Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
"Qəzəb salxımları"ndan çəkilmiş "Gürgan şərabı"ndan içib unutdum "Bulanıq dünya"nı, "Fələk qırmancı"nın yaralarını, "Tarix və tale" oyununda taleyə uduzdum, "Fəlsəfi oyunlar"la yola verdim həyatı, fəqət "Yaşamaq yanğısı" məni tərk etmədi, arada sözarası məsləhət verənlər də oldu: "Ürəyinin apardığı yerə get", Tanrıya ibadət et, "İçimizdəki şeytan"a uyma... "Həyatın dibində" gördüyün "Səfillər"i, onların həyat tərzini, bir vaxtlar sən də onlardan biri olduğunu unutma. "Tənha"lığın damında ulayan "Kor bayquş"a inanma, "Ölülər"in "Qiyamət" günü "Dirilmə"sinə inan... "Yaddaş kartı"ndakı "Pozuq fotoşəkillər" sənə xatırladar faniliyin əyaniliyini, "Daş evlər"də sona yetər "Ömür kitabı"n. Düşünərsən: "Fironun dəftəri"ndə niyə Musanın adı yoxdur? Axı qoca tarix deyir ki, "İsanın qadını" yoxdur... "Yeraltı külək"lər səni "Metro vadisi"nə gətirib çıxarar, "Qan-tər içində" enərsən "Nəfəs yelləncəyi"ndən, qalarsan "Yenə iki od arasında", bu an "Sehrli dağ"ın qımıldandığını eşidərsən - "Və dağlardan səda gəldi"! "Tanrı dağları"na xoş gəldin! "Axirət sevdası" "Tərsinə addımlayan kölgələr" kimi təqib edər səni, səni, məni... Mən "Günah keçisi" deyiləm axı, bəs niyə "Günəşə sarı gedəndə" gözlərim yenə arxada qalır?! Və... "Tanatos mehmanxanası"na zəng vurub deyərsən: -Lütfən, mənə bir "Otel otağı" ayırın. Yenə və... orada "Mehmanxana sahibəsi"nə aşiq olarsan, səninçün "Həyat" yenidən başlayar...
6 noyabr, 2021
|