“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
02.02.21
Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə - torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda, həmçinin bizə bu qələbə sevincini yaşadanlara minnətdarlıq ifadə olunur.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, topluda Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyinə geniş yer verilib. Yubiley münasibəti ilə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Lirik poeziyanın epik ləngəri”, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “İliyinə qədər şair” sərlövhəli məqalələri, Xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın yubilyara ithaf olunmuş şeirləri dərc olunub.
Oxucular, eyni zamanda, professorlar Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, İradə Köçərli, Xatirə Bəşirli və digər elm adamlarının aşıq sənətinə dair elmi məqalələri ilə tanış ola biləcəklər.
Toplunun “Ustad yubileyləri” bölümündə isə Oruc Əhmədov, Əhməd Rüstəmov, Ulduz Quliyeva, Umbay Axundov, Xanlar Məhərrəmov, Gülabı Xındı Məmməd oğlu və Cabbar Cabbarov kimi ustad sənətkarların həyat və yaradıcılıqlarından bəhs edən məqalələr yer alıb.
Topluda, həmçinin AAB-nin 2020-ci ildəki fəaliyyətini əks etdirən xəbər xronikası və həmin ərəfədə dünyasını dəyişmiş ustad sənətkarlarla bağlı nekroloqlar da verilib.
|