Simran Qədim - “Neuralink”
və ya beynimizin çiplənməsi
14.01.21
Esse
Elmi-texniki yeniliklər həmişə inqilab yaradıb, sanki insanlar heç
gözlənilmədən, nə baş verdiyinin fərqinə varmadan bir aləmdən çıxıb tamam başqa,
paralel dünyalara keçid ediblər.
Avtomobilin, qatarın, təyyarənin kəşfi nəqliyyat sistemində köklü dəyişikliklər
edərək, Yer kürəsinin sərhədlərini təsvirəgəlməz ölçüdə daraldıb. Sənayedə
istifadə olunan cürbəcür texnologiyalar, kompüterləşmə insan əməyini qatbaqat yüngülləşdirib,
istehsalın həcmi artıb, maliyyəti azalıb. Mobil telefonlar, “rəngarəng” qadcetlər,
internet, sosial şəbəkələr həyatımızı təzədən şəkilləndirib, informasiya
əlçatan olub. İşıq sürətli bir tor – şəbəkə mexanizmiylə dünya evimizdəcə cəmlənib.
Son 30-40 ildə texnologiyalar həyatımıza elə dərindən nüfuz edib ki, bizi sıxışdırıb
yerimizə keçəcək deyə düşünməyə bilmirsən.
Bu gün daha bir sıra yeniliklərin yaşandığı, belə demək mümkünsə, zamandan
irəli atıldığımız tarixi proseslərin içindəyik. “Forbes” jurnalına görə, 185 milyard
dollarlıq sərvətiylə dünyanın ən zəngin adamı olan eksentrik sahibkar, investor
İlon Mask hamını təəccübləndirməyə davam edir. Kosmosu su yoluna döndərib, Marsda
koloniyalar qurmağı hədəfləyən “SpaceX”, ekoloji zərərli avtomobilləri avtonom
idarə edilə bilən elektromobillərlə əvəzləyən “Tesla”, havayı havaya sovrulan
Günəş enerjisini elektrik enerjisinə çevirən “SolarCity”, təyyarədən sürətli,
qatardan ucuz yeni nəqliyyat sistemiylə uzaq məsafələri yaxın etməyi
planlaşdıran “Hyperloop” şirkətləri... və “Neuralink!..”
“Neuralink” layihəsinin məqsədləri
Keçən aylarda səs-küylü hadisəyə – “Neuralink” layihəsinin canlı varlıq
üzərində sınaqdan keçirildiyi təqdimat mərasiminə şahidlik etdik. Dünyanın bir
çox nüfuzlu kanalları, yutuberləri tədbiri birbaşa yayımladılar. Donuz üzərində
uğurla nümayiş olunan, tezliklə insanlarda da testdən keçirilməsi planlaşdırılan
layihənin bir çox məqsədləri var:
1.
Tibbin inkişafı: onurğa beyni xəsarətlərinin,
iflicin, altsheymer, parkinson, depressiya, yuxusuzluq kimi xəstəliklərin,
görmə, eşitmə, yaddaş itkisinin müalicəsi.
2.
Texnologiyanın inkişafı:
beynimizi kompüter sisteminə birləşdirəcək simbioz bir mexanizmin – beyin-kompüter
interfeysinin yaradılması.
Mütəxəssislər bildirirlər ki, saç telindən dəfələrlə incə 1024 elektrod lifi
xüsusi qurğuyla beyinə yerləşdirilib – “əkilib”, iyirmiqəpiklik boyda çipə birləşdiriləcək.
Beləliklə, beynimizlə, düşüncələrimizlə hər növ cihazları, hətta avtomobilimizi
də idarə edə biləcəyik. Qısası, bütün texnologiyalara inteqrasiya olunan insan-maşın
konstruksiyaları yaradılacaq.
Layihənin davamı olaraq bir çox
futuristik ideyalar səsləndirilir:
1.
İlon Mask dəfələrlə vurğulayıb
ki, süni zəka bir gün bəşəriyyətə zərər verməyə başlaya bilər. Məhz bunun
qarşısını almaqdan, necə deyərlər, robotların əsarəti altına düşməməkdən ötrü
beyin imkanlarımızı genişləndirəcək vasitələr yaratmalıyıq. Bizi daha ağıllı, güclü,
bacarıqlı bir varlığa çevirəcək “Neuralink”in də digər məqsədi budur.
