Türkiyədə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi keçirilib
25.04.21
24 aprel 2021-ci il tarixində “ELGER” Beynəlxalq Elm-tədris Mərkəzinin təşkilatçılığı ilə Kafkas Universiteti (Türkiyə), Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin Quba filialı, Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Qırğızıstan Təhsil Akademiyası ilə birlikdə türk dünyasının ustad ozan-aşığı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “SCIENCE AND EDUCATION: PRESERVING THE PAST, CREATING THE FUTURE” adlı Beynəlxalq Elmi Simpozium keçirilib.
Zoom proqramı vasitəsilə keçirilən simpozimu Kafkas Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları bölüm başqanı, həmyerlimiz Dos. İlkin Qulusoy açaraq simpozium iştirakçılarını salamladıqdan sonra sözü universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri prof. Hacalı Nəcəfoğluna verdi. Plenar iclasa rəhbərlik edən Prof. H. Nəcəfoğlu Aşıq Ələsgərin şeirlərindən nümunələr gətirməklə simpozium iştirakçılarına uğurlar dilədi.
Davamında Kafkas Universitetinin prorektoru prof. Engin Kılıc danışaraq belə bir simpoziumun Qarsda keçirilməsinin önəmini vurğuladı, bütün tərəfdaş qurumlara və iştirakçılara təşəkkürünü bildirdi.
Sonra Azərbaycan Qars Baş Konsulu Nuri Quliyevə söz verildi. Baş konsul Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini, Kafkas Universitetinin belə bir simpoziuma ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu söylədi, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu böyük minnətdarlıq hissi ilə dilə gətirdi.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin Quba filialının direktoru Dos. Yusif Əliyev, Qırğızıstan Təhsil Akademiyasının prezidenti prof. Nazira Duşeva və vitse-prezidenti Ulanbek Mambetakunov söz alaraq simpoziumun keçirilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə etdilər. 5 fərqli bölmədə işini davam etdirən simpoziumun sonunda iştirakçılara təşəkkürnamə və diplomlar təqdim edildi.
“ELGER” Beynəlxalq Elm-tədris Mərkəzinin Türkiyə təmsilçisi Dos. Ellada Gərayzadə 6 ölkədən 100-dən çox elm adamının müraciət etdiyi simpozium materiallarının Türkiyədə beynəlxalq nəşriyyat tərəfindən dərc ediləcəyini və qısa zamanda iştirakçılara göndəriləcəyini söylədi.
|