"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun Drezden nüsxəsi İtalyada çap olunub.
"Kitabi-Dədə Qorqud"u italyan dilinə tanınmış italyan türkoloqu Federiko De Renzi tərcümə edib. Federiko De Renzi eyni zamanda, kitabın italyan nəşrinə izahlı giriş sözü də yazıb.
"Kitabi-Dədə Qorqud"un italyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı geniş ön sözü ilə ictimaiyyətə çatdırılıb. Müqəddimədə "Kitabi-Dədə Qorqud" eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur.
İtalyan nəşrində verilmiş "Kitabi-Dədə Qorqud" eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan Qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılıb.
Kitabda Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.
|