2.
İnsan öləndə beyni də içindəkilərlə
birgə məhv olur. Halbuki doğulan gündən valideynlərimizin, ata-babalarımızın beyinləri
içindəki “material”larla – bilgi və bacarıqlarla bizə ötürülsə, necə də
möhtəşəm olardı. Ömrümüzün uzun bir hissəsini artıq bilinən şeyləri mənimsəməyə
çalışmaq əvəzinə, hazır bilgilərin üstünə nəsə qoyar, yeni-yeni şeylər kəşf edərdik.
Bu zaman sivilizasiyamızın inkişaf sürəti birə-min artıb kosmik sürət alardı.
3.
Beynimizin, yaddaşımızın –
xatirələr, xəyallar, emosiyalarla - köçürülməsi mövzusunu bir azca da
təkmilləşdirək. Məsələn, kompüterin sərt diskinə kopyalanan insan beyni avatar-robot
bədənlərə birləşdirilə bilər. Nəticədə, büsbütün rəqəmsallaşaraq ölümsüzlüyə qovuşarıq.
Nyutonun, Eynşteynin, Dekartın, Kantın beyinlərinin başqa bədənlərə köçürülüb, ömürlərinin
uzadıldığını düşünün. Nə qədər inanılmaz kəşflər edilmiş, əsərlər yazılmışdı
indiyə kimi.
4.
İnsanlarla şimpanzelər arasındakı
2 %-lik DNT fərqi mədəniyyətlər qurmağımıza, kosmosa çıxıb, robotlar düzəltməyimizə
yetərli oldu. Bəs “Neuralink” kimi çiplərlə, biotexnologiyalarla, eyni zamanda,
gen mühəndisliyi ilə daha 2 %-lik inkişafa nail olsaq, nələr edə bilərik? Bəlkə
də, qalaktikaları, kainatı fəth edər, yaşamın bütün sirlərini açarıq.
Digər yandan bu mövzuları araşdıran
alimlər, yazıçılar, filosoflar həyəcan təbili çalır:
1.
İnsan beyni min illər boyu instinktlərdən
ibarət - limbik və rasional mərkəzlərin birgə fəaliyyətiylə mövcud olub. Beyinə
rəqəmsal mərkəzin qoşulması onun normal işləməsinə mane ola bilər, heç kəsin nəzərə
almadığı bir çox fəsadlar, yan təsirlər baş qaldırar.
2.
Az qala bədənimizin bir üzvünə
çevrilən, gecə-gündüz əlimizdən yerə qoymadığımız smartfonlardan fərqli olaraq,
“Neuralink” çipləri, sözün həqiqi mənasında, bədən üzvümüzə, beynimizin bir
parçasına çevriləcək. Onsuz da həyatımızı reallıqdan uzaq keçiririk: ya yuxuda,
ya da cürbəcür ekranlara - televizora, kompüterə, telefona baxaraq. Bəs reallıqdan
daha da qopub, tamam virtuallaşmağımız insanlığın sonu demək deyil ki?
3.
“Neuralink” çipləri qısa zamanda dünyadakı
bütün insanlara implant ediləcək. Toplu şəkildə ən kiçik düşüncələrimizə,
hisslərimizə, arzu-xəyallarımıza qədər nəzarət altına alına, haker hücumlarına
məruz qalıb zombiləşə, başqaları tərəfindən idarə oluna bilərik.
4.
Elmin bu inkişafı apokaliptik, qorxu-dəhşət
saçan fantastik filmlərdəki kimi, insanlığın öz-özünü məhvinə gətirib çıxaracaq.
Atom bombaları, nüvə texnologiyları bunun başlanğıcıdır. Eynşteyn deyirdi: “Üçüncü
Dünya müharibəsində hansı silahdan istifadə ediləcəyini bilmirəm, amma dördüncüsü
daş-dəyənəklə olacaq”.
Bəs müsbət cəhətlərinə görə
elmi-texniki inkişafı davam etdirməli, yoxsa mənfiliklərindən qorxub dayandırmalıyıq?
