Çempion idmançı, istedadlı aktyor və doktorant
26.10.21
Yüzlərlə gənclərin idoluna çevrilən Sadiq Həsənov
Pekindən ölkənin şimalına - Uygurstana uçan təyyarədə idmançılara məxsus sağlam cüssəli bir gənc əlindəki qovlugun səhifələrini bir-bir gözdən keçirirdi. Aviasalondakıların çoxu monitorda verilən yeni bir filmi izləməklə məşgul idi. Həmin gənc Sadiq Həsənov isə universitetdəki dərslərini və imthanları vaxtından qabaq bitirib dəvət aldığı növbəti səfərə yol almışdı. Qayalıq və dənizlə çevrələnən və çoxlu dostları yaşayan Karamayı (Karamay, Çinin Sincan-Uyğur Muxtar bölgəsinin şimalında yerləşir. Şəhərin adı uyğur dilində "qara neft, mazut" mənasındadır və şəhərin yaxınlığındakı neft yataqlarına işarədir) görməyə tələsir, oxuduqlarını nəzərdən keçirib düşünür, xəyallara dalırdı. Təyyarə yerə enəndə Sadiq də hamı kimi yerindən qalxdı. Birdən salonda gurultu qopdu. Sərnişinlər alqış sədaları altında onu barmaqla göstərir, avtoqraf almağa tələsirdi. Onlar izlədiyi filmin qəhrəmanı ilə bir yerdə səfər etməyin sevincini yaşayırdılar.
Saqid Həsənov peşəkar aktyor olmasa da, artıq 5 ildən çox idi ki, Çin Xalq Respublikasında ən boyuk izləycisi olan birinci dövlət TV kanalı CCTV1-də yayımlanan və Cinin yaxın tarixi, eləcə də müxtəlif döyüş səhnələri ilə bağlı olan onlarla film və seriallrda yer alıb obrazları canlandırmışdı. Bir ay əvvəl Cin film uduzları ilə birlikdə çəkildiyi "Sibir fırtınası", (“西伯利亚风云 “) filmində rol almışdı. Film məşhur “Godzilla” filmini ərsəyə gətirən Şusuke Kanekonun rəhbərliyi ilə çəkilmişdi. Kinomatoqrafiyaya yeni gəlsə də, Sadiq daha çox idman sahəsindəki ugurları ilə tanınmışdı.
Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olmuşdu. Anası Afət xanım ali məktəbi bitirdikdən sonra təyinatla Çəlilabada işləməyə göndərilmişdi. Orada işləyərkən mahnılardan birində deyildiyi kimi “bir kənd müəllimi” - Həsənağa Həsənovla ailə qurmuşdu. Sadiq orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərirdi. Bölgənin tanınmış ingilis dili müəllimlərindən olan anası Afət xanım onun ilk müəllimi olmuşdu. Kiçik yaşlarından idmanla ciddi məşğul olur. Ali təhsilinin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində alıb, 2007-ci ildə həmin universiteti bitirir.
2010-cu ildən Azərbaycan Uşu federasiyasının fəal üzvü olur. Uzun illər idmanın döyüş növləri - Tayboks və Uşu-san ilə məşğul olur. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu və mükafatçısı olmuşdur. Belə ki, 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan Çempionatının qalibi olmuşdu. 2016-2019-cu illərdə isə Cin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil etmişdi. Azərbaycan Uşu federasiyasının idmançısı kimi təhsilini davam etdirmiş, Çinin Pekin İdman Universitetində doktoranturada oxumuşdu. O təhsilinin magistratura pilləsini də bu universitetdə almış və 2018-ci ildə məzun olmuşdu. S.Həsənov Çin Respublikasında təhsil almağa müsabiqə yolu ilə seçilmiş və oraya dövlət xətti ilə göndərilmişdi. Yalnız fiziki baxımdan deyil, intelekt cəhətdən də çox irəli getmişdi. Doktoranturanı çin dilində ən yüksək göstərici ilə bitirirdi bir neçə aydan sonra universitetdə ona dərs deyən bir professor onu yanında işləməyə çağırır, kafedrasında yer iş təklif edirdi.
Çində idman təhsili ilə yanaşı həm də çin dilinin dərinliklərini və dialktlərini öyrənə bilmiş, təhsilini də dünyada ən çətin dil sayılan çin dilində almışdır. Ümumiyyətlə o,dörddən artıq xarici dil bilirdi. Sadiq Həsənov ömrünün son 8 ilini Çinin müxtəlif şəhərlərində yaşayıb təhsil almışdı.Azərbaycan səfirliyinin Pekində və başqa şəhərlərdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Onun təhsil aldığı universitetlin elm, idman, sosial həyatında fəal iştirakı, təhsil uğurları ilə yanaşı ictimai fəallığı ilə seçilməsi bu gəncin başqa bir potensial imkanlarından xəbər verirdi.
