Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
24.11.21
Tanınmış yazıçı, publisist Təranə Vahidin “Qarışqa təqvimi” hekayələr kitabıçapdan çıxıb. “Qanun” nəşriyyatında işıq üzü görən kitabda müəllifin son illərdə qələmə aldığı “Dəfn nəğmələri”, “Mən toz dənəsiyəm”, “Göy üzü qanamışdı”, “Uçan buludlar”, “Durna adam”, “Xırda bəhanələr” və onlarla bənzərsiz hekayələri yer alıb.
Kitab haqqında Təranə Vahid belə deyir: “Sözün düzü, kitabım çoxdan hazır idi. Sadəcə, çap olunacağı günü gözləyirdi. Belə bir təklif ölkəmizin nüfuzlu nəşriyyatlarından biri olan “Qanun”dan gəldi. Bir yazar üçün bu, olduqca qürurvericidir. “Qanun” nəşriyyatının rəhbəri, naşir Şahbaz Xuduoğluna bu nəcib addımına görə təşəkkür edirəm”.
Xatırladaq ki, Təranə Vahidin eyniadlı hekayələr kitabı bu ilin mart ayında İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Türkay” nəşriyyatında çap olunub və türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.
Onu da qeyd edək ki, yazıçının 2013-cü ildə işıq üzü görən “Cənnətdən yuxarı” kitabı geniş oxucu auditoriyasının marağına səbəb olmuşdu. Müəllifin mədəniyyət tariximizə həsr olunan “Doxsan imza” publisistik məqalələr toplusu da hekayələri qədər diqqətəlayiqdir.
|