Azad Qaradərəli -  Zəngəzur ağacları

25.10.21

            Hekayə

            Bakının Böyükşor gölü  yaxınlığındakı saqqız ağacına sayqı ilə

 

          Ağac ki var, bu dünyanın özüdü. Hər yox olan ağacla dünya bir az da daralır. Dardı onsuz da.
            Mənim kölgəm bir ev misalıdır. Amma sərhədsiz, divarsız ev. Burda insan da dincələr, quş da yuva qurar, itlər də uzanıb ləhləyər, gecələr tülkü-çaqqal da dibimdə gecələyər.
            Mənim dibimdə kitab da oxuyublar. Bir dəfə bir oğlan kölgəmdə uzanıb oxudu və birdən kitaba baxıb-baxıb qayıtdı:”Bir çayı eyni yerdən iki dəfə keçmək olmaz.”
            Bu cümlə qaldı qulağımda. Amma bu şəkildə:”Bir ağaca bir torpaqda iki dəfə bitmək olmaz...”
            Amma olarmış...
            Hətta üç dəfə!
            Bu nə deməkidir?
            Hövsələniz olsun, bir azdan hamısını biləcəksiniz...
            Mən dünyanən ən binəsib ağacıyam. Oduncağım sərt, meyvəm hər kəsin tamah salmadığı, adım da ki latayır. “Nə qırsaqqız olub yapışmısan mənə?!” kəlməsi bəsdi ki, başımdan keçənlərin məni nə hala saldığına tanıq olasınız.
            Mən dağlar ağacıyam. O uca-uca dağların gədiklərində, bir az aşağıya doğru  yastanlarda bitərəm. Zəmi yerlərində qalın kölgəmdə biçinçilər halay çəkib oturar, istinin başlarında qaladığı odu sərin dibimdə söndürərdilər. Onların xırda-mırda uşaqları da gövdəmdən axan göz yaşı kimi sıvıq* mayenin quruyub ağarmasını, günlər keçdikcə bərkiyib saqqıza dönməsini həsrətlə gözləyər, sonra tutub kibrit qutularına yığar, ordan da ağızlarına qoyub bir ləzzətlə çeynəyərdilər ki...
            Tutub dedim ha... Bunu elə-belə demədim ki. Saqqız tutmaq bir peşə kimidi, lələ. Quş tutmaq,  balıq tutmaq... kimi. Mənim saqqızımı hər adam tuta bilməz. Ağappaq, bal qoxuyan dağ saqqızının yerin bələdləmək var, saqqızın “ağlaması”nı gözləmək var... Hə, mən kefimin gələn vaxtı, gecənin birində “ağlayaram”. O “göz yaşlarım” get-gedə quruyar və ağarar. Ağardıqca saqqıza dönər...
            Saqqız tutmaq, beləcə uzun bir iş olar. Bunu bacarmayanlarsa gedib evlərin damına tökülən o qara qırsaqqızdan bir barmaq qopardar, salar ağzına şaqqıldadar, dişləri də qaralar, günü də...
            Amma ən qorxulusu o qara saqqız deyil.
            Qorxulusu İranın saqqız fabriklərində gecə-gündüz hansı süni maddələrdənsə bişirilən və konfet kağızına oxşar rəngli kağızlara bükülən saqqızlardır. Bizimkilər düz otuz ildir o saqqızları daşıyıb gətirir, burda satır, bizim uşaq-böyük də onu ağzına salıb gövşəyir, çiynəyir, hələ şar kimi püfləyib partapart partıldadırlar da...
            ...Mənim gövdəmdən tutulan saqqızın bihişedici ətri vardı, yahu...
            ...Bura Bakının Böyükşor gölünün ətrafındakı bağ-bağatdır. Vaxtilə burada bir qəsəbə vardı və elə gölün adıynan Böyükşor adlanardı. Gün gəldi, burada bir stadion tikdilər, qəsəbə də plana düşdü; sökhasök başlandı. Evləri buldozerlərin ağzına vermişdilər ki, bir ağıllı adam bu evlərin həyət-bacalarındakı bağ-bağatı, yaşıllığı, göz oxşayan bağ-başçanı görüb əmr elədi:
            -Söküntünü elə aparın ki, bağ-bağat ziyan görməsin. Yaşıllığa, xüsusən bu ağaclara toxunmayın!..
            Evlər söküldü, amma bu ağaclar, içi mən qarışıq qaldıq...
            Mən bura hardan gəlib düşmüşəm, bilirsiniz?
            Eeeeeee... Uzun hekayə...

