Vurnuxma...
Hüceyrə haqqında sadə məqalələrdən tutmuş, elmi kəşflərə qədər çox oxusaq da, sadə mexanizmlə artdığını, başqa sözlə, bölünərək çoxaldığını unutmamalıyıq. İkiləşən, bölünməklə artan, xırda dəyişıklik nəticəsində xərcəngə çevrilən, normal inkişafı gedərsə, nağılvari qocalığa gətirən hüceyrələr bir yerdə dura bilməyən, sabitliyə üsyan edən, daim vurnuxan tərkib hissələrimizdir.
On trilyon hüceyrə, sosial, iqtisadi, mənəvi, ruhi çətinliklə çarpışan, özünü mənfi hallardan kənar tutmağa cəhd edən insanın daxilində gedər-gəlməz yol qət edir və yorulmadan özündə daşıdığı əlamətləri irsi keçirir.
Biz onun xarici siqnallara anında reaksiya verməsi, bikef, yaxud şən olduğu haqda düşünmürük, yadımıza düşmür.
İkiyə bölünməli olduğu halda, dördə bölünür, yaxud ölən hüceyrələr ölmək bilmir, artır, artır, xassəsindən asılı olaraq şişə çevrilir. Nə var ki, hüceyrələr daha cəld vurnuxublar deyə.
Mən həmişə xırdalıqların tərəfini tutmuşam. Münasibətlər də kiçik nüanslarda gizlənir, xəstəliklərdə də. Paxıllıq diqqət çəkməyən balaca olaydan başlayır, qarşısıalınmayan nifrətə çevrilir. Və bu zaman insanın daxilində hüceyrələr ölür, saniyə-saniyə ölən hüceyrələr əsəbin, sevgisizliyin, qeyri- uyğunluğun, öz bacarıqlarını görə bilməməyin ağılsız nəticəsi kimi ortaya çıxır.
Adama qəribə gəlir - nizam nizamsızlığa keçən kimi, ölümcül nəticələr yaranır. Və bu daxildən qaynaqlanır deyə bilərdik. Ama, sinirə təsir edən siqnallar, yəni kənardan gələn, işıq şüalarının hüceyrənin komfort zonasına müdaxiləsi sübut olunmasaydı... Oxuduğumu yaddaşımda saxladığım şəkildə yazım - genetik cəhətdən neyrofibromatoza meyilli siçanları gur işıqlı otaqda saxlayanda, onlarda görmə qlioması yaranır, on iki həftədən sonra isə beyinlərində şiş olur. Onları qaranlıq otağa gətirdikdə isə şiş kiçilməyə və görmə bərba olunmağa başlayır. Əgər işıqlı yerdə saxlanmasaydılar, şış sağalmasa da, böyüməyəcəkdi. Neyroligin zülalı işığın təsiri ilə şiş yaradır.
Qısa müddətdə işığın təsiri ilə hüceyrə bölünməsini alt-üst edən xarici qüvvənin təsiri danılmazdır. Belə olan halda kədər, fiziki zərbə, daimi danlaq, seksual şəraitsizlik olarsa, hüceyrələrin vurnuxmasını və acı nəticələri təsəvvür edirsinizmı?!
Kimsə kimi öldürürsə, ya söyürsə və bunun üçün ciddi səbəb yoxdursa, onda bu davranışın izahını necə veririk?
Səbəblər - ruh, azad iradə, " mən"in təsdiqi, xilasıdırsa, bu artıq səhv düşüncə sayılır. Əsl cavabı isə fiziki və kimyəvi qanunlara, hətta deyərdim ki, mənəvi dəyişikliyə tabe hüceyrələrdə axtarmaq lazımdır. Nə qəribədir - dəyişikliyə tabe olmaq! Beyində genetika ilə bağlı olan proseslərin, real həyatın təzyiqləri ilə biləşməsi, izahı olmayan hüceyrə fəallığının əsas səbəbdir.
Bizə ideoloji nəzəriyyələrlə izah edilən azad iradə cinayət və zorakılıq zamanı mənasız səslənir. Bizi, ölçüsü mikroskopla güclə görünən hüceyrələr, onların daşıdığı genetik kodlar idarə edir. Bu baxımdan da biz azad ola bilmirik. Bu boyda bədən, dünyaya hökm edəcək iddiada olan zəka xırda hüceyrələrin vurnuxması ilə özünü də, ətrafını da xaotik vəziyyətə gətirir.
