda.
Yarpağa susayan boş ağac kimi,
Qalmışam yollarda naəlac kimi.
Eşqinə ac, susuz, yalavac kimi,
Qopuram durmadan budaqlarımdan.
Sən edam kəndiri, hazır ol, gəlim,
Keçirib boynumu, biraz dincəlim.
Quruyub qalsa da ayağım, əlim,
Süzülüb gedirsən yanaqlarımdan.
***
Birinci axşam düşər, sonra mənim ürəyim,
Ayrılığın küləyi üzümü qırışdırar.
Canımı boğazımdan çıxardar intizarın,
Səni görmək istəyim fikrimi qarışdırar.
İntizarın nəğməsi səslənər dayanmadan,
Yenə niyyət elədim sənin üçün ölməyi.
Ürəyimi üşüdən bir yola iz qoyandan,
Gözlərimin özü də yadırğayıb gülməyi.
Əllərinin istisi, nəfəsinin oduna,
Gecə, gündüz darıxır boş qalan çiyinlərim.
Saçlarını üzümə dağıtsan külək kimi,
Bəlkə belə çözülər bəxtimin düyünləri.
Dərd odur, səndən qabaq mən özümdən gedirəm,
Gəlişinə darıxır səhər, axşam ürəyim.
Sənə qovuşmasa da əllərimin zirvəsi,
Amma toxunur yerə, dərd daşıyan kürəyim.
Ancaq səni görməkdi, vallah mənim diləyim
***
Gəl-çıx hələ ömür payım,
İlim, günüm, fəslim, ayım.
Tut əlimdən, yıxılmayım,
Ay ömrümün əsası!
Sən ki, mənim varım, yoxum,
Doymadığım şirin yuxum.
Nə gözəldir, yenə baxım,
Gözlərinin qarası!
Bilmirəm heç kiməm, nəyəm,
Az qala dərddən əyiləm.
Vallah həmən mən deyiləm,
Ay başımın bəlası!
Həsrət ölüb-itən deyil,
Gün də keçib ötən deyil.
Bəs, niyə əlçatan deyil,
Məhəbbətin səması?
Məndən sənə bircə öyüd,
Gəl, məni eşqinlə böyüt!
Belə olmur, geri qayıt,
Uzun sözün qısası!
***
Hava soyuq, həzin-həzin qar yağır,
Külək qarı bəyaz-bəyaz üfürür.
Sən də yoxsan qollarını
dolayasan boynuma,
Pişik kimi qısılasan qoynuma.
Qısılasan, saçlarını oxşayam,
Əllərini barmağımda təsbeh kimi oynadam.
Axşam yatıb şirin-şirin səhər də,
Gözlərindən öpə-öpə səni belə oyadam.
Köksüm üstə qara saçın dalğalana çay kimi,
Ayaqların ayağımda, qollarımda əllərin.
Səni öpmək istəyirəm bu dünyanı unudub,
Çünki sənin baldan belə şirin gəlir dillərin.
Nəfəsinin istisini ciyərimə çəkib mən,
Çünki məni bu soyuqda sənin sevgin isidər.
Dodaqların dərman kimi, yanaqların şirin su,
Bircə qurtum belə dadsam vücudumu titrədər.
Səni belə sevirəm mən,
Dünya boyda əzizim.
Gözlərindən öpə-öpə hər qayğını silərəm.
Bilirsənmi, sənsiz keçən hər saniyə ayrılıq,
Sənsiz keçən hər dəqiqə ölümdü,
Sənsiz olmaq başdan-başa zülmdü.
***
Buludlar yağışlara,
Gülümsəyir bayaqdan.
Dəyir baxışlarına,
Gah yaxından, iraqdan.
Səni az düşünənlər,
Keçib gedir yanından,
Amma mən
Hey uzaqdan, uzaqdan.
Qəlbimdə hər aşiqin,
Daşıyıram sevgisin
Eşidirəm astaca,
Məsum dildən, dodaqdan.
Kölgəm də keçib, gedir
Hərdən sənin yanından
Amma mən
Hey uzaqdan, uzaqdan.
Neçə ildir əsirəm,
sənin məhəbbətinə.
Əllərim göy üzündə,
Dodağımda dualar,
Yaş tökülür yanaqdan.
Küləklər sığal çəkir,
Meh toxunur saçına
Amma mən
Hey uzaqdan, uzaqdan
İntizar bu sevgidə,
sirrə dönüb yox olur.
Sonra da eşq adında,
Qalxır qara torpaqdan
Sonra ruhum toxunur,
sənə sonsuz maraqdan
Amma mən
Hey uzaqdan, uzaqdan.