Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
Təqdim etdiyimiz bu şeiri Xalq şairi Musa Yaqub 1970-ci ilin iyun ayında yazıb. Cənnət məkanımız Şuşa ilə bağlı ən möhtəşəm şeirlərdən biridir.
Qayalar qaladır, Qalalar – qaya, Bu yerlər tarixin daş səhifəsi. Binalar ucadan baxır dünyaya, Hər evin daşında bir əsrin səsi. Əsgəran qalası sökülür daha, Əllərin zəhməti yatır əbədi, Daş var qala üstə çıxır sabaha, Daş var ki, torpağa batır əbədi. Kahalar sonuncu sığıncaq yeri, İndi göy mamırlar örtmüş üzünü. Gərilib qayanın daş biləkləri, Qaldırıb çiyninə Cıdır düzünü. Babalar can qoyub bu torpaqda, can, Elə başdan-başa qaladır ölkə, Bu yerdən Şirvana diqqətlə baxsan Cavanşir qalası görünə bəlkə. Gah tağlar, gah bürclər kəsdi qarşımı, Bürcləri il çapıb, qılınclar çapıb. Bu daş Vaqif yatan zindan daşımı, Yoxsa yaşadığı saraydan qopub?.. Tək Şuşa adına uyub aldanan, Daşı şüşə bilib ona ox atdı. Fələyin damından daş yağan zaman Bir kənd də yarandı – adı Daşaltı. Bu qala yaşayar illərlə sirdaş, Bir baxın bu dövran kimə neylədi, - Qacarın başıdır axırıncı daş, Gəlib bu qalanı tamam eylədi. A şahid qayalar, çevrilin bəri... Burda yaylaqlar da daş-daş qabarmış, İnsanın nə böyük görəcəkləri, Tarixin nə qalın kitabı varmış... Bax, yolda tozlanan o daşa sən də, O, Məhəmməd bəyin ürəyi idi; Şair ölümünə fərman verəndə Daşlaşıb, ayağa dolaşır indi. İndi ki, daşlardan yoğrulub şəhər, Bəs Şuşa, adını hardan alıbdır Bəlkə Natəvanın, bəlkə Vaqifin Şuşə ürəyində bu ad qalıbdır. Elə çağladı ki, Bülbülün səsi Daşlar da mahnıya çevrildi axır Üzeyir nəğməsi – Həyat çeşməsi, Elə bu daşlardan süzülüb axır. Bu çılpaq daşlarda istəyim, arzum, Yaşar nişanımız qayalar üstə. Burda binalara özül nə lazım, Tikilir dünənki qayalar üstə.
/bakupost.az/
|