Qarabağın Eneolit və Tunc dövrü arxeoloji abidələri haqqında monoqrafiya nəşr edilib
19.08.21
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının professoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, arxeoloq Hidayət Cəfərovun “Qarabağın Eneolit və Tunc dövrü arxeoloji abidələri (1987-ci ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının Ağdam və Ağcabədi rayonlarında apardığı çöl tədqiqatları əsasında)” adlı elmi monoqrafiyası nəşr edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, monoqrafiyada 1987-ci ildə, erməni işğalları ərəfəsində Hidayət Cəfərovun rəhbərliyi altında Qarabağın Ağdam və Ağcabədi rayonlarında aparılmış arxeoloji çöl-tədqiqat işlərinin nəticələri əks olunub. O zaman çöl-tədqiqat işlərinin əsas məqsədi Eneolit dövründən orta əsrlərə qədər xronologiyanı ehtiva edən arxeoloji abidələrin koordinatlarının araşdırılması və tərtibi idi.
Əsərdə 1987-ci ildə Ağdam rayonu ərazisində qeydə alınmış abidələr barədə məlumat verilib. Həmçinin Ağcabədi rayonu üzrə abidələrin qeydiyyatı öz əksini tapıb.
Abidələrin ərazisindən tapılmış müxtəlif dövrlərə aid səthi materialların (əsasən keramik materiallar, onların fraqmentləri və maddi mədəniyyət nümunələrinin) təsvirləri də hesabatlarda əks olunub. Monoqrafiyada 1987-ci ildə aparılmış tədqiqatlar zamanı Ağdam rayonu üzrə 90 və Ağcabədi rayonu üzrə 60 abidənin yerləşməsi və tarixi haqqında cədvəllər, abidələrin və tapıntıların fotoşəkilləri də yer alıb.
Əsər işğaldan azad edilmiş ərazilərdə Eneolit, Tunc, Antik dövrlərə, orta əsrlərin müxtəlif mərhələlərinə aid abidələrin yerinin, müasir durumunun müəyyən edilməsi, aidiyyəti dövlət orqanları tərəfindən elektron xəritələşməyə cəlb edilməsi istiqamətində ciddi əhəmiyyətə malikdir.
Nəşrin elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Seyidov, elmi rəyçiləri tarix elmləri doktoru Tufan Axundov və tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyevdir. Monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının protokoluna əsasən çapa məsləhət görülüb. Əsər arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
|