Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Qanun Nəşrlər Evində tanınmış yazıçı-tərcüməçi Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin “Altıncı Ayın qızı Nina” əsəri çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə Muni Vitçerin “Altıncı Ayın qızı Nina” kitabı yazıçının fərdi yaradıcılıq uğuru hesab olunur. Əsərin baş qəhrəmanı on yaşlı Ninadır. Rus adını ona babası, rus əsilli məşhur sehrbaz və kimyaçı Mixail Mezinski verib. Ninanın ovcunda babasındakı kimi anadangəlmə xal, qırmızı ulduz var. Bu onun da məşhur kimyaçı olacağına işarədir. Bir gün ulduz qaralmağa başlayaraq, ona qarşıdakı təhlükələrdən xəbər verir. Babasının ölüm xəbərini eşidən Nina sehrli kimya əlifbasının köməkliyi ilə onun qeydlərinin şifrəsini açır. İndi o, bədheybət bir cırtdana çevrilməli, Şər Sehrbazı Qraf Karkonla döyüşə atılmalı, babasının vəsiyyətinə əməl edərək, Altıncı Ay deyilən Ksoraks planetini zalım Karkondan xilas etməlidir.
İtalyan dilindən tərcümə edən, qeydlərin və ön sözün müəllifi: Cəmşid Cəmşidov
|