Bakıda VI “Animafilm” festivalı keçiriləcək
01.09.21
Azərbaycan Kinematoqrafçılar İttifaqında Bakıda keçiriləcək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
Mətbuat konfransında çıxış edən festivalın direktoru Rəşid Ağamalıyev sentyabrın 3-7-də keçiriləcək “Animafilm”də uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərinin nümayiş etdiriləcəyini bildirib. Qeyd edib ki, builki festivalın mövzusu “Əllilik” olacaq.
Festival çərçivəsində keçiriləcək müsabiqədə 40 ölkədən 134 əsər iştirak edəcək. Müsabiqədə iştirakçılar 12 yerli və xarici kateqoriya üzrə mükafat uğrunda mübarizə aparacaqlar. Eyni zamanda, festivalda müsabiqədənkənar proqramlar da nəzərdə tutulub. Festivalda iştirak ödənişlidir, əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
Təqdim olunan filmlər orijinal dildə, bəzi filmlər isə Azərbaycan və ingilis dillərində alt yazılarla Azərbaycan Kinematoqrafçılar İttifaqında və “Salaam Cinema”da nümayiş etdiriləcək.
Digər çıxış edənlər də animasiya festivalının əhəmiyyətindən danışıblar. Məlumat verilib ki, builki festivalda “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi”, eyni zamanda, beynəlxalq müsabiqədə iştirak etmək üçün “Ən yaxşı tammetrajlı animasiya filmi - Grand Prix”, “Ən yaxşı qısametrajlı animasiya filmi - Grand Prix”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari - Grand Prix” və digər kateqoriyalar üzrə qaliblər seçiləcək.
Müsabiqədə uşaqlar münsiflər heyətində təmsil olunur. Festivalda, eləcə də “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya film” kateqoriyası üzrə mükafat da təqdim ediləcək. Mükafatın qalibi 2022-ci ildə Fransada keçiriləcək “Annecy” festivalına səyahət və “MIFA” adlı peşəkar akkreditasiya əldə edəcək.
Festivalın təşkilatçıları göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, “YARAT” Müasir İncəsənət Mərkəzinə, Kreativ Azərbaycan portalına, Fransanın və Çexiyanın ölkəmizdəki səfirliklərinə və digər təşkilatlara minnətdarlıqlarını çatdırıblar. Festivalın pandemiya şəraiti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında təşkil olunması planlaşdırılır.
Konfransın sonunda autizim xəstəliyindən əziyyət çəkən gəncin həyat və sevgisindən bəhs edən animasiya filmi nümayiş olunub.
|