Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçirilib
25.04.21
Aprelin 23-də Azərbaycan Nəşriyyatları İctimai Birliyinin (ANİB) Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş toplantısı keçirilib.
Toplantı zamanı Azərbaycan nəşriyyatlarının, ədiblərinin dünyaya inteqrasiyası, kitab bazarının formalaşması istiqamətində ciddi addımlar atmaq üçün Yunus Əmrə İnstitunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Qaraqılınc, “Akdem” Müəlliflik Hüquqları və Tərcümə Agentliyinin qurucusu Məhəmməd Ağıraxça, agentliyin direktoru Əmrə Can Pətək və agentliyin nəşriyyat direktoru Şeyma Əsgər ilə videokonfrans vasitəsilə detallı müzakirələr aparılıb, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün danışıqlar həyata keçirilib.
ANİB-in İdarə Heyətinin sədri, “Hədəf Nəşrləri”nin təsisçisi, dosent Şəmil Sadiq giriş nitqi ilə çıxış edib, gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. S.Qaraqılınc Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrindən söz açıb. Bu sahədəki əməkdaşlığın dərin kökləri olduğunu vurğulayıb.
M.Ağıraxça sözügedən sahədəki təcrübəsini bölüşüb, agentliyin iş prinsipindən, eləcə də dünya praktikasından ətraflı danışıb.
ANİB üzvlərindən “Alatoran Yayınları” və “Parlaq İmzalar” nəşriyyatlarının direktorları Rasim Qaraca, Nurman Tarıq çıxış edərək öz təklif və tövsiyələrini nəzərə çatdırıblar.
Daha sonra birliyin loqosu açıq səsvermə yolu ilə ilə qəbul olunub.
Toplantı müzakirələrlə davam edib.
|