Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlının yeni - "Sabaha ismarıc" adlı romanı çapdan çıxıb. Roman "Elm və təhsil" nəşriyyatında çap olunub.
Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov yazır ki, V.Babanlı XX əsrin ortalarından başlayan genişmiqyaslı, eləcə də dərin ictimai-mənəvi problemlər qaldıran yaradıcılığı ilə əsrin sonlarına doğru Azərbaycan ədəbiyyatının canlı klassikinə çevrilib, həm poeziyası, həm nəsri, həm də dramaturgiyası ilə xalqımızın arzularının, ideyalarının keşiyində durmağın örnəklərini təqdim edib. Yazıçının "Vicdan susanda" romanı yalnız müəllifinə deyil, bütövlükdə onun mənsub olduğu ədəbiyyata böyük şöhrət qazandırıb.
Qeyd olunur ki, keçən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində Sovetlər Birliyinin dağılması ilə ölkəmizdə vüsət almış milli azadlıq hərəkatı kontekstində baş verən hərc-mərclik, özbaşınalıq meylləri, etiraf etmək lazımdır ki, bizim ədəbiyyatımıza - nə poeziyamızda, nə nəsrimizdə, nə də dramaturgiyamızda hələ lazımi dərinlikdə araşdırılmayıb. Odur ki, görkəmli yazıçımız - şair, nasir və dramaturqumuz Vidadi Babanlının "Sabaha ismarıc" romanı ilk növbədə öz tematikası baxımından ciddi maraq doğurmaya bilməz.
Qiymətli bir ədəbi hadisə olaraq "Sabaha ismarıc"ı fərqləndirən bir əlamət də odur ki, doxsanın arxasını yerə vurub yüzə doğru inamla addımlayan yazıçı bu romanı əlinə qələm alıb yazmayıb, dahi sələfi Dədə Qorqud kimi sinədən deyib. Bəlkə də, ona görədir ki, romanda "Dədə Qorqud" böylarının ruhu, bəy ərənlərin sarsılmaz iradəsi var..."
/525.az/
|