Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Türkiyənin Kahramanmaraş şəhərində II Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı keçirilir. Beş gün davam edəcək festival oktyabrın 18-də başlayıb. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilmiş Şeir və Ədəbiyyat Festivalına 15 ölkədən tanınmış şairlər dəvət edilib. Azərbaycanı bu Festivalda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) sədri Xəyal Rza təmsil edir.
Bu barədə festifalın iştirakçısı Xəyal Rza məlumat verib.
Bildirib ki, Türkiyə də daxil 100-ə yaxın şairin qatıldığı festivalın açılış mərasimi Mehmet Akif Ersoy Kültür Mərkəzində təşkil edilib. Açılış mərasimində dövlət məmurları, tələbə və şagirdlər iştirak ediblər. Şəhidlərin xatirəsinə sayqı duruşundan və dövlət himnindən sonra Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın festival iştirakçılarına salamlama və təbrik məktubu səsləndirilib. “Çünki söz sağaldır” söyləyən Türkiyə Prezidentinin bu fikri festivalın sloqanı seçilib. Tədbirdə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör də çıxış edib. Sonra festival çərçivəsində elan edilimiş müsabiqədə müxtəlif nominasiyalar üzrə qalib gəlmiş tələbə və şagirdlərə mükafatlar təqdim edilib.
Festivalın ikinci günü şeir gecəsində ilk söz Xəyal Rzaya verilib. Yerli televiziya kanalında canlı yayımlanan gecədə tanınmış şair 30 illik Qarabağ həsrətindən, 44 günlük Vətən müharibəsindən, şanlı Zəfərimizdən və bu zəfərdə Türkiyə xalqının, Türkiyə dövlətinin mənəvi dəstəyindən söz açıb. Şuşa, Vaqif Poeziya Günləri, onun tarixi haqqında məlumat verən Xəyal Rza orada səsləndirdiyi “Evsiz qapı” şeirini oxuyub.
Festivalın üçüncü günündə müxtəlif təhsil ocaqlarında şairlərə görüş təşkil edilib. Xəyal Rza tələbələr üçün şeirlərini səsləndirib və imzalı kitablarını hədiyə edib.
Qeyd edək ki, festival çərçivəsində universitetlər və məktəblərdə tədbirlər davam edəcək. Oktyabrın 22-də festivalın təntənəli bağlanış mərasimi təşkil ediləcək. /Azərtac/
|