Sadiq Həsənov idman bir neçə sahəsi ilə yanaşı, eyni zamanda body-fitnesslə ilə də məşğul olub yarışlarda çıxış etmişdi. Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olub, dəfələrlə birincilik qazanmışdı. Daha sonra Pekində keçirilən “Beijing Students Fitness Model contest” yarışmasının qalibi olub və “Ən istedadlı yarışçı” adına layiq görülmüşdü.
Sadiq Həsənov professional idmançı kimi Çin Xalq Respublikasında rəsmi kanalların kino çəkilişlərinə də dəvət almışdı. Sonralar onun bu sahədə də istedadı üzə çıxmış, onlarla filmlərə çəkilmişdir. O filmləri də üç dildə (çin, ingilis və rus) özü səsləndirmişdir.
Sadıq Həsənov Çinin Dövlət TV kanallarına və filmlərinə dəvət alıb çəkillən ilk azərbaycanlı gənc aktyor olmuşdur.
Sadıq Həsənov ömrünün son aylarında qəfil xəstələnib Pekin şəhərində müalicə olunsa da, ailəsinin xahişi və dövlətimizin dəstəyi ilə Azərbaycana gətirilmiş, 2021-ci ilin 18 sentybrında 36 yaşında həyatını dəyişmişdir.
Sadiq Hasnov artıq aramızda yoxdur. 35 illik ömrünün son 10 ilini vətəndən uzaqda yaşadı. Bu illərdə o çox ugurlar qazandı. Doktorantura təhsili (bitirməsinə bir neçə ay qalmışdı), idmanda böyük miqyasda ugurlar, Çin kinomatoqrfiysında aktyorluq və s. Onun ugurlarından biri də həyatda qazandığı səmimi dostlar idi. sosial şəbəkələrdə, Fasebook səhifəsindəki status və şərhlərdən bu aydın göründü. Onun vaxtsız ölümündən sarsılan yaxın-doğmaları, müxtəlif illərdəki və şəhərlərdəki tələbə yoldaşları, həmkarları, dostları öz düşüncələrini bu cür ifadə etmişdir:
“Bu cür igid, gənc və sevilən qardaşımızın ölüm xəbəri çox sarsıtdı. Ölməli deyildin qardaş. Sən hələ daha böyük uğurlara imza atacaqdın. Bilmirəm nə yazım, nə deyim ki, ürəyim sakitləşsin.” (Elçin Cananov).
“Sadiq Həsənov Allah səni rəhmət etsin, yaxşı dost, gözəl insan, mərd Azərbaycan oğlu!!!” (Saleh Seyfullayev)
Tələbəlik illərindən tanıdığımız əziz insan. Çində təhsilini davam etdirdiyin dövrdə qazandığın uğurlar, ölkəmizi layiqincə təmsil etməyin hamımıza qürur verirdi. Təəssüf ki söz versən də səninlə birlikdə çəkildiyin filmləri izləyə bilmədik. Məkanın cənnət olsun.” (Pərviz Ağasıyev)
“Gözəl, dürüst, məsuliyyətli insan. Əziz dostum şübhəsiz ki, səninlə bu gün səmalar böyük şəxsiyyət qazandı və yer üzü iə xoşbəxtlik saçan parlaq işığı itirdi. Səmamız bu gün elit bir idmançını qəbul etdi.” (Laura Palma Perero)
“Göz yaşlarımı saxlaya bilmirəm, buna inanmaq çətindir. Əlvida, dostum. Başqa bir dünyada görüşərik. Rahat yat, qardaşım.”( Thanh-Tung Nguyen)
“Ömrünün son illərini Çində Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa, himnini səsləndirməyə, özü ilə bərabər xalqını tanıtmağa həsr etmiş Sadiq Hesenov-u qara torpaqla baş-başa buraxdıq. Həmin Sadiqi ki, böyük döyüşlərdə onu məğlub etməkçün hazır olan insanların pəncəsindən qalib çıxmışdı. Biz bugün Sadiqi itirməklə uşaqlığımızın, gəncliyimizin bir hissəsini itirdik.”(Cavadli Seymur)
Qısa ömrünü oxuyub öyrənməyə, təkmilləşməyə, son 10 ilini qürbətdə təhsilə, Vətəninin adını ucaltmağa sərf edən Sadiq Həsənov. Çəkdiyi əziyyətlərin bəhrəsini görməyə tələsirdn, daha böyük uğurlara can atırdı. Belə vaxtsız getməli deyildin, axı… Az yaşasa da, çox mənalı, parlaq və şərəfli ömür yaşadı. Qarşına nə məqsəd qoydusa ona bütün varlığıyla çatmağa çalışdı.
Sən yüzlərlə gənclərə bir örnək oldun, Sadiq, səni sevənlərin qəlbində daim yaşar qalacaqsan!
Pərvanə Məmmədli
|