İnsanlar ta mağara dövrlərindən bu yana yeniliklərdən qorxub,
bilmədikləri, tanımadıqları, mahiyyətini anlamadıqları şeylərdən ehtiyatlanıblar.
Tarixdə atılan müəyyən addımlar faciələrə yol açsa da, inkişafın qabağını almaq
mümkün olmayıb. Əgər bu günəcən elmin qarşısını kəsib yerimizdə saysaydıq, indi
nə orta yaş həddini artıran müasir tibb yaranardı, nə həyatımızı asanlaşdıran texnologiyalar,
nə də fizika, biologiya, astronomiya kimi elm sahələri.
“Yeni texnologiyalar
yaratmaqla yanaşı, ondan ağılla, ehtiyatla, yalnız xeyir əməllər üçün istifadə
etməyi öyrənməliyik”.
Dördüncü Sənaye inqilabı
Son üç əsrdə dünyanı dəyişən əsas faktorlardan biri, bəlkə də, birincisi
sənaye inqilabları olub:
XVlll əsrin ikinci yarısından etibarən toxuculuğun inkişafı, buxar maşınlarının kəşf
edilib istehsalın mexanikləşdirilməsi, manufakturaların
fabriklərə keçidiylə Birinci, XlX əsrin sonları, XX
əsrin əvvəllərində polad
istehsalının təkmilləşdirilməsi, dəmir yollarının yayılması, konveyer üsulunun
tətbiqi, maşınqayırmanın aktivləşməsi, elektrikləşmə, teleqrafın, radionun icadıyla
İkinci, XX əsrin sonlarında kompüterlərin, rəqəmsallaşmanın, internetin, robototexnikanın
yaranmasıyla Üçüncü Sənaye inqilabı baş verdi.
Bu gün isə süni
zəka, 3D printerlər, əşyaların interneti, “Big data”, kvant fizikası,
nanotexnologiyalar və gen mühəndisliyi kimi yeniliklərlə Dördüncü Sənaye inqilabını yaşamaqdayıq. İndiki şəraitdə geriyə yol yoxdur, dünya
innovasiyalarla, startaplarla günbəgün dəyişir. Nəyəsə nail olmaq üçünsə ancaq zəkaya,
elm və biliyə arxalanmalıyıq. Gərək keçmişin nostalgiyasından qurtulub,
gələcəyin işığına tərəf yönələk.
Kaliforniyada, “Silikon Vadisi” adlanan bölgə var. Orada toplaşan “Amazon”,
“Apple”, “Google”, “Facebook”, “Twitter”, “Tesla”, “SolarCity” kimi texnologiya
nəhəngləri bu gün dünyada söz sahibidirlər. Amma “Silikon Vadisi” tək konkret coğrafiyada
yox, hər birimizin beynində, şüurumuzun dərinliklərində yaranmalıdır.
Dövrümüzdə elmi savadlılığın artırılıb prioritetə çevrilməsi, özünütənqidlə
özünüinkişaf yoluna qədəm qoyulması hər kəs üçün hədsiz böyük önəm daşıyır.
Tez-tez gündəmə gətirilən elmi-texniki yeniliklərdən böyük gözləntilər olsa
da, üç-beş ilin içindəcə göydə maşınların uçacağını, insanların kiborqlara çevrilib,
“Qalaktika imperiya”ları quracağını düşünə bilmərik. Yəqin ki, bunlar gələcəkdə,
ola bilsin, minilliklər, əsrlər uzaqlığında olmayan yaxın gələcəkdə hansısa
formada reallaşacaq. Amma tələsməyə ehtiyac yoxdur, inamlı, dəqiq addımların
atılmasına həmişə zaman lazım olur.
Bizi digər canlılardan fərqləndirən əsas şeyi - beynimizi nəyləsə
əvəzləmək, ona müdaxilə etmək, onu anlamaq, bəlkə də, insanlığın ən son, ən ali
mərhələsidir. Bizi “biz” olmaqdan çıxaracaq, paralel dünyalara salıb, heç təsəvvürümüzə
belə gətirmədiyimiz bir varlığa, superinsana çevirəcək bu proses isə artıq
başlayıb.
|