                                                           ***

            Mən Göyçə gölünün yanındakı Göyçə mahalında,  Aşağı Şorca kəndindəki zəmi yerində qoşa saqqız ağacının dibindən şiv kimi çıxmışdım. Qarışıqlıq düşən ili Hidayət kişi ev-eşiyini Azərbaycanla sərhəd kənddə yaşayan əmisi oğlunun göndərdiyi özüboşaldan ZİL maşına yükləyəndə həyətindən bir tut şitili də çıxardıb maşının banına atdı. Erməni saqqallıları iki saat vaxt vermişdi deyin, kişi ailəsini də maşına yığıb sürdü və  Orta yoldakı qaçqın karvanına yetişmək üçün sürəti artırdı. Amma mal yatağının üstündəki zəmi yerinə çatanda maşını saxladı, qaçıb zəmi yerinin ortasında iri saqqız ağacının gövdəsindən çıxmış şivi, yəni məni dartdı, dartdı, əlini şiv kəssə də, axır ki, dibindən çıxartdı, gətirib o tut şitilinin yanına qoydu...
            Hüseynbəy çəməninin yanından ötürdülər ki, Hidayət kişinin arvadı geri qanrıldı, illərin əzabıynan saldıqları bağ-bağata baxdı, gözündən yaş axıb yanaqlarına, ordan da sinəsinə töküldü və elə bil o göz yaşları söz-söz dirildi, kəlmə-kəlmə gərildi, qadın bir bayatı çəkdi, göydə quşlar qanad saxladı:

            Söz qaldı el gələnə,
             Çırmandı sel gələnə,
             Gözəl bir bağ salmışdım.
             El gələ kölgələnə...

            Girdə meşənin yanından ötəndə Hidayət kişi maşını yenə saxladı, enib taladakı biçənəyinin otuluğuna sərildi, iylədi, qoxladı, sonra qalxıb bir az aralıdakı tək vən ağacına sarıldı, bir sevgili kimi oxşadı və qəfil gözü vənin dibindən pöhrələmiş şivlərə sataşdı. Əl atıb birini dartdı, güc verdi, axır ki, çıxardıb gətirdi, qoydu o biri şitillərin yanına. Sonra biçənəkdən bir az aşağı enib böyürtkən kolunun yanında ötən il calaq elədiyi cavan armud şitilinin dibini əlləri ilə oydu, sonra bir ağac tapıb onunla eşdi, eşdi, quzulamış torpağı əlinin kəfəsilə qırağa tökdü, barmaq yoğunluğundakı şitili darttıb çıxartdı, calağının artıq tutduğunu, sürüb uzandığını görüb, sevindi və onu da gətirib şitillərin yanına qoydu...

