“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
11.11.21
Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi təşkil edəcək.
Sərgi noyabrın 17-dən dekabrın 1-dək XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.
Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər var. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilib. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilib. 1970-ci ildə hamamda yenidənqurma işləri aparılıb və bundan sonra 90-cı illərə qədər burada fəaliyyət göstərən “Yaşıl aptek” adı ilə tanınan əczaxanaya çevrilib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “Şərq irsi” sərgisi Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir. /Azərtac/
|