Azadlıq haqda xülyalar yazıçının, nəzəriyyəçinin uydurmasıdır. Bu fikir içi özüm qarışıq çoxumuza yaxşı təsir etmir. Axı reallıq hər zaman qorxuncdur. Bədənimiz hüceyrələrin ardıcıl biokimyəvi reaksiyaları nəticəsində yaşayırsa, hər zəncirvari reaksiya özündən əvvəlkinin nəticəsi ilə sıx bağlıdırsa, hara getdi bu azadlıq?
Seçdiyimiz geyim, yediyimiz qidaların dadı, münasibət qurduğumuz adamlar, səyahət istəyində olduğumuz yerlər də hüceyrələrimizdə daşıdığımız kodların işidir, onların idarəetməsindədir.
Niyə döyüşçü olmağa qərar verdim, niyə üzməyi sevirəm, niyə sadizmə meyilliyəm, niyə narsist olmuşam, niyə turş meyvələri xoşlamıram? Bu suallara cavab vermək olardı: istəyim budur, bunu seçmişəm, azad iradəmlə etmişəm...
Əslində istəklərimin heç birini seçmirəm, içimdə şiddətli duyğu yaranır, bu beynimdə gedən proseslərin nəticəsidir. Panik atak da bu səbəbdən yaranır. Adam beyninə ani gələn fikirdən həyəcanlanır. O fikir gəlməsəydi, həyəcan da olmayacaqdı. O fikirləri geri çəkmək, təkbaşına bunu etmək olarmı? Olar.. Başlayan kimi. İlk on dəqiqədə. Sonra gec olur və artıq düşüncələr bədəndə duyğu - emosiya halına keçir və sən panik atakın əzabını yaşamalısan. Azad olmamağın daha bir əlaməti budur.
Hətta, hansı siyasi partiyanı seçməyiniz belə azad iradənin nəticəsi deyil. Biokimyəvi proseslərin səni könüllü məcbur etməsi səbəbinə görədir. İstək, arzu və qərarlarımızı beynimizə xüsusi cihazlar qoymaqla öyrənə bilirlərsə, beyindəki neyron aktivliyi bizim azad iradəmizdən əvvəl bizi ələ verir.
Qərardan əvvəl neyron aktivliyi, yəni minlərlə hüceyrələr hərəkətə keçir. Biz bu səbəbdən hisslərin diktə etdiyi kimi davranırıq. Məsələn, biri səni incidirsə, sonradan barışırsa və sən məntiqinlə, ağlınla anlayırsan ki, daha etməz. Ama, onunla daha əvvəlki kimi münasibət qura bilmirsən və hislərinə uyğun davranırsan. Məntiqin düzünü bilsə və səni düzgün istiqamətə dəvət etsə də...
Bu halda da hüceyrələrin fəaliyyəti güclü olan tərəfə - hislərə istiqamətlənib.
Hüceyrələri təkcə bioloji baxımdan deyil, mənəvi, ruhi baxımdan araşdırmaq nəticəsində belə qərara gəlirəm ki, " mən" deyərək həyatımızı zəhrimara döndərən o anlayış yoxdu. Əgər o yoxdursa, deməli azad ola bilərik, bəlkə. "Mənə niyə bunu etdilər, mən niyə pərt oldum, mən niyə ilk addımı atmalıyam, mən niyə uğursuzam, mənim keçmişim niyə kədərlidir?" - bu kimi saysız "mən"lərdən azad olmaq daha sərfəlidir, rahatlığa səbəb olur.
Hüceyrə mövzusuna daxil olmasa da, deyim ki, bu indinin həzzini duymağa böyük kömək olur. Çünki, "mən"imizi böyütməklə, hətta günü-gündən daha çox böyütməklə, "mən" də boğulmaq təhlükəsini gec görürük, ya heç görmürük. Bu səbəbdən insanlar kötük, heykəl, daş kimi obrazlı ifadələrin real daşıyıcıları, yəni özünəyönəlmiş xarakterli olurlar. Bu da, müəyyən mənada hüceyrələrin işidir. İbtidai dövrdən üzü bəri daşıdığı genetik kodların növbəti üzə çıxması kimi...