                                                           ***

            Köhnə ZİL maşınını Bakının hansısa bir gölünün kənarıyla sürəndə gölün yanındakı kiçik qəsəbəyə baxıb, bu şəhərdə ali məktəbdə oxuyan oğlundan soruşdu:
            -Buranın adı nədi, a bala?
            -Böyük Şordu dədə... Göl böyük Şordu, pasolkada eləcənə Böyüy Şor pasolkasıdı...
            -Nə?! Böyüy Şor?! Dayan əəəəə..!
           Elə o dayan, bu dayan. Kişi maşını sürdü gölün qırağına. Dedi, öldürün, burdan o yana getmərəm. Oğlu dedi, ay dədə, bizim institutun yataqxanasında iki otaq tutmuşam, qoy gedək ora. Kişi dedi, yox ki, yox. Elə burda düşəsiyik...
            Qəsəbənin ayağından bir qoca çıxdı, ailənin qaçqın-köçkün olduğunu görüb dedi:
            -Güzarınız hardandı?..
            Hidayət kişi papirosunu yandırıb dedi:
            -Zəngəzurruyux, Göyçəliyiy, ağrın alem. Aşağı Şorcadanıx... Gədə dedi, bura da Şorcadı... Böyük Şordu, dedim maa elə Şorca adı bəsdi. Burda yurd salacam... Beş-on manıt yamangünnüyümüz də var... Bir az torpax verən olsa, özüm bajarıram, bircə otax qaralaram, yığışarıx içinə...
            Kişi dedi:
            -Bəryəl, ay kişi. Mən də Göyçəliyəm... İntəhası 50-lərdə gələnnənəm... Burda saa beş sot yer verəjəm, istroymaterialı-zadı da içində... Tik, qur, yarat... bağ-bağça da sal... Bir daş qoyarsan divar olar, min daş qoyarsan, ev olar...

                                                           ***

            Hidayət kişi o qalan qaldı Böyük Şorda. İki göz ev, qabağından bir böyük eyvan, şüşəbənd, hamam, tualet... Sonra da bağ-bağat... Məni, bax, gördüyünüz bu saqqız ağacını o vaxt, 89-da burda bitirəndi... bax-bax-bax, o da şivərək vən ağacıydı, gör indi nə boydadı, qucağa yerləşməz... Hələ o yuxarıdakı Şorca qızbiləyi – qızbilək armud! Pəh! Dadınnan doymaq olmaz ki... Sən canın, bir o tuta bax! Bir qanadı ağ tutdu, o biri qanadı xar tut! Pəh!..
          Ev də uçuruldu, şüşəbənd də, hamam-tualet də. Əmbə biz, Aşağı Şorcadan Böyük Şora gələn ağaclar qaldıq burda. İnşallah əbədi qalarıq... Əmbə dedim...
         ...Eeeee... Nəvlim, ağrın alem, mənim ağac olmağıma baxma, mən üzü bərk ağacam. O Hidayət kişinin törəmələriynən ordan-ora, burdan-bura gəzib mənim də nəslim-köküm. Hara gedibsə, bizi də özləriynən aparıblar. Şivimiz ağac olub, yaşıllaşmışıq, artmışıq...
            Bax o vən ağacı ki var, hamımızdan boylu-postludu. Biz görmədiyimizi o görə bilir. O irəli eşidib ki, bizimkilər, yəni o Hidayət kişinin nəsli-nəcabəti sözü bir yerə qoyub, gedib o əsli-nəsli olmayan tayfanın üstünə, düz 44 gün cəng-cidal eləyib, Qarabağı qaytarıb... Biz ağaclar da o xəbəri eşidib burda bir ünnəşdik, yarpaqlarımızı bir-birinə çırpdıq, çalıb-oynadıq. Hələm bir söz də eşitmişdi, deyirmişlər ki, sırada Zəngəzur var!.. Zəngəzur varsa, Şorca var, lələ...
            Düzdü, burda da bizə xoşdu, bura da Şordu, hələ Böyük Şordu, əmbə... Şorca ayrı şeydi...
            O söhbəti eşidəndən cucuxlamışıq, şivləmişik.
             O gün görürəm ki, iki əsgər dibimizə gəldi, biri şivlərdən bir-ikisin şəkdi, çıxardı... Yanındakına  nə desə yaxşıdı? “Aşağı Şorcaya aparajam bunları. Babama söz vermişəm. Orda əkəjəm...”
            Baxdım ki, Hidayət kişinin özüdü ki var! Yəqin, nəvəsidi...
            Hər gedişin bir dönüşü də var deyiblər.
            Dönəlgəmiz dönmüşdü, indi gəlhagəlimizdi.
            O gethagedin bir gəlhagəli də olmalıydı. Oldu belə...
          

                                                                                                            04.07.2021.

 

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.