Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20

Səadət Kərimi (Səadət Soltanova) ali təhsilini Sankt Peterburqda almışdır. Azərbaycan EA nın  Riyaziyyat ve Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-1999 illər ərzində Azərbaycanda elmi işçi, böyük elmi işçi, müəllim jurnallarda məsul katibi işləmişdir. 

Səadət Kərimi 2000-ci ildə ailəsilə İsveçə köçmüş və elmi fəaliyyətini orada davam etmişdir. 2006-ci ildə İsveçdə riyaziyyat sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş, 2002-2020 illər arasında İsveçin Umea Universitetində postdoktor, araşdırmaçı, lektor və dosent vəzifələrində işləmişdir. İsveç və ingilis dillərində 5 elmi kitabı və yüzlərlə elmi məqaləsi müxtəlif jurnallarda dərc olunmuşdur. Hələ məktəb vaxtlarından həm də tarix, dil və ədəbiyyata böyük marağı olmuşdur. İsveçdə 2000-2018 illər arasında İsveç və İngilis dilləri və ədəbiyyatını oxuyub master dərəcəsini almışdır. 2017-ci ildə “Azərbaycanın Milli və Siyasi İdeologiyası Haqqında”  kitabı Bakıda “Elm və Təhsil” nəşriyatında dərc edilmişdir.

Səadət Kərimi İsveçdə elə ilk günlərdən Azərbaycanın ümümmilli maraqlı uğrunda ictimai işlərdə fəal olmuşdur. 2010-2020 illər arası İsveçdəki Azərbaycan Federasiyasının İdarə Heyətinin sədr müavini, 2019 müddətində isə sədri olmuşdur. 2000-ci ildən bu günədək ardcıl olaraq Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, incəsənətini təbliğ etmiş və Azərbaycan məsələlərinə həsr olunmuş çoxsaylı konfransların və müxtəlif yüksək beynəlxalq tədbirlərin təşkilatçısı olmuşdur.

2017-ci ilin 7 maj tarixində  İsveç Parlamentində tarixçi Xaqani İsmayılın “Genocide Committed By Armenians against Muslims, Christians and Jews” (2016) adlı sənədli tarixi kitabını ingilis dilində təqdim etmiş. 2018-ci ildə Vahid Qazinin “Çöl Qala” romanını İsveç dilinə tərcümə etmiş. Bununla da tarixdə ilk dəfə bir Azərbaycan bədii ədəbiyyatı birbaşa Azərbaycan dilindən İsveç dilinə tərcümə olunub oxucuya təqdim edilmişdir. 2018 ci ildə tarixçilər professor Ədalət Tahirzadə və Dilqəm Əhmədin yazdığı “Azərbaycan Cümhuriyyəti 1918-1920” adlı sənədli tarix kitabını İsveç dilinə tərcümə etmişdir.

2020-ci ildə Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stockholma uzanan yol” romanını tərcümə və redaktə Norvecdə yaşayan Güney Azərbaycanlı yazar Təbrizli Məmməd Rzanın “Qartal” kitabını İngilis dilinə tərcümə etmişdir.

Səadət Kəriminin 2020 ci ilin noyabr ayında İsveçdə yeni “Efterdyningar. Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan” (“Sədalar. Şahidlər Qarabağ, Təbriz və Yerevandan danışır”) adlı kitabı işıq üzü görmüşdür. Bu kitaba müəllif özünün “Sarı Gəlin” essesi, “Ermənilər və Qarabağ”,  “Yerevan şəhəri – vandalizmin açıq müzeyi” tarixi əsərləri, “Filip fon Strahlenberg – türkologiyanın İsveçdə və Avropada banisi” sosioloji essesi, Eluca Atalının Şəlalə Əbilin hekayələri, Vahid Qazinin Xocalı soyqırımına və Ağdamla bağlı ədəbi essesi, Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rəfiz Zəka Xəndan, Zivər Ağayeva, Adil Rəsulun şeirlərindən ibarət poeziya incilərini tərcümə edib salmışdır.  
 
Saadat Karimi (saadat953) på Pinterest

- II Qarabağ  savaşı başlayandan  Ordumuz  və  Dövlətimiz yeni  tarix yazır. Səadət xanım, ümumiyyətlə, Qarabağ həqiqətləri İsveç mediasında  necə işıqlandırılır?

-Bəli, şükürlər olsun, şanlı Ordumuz və Dövlətimiz yeni tarix yazır. 28 ildir gözlədiyimiz torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda böyük miqyaslı hərbi əməliyyatlar gedir. Artıq bütün xalqımız qələbənin astanasında olduğumuzu bilir.

