Təranə Vahid - Qasırğa
13.04.21

Hekayə

 

...Kəpənəklər uçur, uçur, uçur... 

Hamı kimi onun hekayəsi də xırda bir uçuşdan başladı. Dünya hava limanına qonar-qonmaz sallaq bığlı bir kişi əyilib qulağına  şəcərəsinin baş tacını – soyadını pıçıldadı: Çalağanov! 

Guya Yer üzündə adlar qurtarmışdı ki, ulu babası dünyanın gözünü töküb züryətinə  belə yönsüz ad qoymuşdu:  Çalağan... Heç sonrakı nəsillər də  Çalağanın qan-qadasından qurtara bilmədilər. Şura hökuməti gələndə Çalağanın arxasına oraq-çəkicli “ov” şəkilçisi yapışdırıb dövriyyəyə buraxdı. Məktəbdə oxuyanda uşaqlar soyadına xeyli şəbədələr qoşdu. Əsgərlikdə ruslar bu soyadı nə deyə, nə də yoza bildi. Ali məktəbdə də bu nadir soyadını rüşvətxor müəllimlərin parolu kimi kodlaşdırdılar. 

Düzdü, soyadından hamıdan çox  özünün zəhləsi gedirdi, amma  bu adda  həm də  bir hikmət, kəramət vardı. Bunu sonralar bildi, qapılar üzünə taybatay açılanda: “Çalağanov belə deyir”, “Çalağanov məsləhət gördü ki...”, “Əgər Çalağanov deyirsə...” – deyib  istər-istəməz onunla razılaşanda...

Xoşbəxtlikdən ailə qurduğu qadın da adından çox, soyadını sevdi. 

Sonralar  özü də adını unutdu... 

Bu uzun-uzadı müqəddimədən sonra hekayəmizin qəhrəmanıyla  tanış olmağın vaxtıdır. Çalağanov altmış beş yaşlarında iricüssəli, dolubədənli,  babası kimi sallaqbığlı, gözləri göz çuxurunun dərinliyində işım-işım işıldayan müəmmalı bir adamdı. Onu tanıyanlara elə gəlir ki, Çalağanov anadan olandan özüylə gözəgörünməz xətkeş gəzdirir, ölçüb-biçməmiş, toplayıb-çıxmamış,  kök altına salıb çıxarmamış bir addım da atmır. 

... Üzə gülən bəxt, atılan fişəng və uğur böcəyi ...

Sözün qısası, xətkeşi sayəsində Çalağanov bu yaşınacan  nə istədisə, hamısını əldə elədi: gözəl ailə, vəzifə, sərvət, çoxlarının qibtə edəcəyi  barlı-bəhərli həyat... 

Amma bir gün ona elə gəldi ki, həyatında nəsə, çox mühüm nəsə çatışmır.  Xeyli baş sındırandan  sonra qəfil anladı ki, əslində həyatında heç də hər şey yerində deyil. Çatışmazlıqların konturları üzə çıxanda, içində ucsuz-bucaqsız boşluq  yarandı. Peşmanlıq küləkləri əsdi, nigarançılıq yağışı yağdı, təəssüf vulkanı püskürdü. Yox, o təslim olmayacaqdı, lazım gəlsə, qədərini pozub yenidən yazacaqdı. Axtarışları nəticə verdi: həyatının ən böyük yanlışı  üzə çıxdı: düzgün olmayan seçim! 

...Tərəddüd eləmə, istədiyini seç, bu sənin həyatındır...

Uşaq vaxtı onu ancaq qaymaqçiçəyinə oxşayan sarışın qızlar həyəcanlandırardı. Böyüyəndə bu istək bir az da böyüdü, ürəyinin güzgüsündən ancaq sarışınlar boylandı. Amma həyat bağçasında belə olmadı, insanpərvərliyi başına vurdu, anasının “qara kişmiş”  deyib gecə-gündüz təriflədiyi  çəlimsiz  qonşu qızıyla evləndi. Həssas, kövrək, göz yaşı ovcunda olan qadınlardan ötrü ürəyi gedə-gedə,  bir ömür “Soyuq cərəyan”la bir yastığa baş qoydu. Dəmir iradəsi, tükənməyən səbri, polad əsəbləriylə ürəyinin əksinə getdi. Getdi, getdi, getdi...

Və “Soyuq cərəyan” ona üç yaraşıqlı oğlan bağışladı. İndi onların üçü də ataydı. Altı nəvəsiylə açıqdan-açığa fəxr edirdi. Amma bunlar təskinlik üçün bəs eləmirdi. Ömrünün qürubunda düşdüyü  boşluq ölüm çuxuru kimiydi, ya cəhd edib çıxacaqdı, ya da... 

...Çiçək dörd ləçəyini itirib yeganə ləçəyinə böyük ümidlərlə baxırdı... 

Fikrini qətiləşdirdi. Düşündü ki, insanın dünyaya gəlməsi milyonda bir təsadüfdür. İkinci dəfə bu şans ona verilməyəcək,  “Seçim et” təklifi də nə göydəkindən, nə də yerdəkilərdən gəlməyəcək.

