IV “Animafilm” festivalının proqramı açıqlanıb
17.08.21
“Peri Film” MMC şirkətinin təşkilatçılığı ilə sentyabrın 3-dən 7-dək Bakıda canlı formada IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “Əlillik” adlanır.
“Animafilm” festivalı boyunca tamaşaçılar həyəcanlı bir müsabiqəyə şahidlik edəcək. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar. Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir. Festival zamanı Polşa, Özbəkistan, Fransa filmləri və animasiya vorkşopları nümayiş olunacaq. Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri https://hadigro.com/en/activities/3305b1f/animafilm-festivali-4-cu-animafilm-beynelxalq-animasiya-festivali linkininə daxil olaraq əldə etmək olar. Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
Əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək. Öncədən qeydiyyatdan keçmək vacibdir. Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.
Müsabiqə proqramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə, bəzi xarici filmlər isə azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.
Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.
Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir. /Azərtac/
|