“Hakimə açılan atəş” romanı çapa hazırlanan Kənan Hacı deyir ki, xarakter güclü olanda mövzunun ağırlığı adamı qorxudurYazıçı Kənan Hacının “Hakimə açılan atəş” romanı “Qanun” nəşriyyatında çapa hazırlanır. Roman uzun illər ədliyyə sistemində çalışmış, Cəbrayıl və Zərdab rayon məhkəmələrinin sədri olmuş, Birinci Qarabağ savaşında şəhid olmuş Məhərrəm Məmmədovun ömür yolundan bəhs edir. Əsərdə həmçinin Azərbaycanın müstəqillik qazandığı dönəmdə yaşanılan hadisələr geniş təsvir olunur.
Reyting.az xəbər verir ki, Kənan Hacı “Hakimə açılan atəş” romanını səkkiz aya yazıb.
- Kənan bəy, siz müasir ədəbi nəslin öndə gedən isimlərindənsiniz. Daim sizi yazıb-yaradan görürük. Roman, hekayə, şeir, esse, ssenari... Bu məhsuldarlığın mənbəyi nədir? Hardan alırsınız bu enerjini?- Sözün açığı, son zamanlar bir az ədəbi mühitdən kənara çəkilmişəm. Hiss etdim ki, ruhi dincliyə ehtiyacım var. Pandemik situasiya hamımızı çaşbaş vəziyyətdə qoydu, bu sıxılmış zaman içərisində ruhi müvazinəti qoruyub saxlamaq çox çətindir. Bununla bağlı bir hekayə də yazmışam. “Buzlu şüşə dövrünün qorxusu” adlanır, mətbuatda çap olunub. Amma qısa müddətdə özümü büsbütün yaradıcılığa kökləyə bildim.
Yazmaq məni nisbətən xilas etdi. Mən yazmayanda içimdə bir boşluq yaranır, boğuluram. Mənə elə gəlir ki, yazmadığım günlər boşuna gedir, adam özünü heç kimə lazım olmayan varlıq kimi hiss edir. Bu beyin gimnastikası ruhu da qocalmağa qoymur. Mənim yazmaqdan başqa çarəm yoxdur.
- Dediniz ki, pandemiya dövründə bir hekayə yazdınız. Bəs hal-hazırda nəsə yazırsınızmı?- Bir deyil, bir neçə hekayə, üç povest yazmışam. “Timsah olmasaydı...” povesti melodramatik mövzudadır. Orda Qarabağ savaşından yaralı qayıtmış bir qazidən bəhs edilir. “Buynuz qəziyyəsi” povesti bu yaxınlarda “Yazı” dərgisində çap olundu. Nizami Gəncəvinin “İsgəndərnamə”si əsasında yazmışam. Bu da Nizami ilinə bir töhfəmiz olsun. “Pirosmaninin qonağı” povestim var, onu da jurnala təqdim etmişəm. Klassik şair Haşım bəy Saqibin itmiş əlyazması haqqındadır. Bundan başqa iki roman var. Onlar hələ çap olunmayıb. Mövzunu deməyim, sirr olaraq qalsın. Bir də “Hakimə açılan atəş” romanını yazıb bitirdim. Bu günlərdə “Qanun” nəşriyyatında çap olunacaq.
- Sirr deyilsə, bu roman nədən bəhs edir?- Bu əsər ədalətli hakim haqqındadır. Uzun illər Cəbrayıl Rayon Məhkəməsinin, Zərdab Rayon Məhkəməsinin sədri olmuş Məhərrəm Məmmədovun həyat yolundan bəhs edir. Bu insanın həyat yolunu araşdırdıqca heyrətamiz faktlarla rastlaşdım. Açıq deyəcəm, mən məhkəmə sistemində belə bir hakimin olduğunu təsəvvürümə belə gətirə bilməzdim. Onu tanıyan, onunla birlikdə çalışmış insanlarla, tələbə dostlarıyla görüşdüm. İnanın, hamısı eyni sözü dilə gətirdi: “Məhərrəm müəllim əsl xalq adamı idi, haqq-ədalət uğrunda sonacan savaşan adam idi”.
