Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Bizim üçün "yerli" bu torpağa, bu ənənəyə və sivilizasiyaya mənsub olmaq, kök salmaq və bütün tarixi və mədəni qazanımlarımızı əhatə etmək deməkdir. Bu coğrafiyanın, bu iqlimin nəfəsini almaqdır” - Bu sözləri əsas götürərək milli və mənəvi dəyərlərə söykənən bir anlayışla Türkiyədə nəşrə başlayan “Yerli düşünce” jurnalı fəaliyyətinin yeddinci ilində xüsusi buraxılış sayını Azərbaycana – II Qarabağ müharibəsinə həsr edib.
Hər ay müxtəlif sahələrdə aid mütəxəssis yazıları, reportajlar, aktual mövzularda zəngin məzmunlu məqalələrlə çıxış edən “Yerli Düşünce” jurnalı Yanvar, 2021 buraxılışında Ermənistanın hücumları ilə başlayıb, Azərbaycanın qələbəsi ilə sona çatan II Qarabağ müharibəsini əhatə edən geniş səpkili meteriallar dərc edib.
Jurnalda Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsi, eləcə də T.C. Prezidentinin Baş müşaviri Yalçın Topçu, T.C. Bakıdakı səfiri Erkan Özoral, general-mayor Yücel Karauz, Millət vəkili Sona Əliyeva, professor Ertuğrul Yaman, Dos. Kamal Öztürk, Dr.Servet Avşar, Dr. Fatma Sönmez, yazıçı Metin Sakınç və yazıçı-jurnalist Şəhla Aslanın məqalələri yer alıb.
Qeyd edək ki, jurnalın fəxri prezidenti T.C. Prezidentinin Baş Məsləhətçisi Yalçın Topçu, Baş redaktoru Millət vəkili Metin Gündoğdudur.
|