Emil Rasimoğlu - Tor qurub işıq dirəklərinə Tanrı...
09.03.21
***
Yalqız yaşadığım evin qapısını tapıram şəkillərin arasından və döyürəm; söykəndiyim bütün ağaclar gizlənir it səsindən, qağayı dimdiyindəki kibrit qutusundan... Bir rəssamsa filmə çəkilməmiş ömür axtarmağa başlayır körpələr evində.
Beləcə... Heç təqvimdə iməkləyən pilləkənlər də böyümədi, dostum... Düşüb arxamca qaçır üzümü tanıyan ayağı palçıqlı qırışlar ...və qışqırır: Bağışla, bağışla, tor qurub işıq dirəklərinə Tanrı...
Görürsənmi... bizi bu dayanacaqda akvariumlar da tərgitdi, yarpaqları itkin düşmüş yürüklər də. Göz yaşlarına söykənmə, barmaqlarımdan gizlədirəm skripkamın yaşını, skamyaların dəfn yerini...
...və unutma, unutma ki, qapılar hər iki tərəfdən qıfıllana bilirsə, demək, sən uşaqlıqda oynadığın topun çiçəklədiyi günə qədər azadsan.
Get, get bir ocaq qala tərkedilmiş notların otağında... Daha sevgi qovuşmaq üçün yox, bir-birini unutmamaq üçündür... Günəşi qar, qarı su, suyu od unutduğu kimi...
...Bilirəm, bu saat sən dən səpirsən göy üzünə, qollarına xatir Mənsə hələ də gözümü çəkmirəm cüt rəqəmlərin yuvasından... ...və birdən qonşu evdə yaşayan qocanın öz qarısına dediyi sözü eşidirəm: Bağışla, heç sən də, heç sən də qalmamısan yadımda!
|