Tarix İnstitutu Zəngəzurun tarixinə dair yeni kitab hazırlayıb
31.08.21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın tarixi-etnik torpaqları olan Zəngəzura dair məqsədyönlü siyasət aparır. Bu siyasətdə Zəngəzur dəhlizinin açılması ilə birgə, Şərqi Zəngəzur adlı yeni iqtisadi rayon yaradılması mühüm yer tutur. Prezident 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağını uclatdıqdan sonrakı çıxışında bu iki mühüm məsələnin bir-birilə əlaqəsinə diqqəti cəlb edərək qeyd etmişdir ki, (Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu təbiidir.( Bütün bunlar Zəngəzurun tarixinə marağı da artırmışdır.
Bunu nəzərə alan AMEA Tarix institutu Zəngəzurun tarixinə dair bir sıra mühüm nəşrlər hazırlayır. Artıq Tarix institutu Elmi Şurasının qərarına uyğun olaraq Zəngəzur tarixinə dair unikal mənbə, Zəngəzur mahalının 1832-1833-cü illərə dair kameral təsviri işıq üzü görmüşdür. Kameral təsvir Rusiya imperiyası tərəfindən iqtisadi-fiskal məqsədlə aparılan əhali qeydiyyatının bir forması idi. Buna baxmayaraq, bu mənbə orada yaşayan əhalinin nəsli şəcərəsinin bərpası, yer adları və digər məsələlər haqqında da məlumat verir. Bir sözlə tarixin bərpasında ciddi rola malikdir. 1832-1833-cü illərə aid kameral təsvir Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasını, ermənilərin köçürülməsi nəticəsində əhalinin etno-demoqrafik tərkibində baş verən dəyişiklikləri də izləməyə imkan verir.
Kitaba Tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov ön söz yazmışdır. Kitabı nəşrə fəlsəfə doktoru Nazir Əhmədli hazırlamışdır.
Yaxın vaxtlarda Zəngəzur tarixinə dair yeni nəşrlər də işıq üzü görəcəkdir.
|