Vaxt daralır, qocalıq zınqırovlu ilan kimi ona tərəf sürünürdü. Mənəvi böhran keçirdiyi  belə bir vaxtda  həyatında möcüzə baş verdi: xəyallarında rəqs edən, ən çətin anlarında  gözünün qabağında gülümsəyib ona göz vuran, yaşamağa həvəsləndirən Sarışın peyda olub dünyasını səhra qasırğası kimi yerindən oynatdı.  İpəksaçlı, alagözlü, çəhrayıdodaqlı Sarışın ona seçim imkanı verdi. Bu seçim qarşısında Çalağanov sarsıldı, gözlərini yerə dikib Tanrıya yersiz bir sual verdi:  “İlahi, yer üzündə belə sarışınlar ola-ola, quru balıqla gün keçirmək rəvadırmı?”.  Ağlına  cəhənnəm sözündən başqa heç nə gəlməyəndə Dəli Cəmilin  sözlərini  xatırladı:

...Bu dünyada cənnət ola-ola, cəhənnəm axtarmaq ağılsızlıqdır... 

Çalağanov boşanmaq üçün axtardığı  üç əsas səbəbi, əslində bəhanəni göz qırpımında  tapdı: xasiyyətimiz tutmur, mən danışanda o həmişə uzaqlara baxır, qonşu istirahətə gedəndə pişiyini uşaqların anasına əmanət elədi, amma o neylədi? Üç gün qapının ağzında ilan dili çıxarıb yemək istəyən pişiyə dönüb belə baxmadı. 

Məhkəmə bəhanələri ciddi qəbul eləmədi. Amma arvadı ərinin istəyinə qarşı çıxmadı. Nə ağladı, nə sızladı, nə də səsinin tonunu qaldırdı. “Soyuq cərəyan” qüruruyla “Boşanmaq istəyirsən, boşanaq!” – dedi.

...Şah deyilsən ki, məğlub olanda tacını itirəsən, gülümsə... 

O gün Çalağanovun həyatının ən bəxtəvər günüydü. Həmin gün günəş onun şərəfinə çıxmışdı, quşlar ona görə cəh-cəh vururdu, adamların üzündəki təbəssüm  ona gülümsəyirdi...

...Sevgi, çəkisizlik və yoxluq...

Sevgi yolunda bütün qapılar taybatay üzünə açılırdı. Açılan hər qapı onu Sarışının hüzuruna aparırdı. Sarışının ilıq təbəssümü, işıqlı gözləri, zərif səsi onu səsləyirdi. Qırxıncı qapının ağzına çatanda nəfəsinin odu dodaqlarını qarsaladı. Bu qapı, gərək ki, qızıldanıydı, yoxsa  belə göz qamaşdırmaz, işıq saçmazdı. Amma indi qızıl hayında deyildi. Qızıldan qiymətli  alagözlü, albalıdodaqlı, qızılısaçlı Qasırğa qapının o üzündəydi....

Həyəcanını ört-basdır eləmək üçün bir addım geri çəkilib qapının açılmasını gözlədi. Qapını açan kimi həyatı kökündən dəyişəcək,  hər şey  istədiyi kimi olacaq, bütün boşluqlar dolacaqdı...

...Yeriyirdi, ayaqları yerə dəymirdi, uçurdu, qanadları yoxuydu, sevirdi, sevirdi, sevirdi...

Qapı özünü naza qoyub qızıl anların ömrünü uzadırdı. Bu dəfə qapını barmaqlarıyla yox, ürəyiylə döydü.

Gözlədiyi qapı yox, qonşunun qapısı açıldı. Başını qırmızı dəsmalla çalmış kök  qadın yoğun  səslə: 

– Getdi, – dedi. 

İnanmadı. Gülümsədi. Təbəssümünün üstündə elə bil iri şriftlərlə bu sözlər yazıldı:  Lütfən, xoşbəxtliyimə kölgə salmayın! 

Qonşu qadın başını yelləyib dönüb getmək istəyəndə yenə insafı yol vermədi. Demək istədiyini qorxa-qorxa birnəfəsə dedi:

– Dünən  dəf-dumbulla  getdi.

...Elə həqiqətlər var ki, ona inanmayın...

Heç o da inanmadı. Həmin gün nikah bağlayacaqdılar, sonra da bal ayına gedəcəkdilər. İstanbul–Paris–Roma bileti cibində xəcalətdən tərləyirdi... 

Çalağanov sonralar da bu həqiqətə inanmadı. İnamsızlıq onu elə yeyib-bitirdi ki, həyatında Sarışının olub-olmadığına şübhə etməyə başladı. 

Hamıya elə gəlirdi ki, Çalağanov anadan olandan özüylə xətkeş gəzdirir. Bu yaşında, bu başında məlum oldu ki, Çalağanovun heç vaxt xətkeşi olmayıb...

...İpək pərdələr, ipək xalçalar,  ipək arzular...

Qasırğa əhvalatından sonra Çalağanov soyadı elə bil soluxub yazıqlaşdı. Sayrışan qığılcımlar depressiyası onu cənginə aldı. Puç olmuş ümidlər cəngəlliyində bir müddət dolaşandan sonra özünü yığışdırdı. 

Hərdən istəyir ki, əvvəlki həyatına qayıtsın, isti sözlərlə “Soyuq cərəyan”ın könlünü alsın, yarımçıq qalmış həyat hekayəsinin ardını yazsın, belə düşünəndə gözlərinin qabağında Sarışın peyda olub qasırğa kimi fırtına qoparır, şişkin dodağını sağlam dişləriylə didişdirir, gözləri min oyundan çıxır, uzun, caydaq ayaqları durduğu yerdə “Tanqo” oynayır, o da yaz qarı kimi əriyir, əriyir, əriyir... 

Hər axşam da özünə belə təskinlik verir: hər kəsin həyatında qasırğa olmalıdır.

...Sevgi qasırğa kimidir, ürəyin ən gözəl hisslərini kökündən qoparıb aparır, yerində rəngli xatirələr qalır, qalır, qalır...

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.