Bu insan Birinci Qarabağ savaşında daim döyüş bölgəsində, əsgərlərin yanında olmuş, düşmənə qarşı döyüşmüşdü. O, hakim idi, rahat, isti kabinetində oturub birbaşa vəzifəsiylə məşğul ola bilərdi, olurdu da. Amma o ağır günlərdə məmurluqdan əlavə bir vətəndaş mövqeyi sərgiləmək, əsgərlərlə birlikdə səngərlərdə olmaq, onlara maddi və mənəvi dayaq olmaq üçün insanın ürəyində sonsuz, ilahi bir eşq olmalıdır. Vətən eşqi! Prinspial, qətiyyətli hakim olub, onu heç nəylə qərarından döndərmək mümkün deyildi. Şəhadətə yetdiyi gündən 30 ilə yaxın vaxt keçir. Bu gün də Zərdab camaatı onu minnətdar duyğularla xatırlayır. Onun haqqında xatirələr danışan adamların gözlərində dərin bir təəssüf hissi gördüm. Hələ də bu itgiylə barışa bilmirlər. Bir hakimin xalq tərəfindən bu qədər sevildiyini ilk dəfə idi ki, görürdüm. Həmişə haqqın, ədalətin yanında olmuşdu. O, 1993-cü ildə Kültəpə deyilən yerdə şəhid oldu. Mən onun şəhid olduğu yeri gedib görmüşəm. Amma düşünürəm ki, ölüm onun həyatının ən asan məqamı idi. Ən çətini yaşamaq və ədalətli hakim kimi, yurdunu, elini, obasını təmənnasız bir sevgiylə sevən yanar ürəkli bir vətəndaş kimi xalqın yaddaşında iz buraxmaqdır. Ölmək asandır, amma ölümün gözünə dik baxmaq insandan hünər istəyir. Hər insan bu mənəvi mərtəbəyə yüksələ bilmir.
- Əsər üzərində iş nə qədər çəkdi?- Bu romanı səkkiz aya yazdım. Əsər də elə səkkiz fəsildən ibarətdir. Əvvəlcə düşünürdüm ki, mən bu əsərin formasını tapmalıyam. Həqiqətə sadiq qalmaqla şəxsiyyətin həyatına bədii don biçmək çox çətindir. İllah da belə güclü xarakterə malik bir insan haqqında yazırsansa, ikiqat çətindir. Xarakter güclü olanda mövzunun ağırlığı adamı qorxudur. Doğrudan da çox ağır mövzudur. Düşünürsən ki, öhdəsindən gələ biləcəksənmi? Bu narahatlıq sona qədər məni tərk etmədi. Yazıb bitirəndən sonra həyat yoldaşım oxudu. Onun fikri mənim üçün çox vacib idi. Çünki o, dilçidir, ədəbiyyatşünasdır. Oxuyub mənə dedi ki, əsərin bu qədər mükəmməl alınacağını gözləmirdim. Bu sözdən sonra ürəkləndim.
Sözsüz, bədii əsər təxəyyülün məhsuludur, amma mən çalışdım ki, mümkün qədər həqiqətə daha yaxın olum. Onun xarakterini rəngsiz-boyasız təsvir etmişəm. Gerçək hadisələri ümumiləşdirib bədii həllini verməyə çalışmışam. Ədəbi mətndə önəmli olan xarakter və hadisə arasındakı əlaqədir. Yəni hadisə xarakterin açılmasına xidmət etməlidir. Çalışmışam ki, bu balansı qoruyub saxlayım. Bilirsiniz, mən mətni qulağa xoş gələn bir musiqi əsəri kimi yazmağı xoşlayıram. Cümlələrin estetikası üzərinə çox fokuslanıram, mətnin həzzini yaşaya-yaşaya yazıram.Təbii ki, fabula yaddan çıxmamalıdır. Düşünürəm ki, əsər uğurlu alınıb. Umberto Eko yazır ki, kitablar inandırmaq üçün deyil, düşündürmək üçün yazılır. Məqsəd kimisə nəyəsə inandırmaq deyil, düşündürməkdir. Böyük adamların duyğuları da böyük olur, sevinci də, kədəri də. Belə bir insan üzərində empati quraraq onun düşüncələrini, duyğularını qələmə almaq olduqca çətin idi. Bu, ədəbiyyatın həm gücü, həm də ən təhlükəli yönüdür. Başqa bir insanın zehninə nüfuz etmək, onun düşüncələrini diriltmək o qədər də asan bir iş deyil. Çalışmışam ki, bunun öhdəsindən gəlim.
- Kitabı nə vaxt oxuya biləcəyik?- Yəqin ki, yaxın günlərdə çapdan çıxacaq. Bu romanın geniş rezonans doğuracağına şübhəm yoxdur.
- İnşallah! Gözləyəcəyik.- Təşəkkür edirəm!