“Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib
09.07.21
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirildiyini qeyd edib. O diqqətə çatdırıb ki, altmışdan artıq saytın dili ilə bağlı aparılan monitorinqin nəticələrinin əks olduğu hesabatda beş mindən artıq dil faktı aşkarlanıb.
Monitorinq Mərkəzinin analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədovun monitorinqlərin nəticələrinə həsr olunmuş “Saytların dil mənzərəsi” mövzusunda hesabat məruzəsi dinlənilib. O monitorinqin aparılması prinsipləri haqqında məlumat verib. Saytlarda rast gəlinən norma pozuntuları, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə çıxış edənlər saytların dil mənzərəsini əks etdirən hesabatın nəticələrinə münasibət bildirərək, internet resurslarında ana dilinin tətbiqi ilə bağlı yaranan problemlərə toxunub, onların aradan qaldırılmasının həlli yolları barədə fikirlərini bölüşüblər. /Azərtac/
|