Səma Muğanna - Gözlərim sənə əmanət...
11.08.21
Avanqard.net Xalq yazıçısı İsa Muğananın nəvəsi Səma Muğannanın poetik düşüncələrini təqdim edir.
Gözlərim sənə əmanət...
Bax xatirə imiş bu məktub da... Bu məktub sənin deyil, ruhuna, qəlbinə əmanət etdiyim yaralarım, uşaqlığım, röyalarımdır. Sən sevdin, mənsə... Mənsə yenə uşaqcasına güldüm. Sən gizlicə sevdin, mənsə... Mənsə əmanətimi qorudum. Bu bir əmanət olan sevgidir. Bu çox uzun yoldur, əzizim. Gözlərinin dərinliyində gizlətdiyin sevgi qatarın bir gün əlbət gələcək. O ağacdan asılmış kiçik şəkil budaqlarını büzüb ağlamayacaq, çünki onlar mənə əmanət... Unutmadım. Hər şey mənə əmanətdir, hətta mənə söyləmədiyin gizli sevgin belə... Səndən tək xahişim: vurulduğun yaranın üstünü gözlərimlə ört. O yara alova bənzəyir. Eynən sənin sevginin alovlanıb, əllərində yumruqladığın həsrətə bürünmüş sevdan kimi... Sən bədənindən deyil, qəlbindən vuruldun. Sən o tarixdə, o gün vuruldun... Gözlərimi gizlət, başqa heç nə etmə... O gözlər sənə əmanət...
Bu bizim sevdamız...
Səni tanıyana qədər qaranlığı heç sevməmişdim. Sən öyrətdin bunu mənə, çünki hər zaman susqun və zülmət dolu küçələrdə sənin ayaq izlərini izlədim. Nəfəsin üstümdə olmasa da, içimdə hiss etdim. Əllərini tutmadım, sadəcə rəsmini çəkdim. Gözlərini diqqətlə izləyə bilmədim, əvəzində dənizi seyr etdim. Ola bilər yanımda deyilsən, lakin o gedən də sən deyilsən. Sən mənim içimdəsən. Yenə həmişəki kimi qəhqəhə çəkib gülürsən, bəzən də duyğulanıb ağlayırsan... Əlində qələm, yanında bir fincan çay, ya da qəhvə ürəyindəkini vərəqlərə köçürürsən... Film izləyirsən, musiqi dinləyirsən, amma bu sən deyilsən. Sən mənim xəyallarımda dolaşan möcüzəmsən... Mən isə bu möcüzənin dəlisi...
Səssizlik...
-Nədən bu qədər səssizsən? -Çünki... Çünki dalğalı dənizin ən dərin qatlarında mənim yolumu gözləyən birisi var. İçi fırtına dolu naməlum şəxs. Ondan dilim lal, gözlərimsə kordur. Sən gəl mənə baxma-söylədi. Qəribədir, simasında gülümsəmə yarandı, lakin birdən nifrət dolu baxışlarla: -Bəlkə də o dənizdə indi məni gözləyir, mən isə o dalğalı fırtınanı tərk etdim. Artıq çox gecdir.
Qızılgülüm...
Düşünə bilməzdim... Bəlkə də bənzəri yoxdur bizim hekayəmizin. Qəlbim ağır silah olmuş, ruhum üsyan etmiş sanki. Mən sənsizliklə necə yaşadım Qızılgülüm? Mən artıq məzarda, bir kəfəndəyəm. Axı mən sənə toxuna bilmirdim. Sənin tikanların imkan vermirdi... Həqiqətmi sənin yaşamağın? Qızılgülüm, artıq peşmanam. Yalvarıram sənə, artıq məzardayam. Sənsizlik məni öldürdü. Danış, yalvarıram,danış. -Adam, mən səni hər zaman sevdim, bunu unutma. Sən o qədər təkəbbürlü, kobud və acımasız idin ki... Səni mən öldürmədim ki. Sən öz əllərinlə özünü asıb, intihar etdin. Hər zaman üsyan edərdin. İçindəki o kin,nifrət, şeytan səni məhv etdi. Düşünə bilməzdin ki, sənin toxuna bilmədiyin Qızıgül bir zaman tək gül deyil, sənin tam qarşındakı o xanım ola bilər. Öz içində boğularaq öldün. Mən də hər zaman səndən gizlətdim sevgimi. Səndən gizlətdim ilk etirafımı və sən getdin. Artıq söyləyəcəyim bir söz qalmadı. -Haqlısan Qızılgülüm. Məni bağışla. Bilirsən necə əzab çəkirəm? Toxuna bilmədiyim əllərin, həsrətlə gözlədiyim ətirli saçların... Bunlar mənim faciəm oldu. Əlvida...
|