Azərbaycan Milli Ordusunun 27 Sentyabr tarixindən bəri hərbi əməliyyata başlaması ilə İsveç mediası dərhal həyacan dolu məlumatlar verməyə başlamışdır. 27 ildir demək olar ki, susan İsveç mediası indi hər gün bütün mərkəzi qəzetlərdə bu mövzuya yer verir, bütün radio və televiziya xəbərlərində müharibənin gedişatını işıqlandırır. İlk həyacan siqnalı İsveçin Xarici İşlər Naziri Ann Lindedən gəldi. Xanım Linde elə 27 sentyabr tvitterdə savaşın başlamasından narahatlığını bildirdi, hər iki tərəfi silahı yerə qoyub danışıqlar masasına oturmasına çağırdı. Həmçinin yaxın günlərdə hər iki dövlətin xarici işlər nazirləri ilə skype vasitəsilə danışacağını söylədi. Bütün məqalələr bu barədə yazdı. İlk iki-üç günlər yazılan  məqalələr hər zaman olduğu kimi ermənipərəst mövqeli idi. Əsas vurğunu ermənilərin Dağlıq Qarabağ əhalisinin əksəriyyətini təşkil edən xalq kimi qələmə verirdilər, onların xristian olmasını vurğulayırdılar, və hər dəfəsində yeri gəldi gəlmədi ermənilərin 1915-ci ildə güya Osmanlı dövlətində soyqırımına uğradığına bağlayırdılar. İlk günlər yazılan məqalələr və TV-Radio xəbərləri biz, İsveçdə yaşayan Azərbaycanlı və Türkiyəli soydaşlarımızın böyük narazılığına səbəb oldu, çünki bu xəbərlərin heç birində Dağlıq Qarabağın Azərbaycanın əzəli tarixi ərazisi olduğu, Ermənistanın provokasiyalar törətdiyini, dəfələrlə ciddi şəkildə atəşgahı pozduğunu, sivil topluma atəş açdığını və sairə mühüm faktları dilə gətirmirdi. İsveç mediası heç bir zaman 1992-ci ildə törədilmiş Xocalı qətliamından bir kəlmə belə yazmamışdır. Azərbaycan dövlətinin ərazisinin 20%-nin işğal altında olduğunu, təkçə Dağlıq Qarabağ deyil, ətraf rayonların da işğal edildiyini, Azərbaycanın bir milyon qaçqın və köçkün əhalisinin olduğunu dilə gətirmirdi. Xəbərlərdə heç bir zaman ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı işinə heç vaxt tənqidi yanaşılmamışdır. Tam tərsi hər zaman belə çıxır ki, Minsk qrupu yol göstərib, aracı olub amma tərəflər uzlaşmaq istəməmişdir. İnformasiyaların bu cür üstü örtülü verilməsi səbəbindən İsveç toplumunda genəldə Dağlıq Qarabağ problemi haqqında gərəkli bilgi yox idi. Toplumda sıravi insanların çoxu “bu münaqişə nə münaqişəsidir, niyə müharibə edirsiz, heç bir şey anlamıram” deyirdi. Siyasi dairələr və xristian örgütlərin isə yanaşması açıq-aydın ermənilərin madur xalq, türklərin arasında azğınlıq xalq kimi müdafiə olmuşdur.

Bizlərin qəzəbinə səbəb olan başqa məqam isə Türkiyənin bu müharibəni qızışdırması, Azərbaycanda Türkiyə hərbi qüvvələrinin vuruşması, Suriyadan alınan əsgərlərin vuruşmasını vurğulaması olmuşdur. Lakin zaman və mövcud şərait 30 il öncə olduğu kimi deyildir! Artıq burada 20-30 il yaşayan soydaşlarımızın təcrübəsi var, və onların milli ruhda  yetişdirdiyi yeni nəsil var! Onlar informasiya sahəsində lazımi tədbriləri görə bilirlər. Qərəzli yanaşması olan, faktları yanlış olan xəbərlərin qarşılığını verirlər. Soydaşlarımız ötən bir ay ərzində həmçinin izahat xarakterli, Azərbaycanın haqqlı davası olduğunu anladan həm məqalələr çap etdilər, həm debatlara qoşuldular, radio proqramlarına qoşuldular, həm sosial media üzərindən intensiv paylaşımlar etdilər. Bunun nəticəsində hardasa oktyabrın ilk günlərindən mediada xəbərlərin praqmatikasında “yumşalma”, ehtiyatlı yanaşma sezilir. Son həfətlər hər iki tərəfin itgiləri, zərər görməsi getdikcə doğru göstərilməyə başladı.

Bu arada siyasi iqtidarın davranışı, Xarici İşlər Nazirliyinin verdiyi məlumatlar, hökümətimizin qətiyyətli çıxışları və tənqidləri öz təsirini göstərməmiş deyildir.    

- İsveçdə  Qarabağ  məsələsinə  münasibət necədir? Bildiyimə  görə son  günlər  ermənipərəstlərin hücumuna  məruz qalmısınız...

İsveçdə ermənilərin sayı az deyildir. Ermənilərin özünü yaxşı hiss etdiyi ölkələrdən başlıcası İsveçdir, deyə bilərik. Onlar burada hər zaman öz propaqandasını geniş aparmışlar və bizlərə qarşı pisliklərini etmişlərdir. Lakin qabaqlar DQ onların əlində idi və onlar hardasa bunun əbədiyyən belə olacağına inanırdılar. Amma 27 sentyabrdan sonra ermənilər məğlubiyyəti gördükdən sonra çox aqresivləşiblər. İşlədiyimiz yerlərdə, təhsil aldığımız yerlərdə, nəqliyyatda və sairə yerlərdə ehityatlı olmalıyıq. Ermənilərin həm də gizli terror ilişgiləri bütün Avropanı sarıbdır. Mənim işim, belə deyək, peşəm  müəllimlikdir. İsveç qanunvericiliyində öyrənciyə, tələbəyə güldən ağır söz demək olmaz, səbəbi nə olur olsun. Tələbə və ya şagird özünü pis hiss edərsə, müəllim günahkardır, bu hal təkrarlanarsa müəllim işdən qovula da bilər. Məsəl var deyirlər, tülkü tülkülüyünü sübüt edənə gədər iş işdən keçər... Gəl sübüt etki bunlar necə həyasızcasına söz atır, provokasiya edirlər. Bəli, müharibə başlayandan, ordumuz hüçüma keçəndən sonra həm də İsveçli iş yoldaşlarımın da məni soyuq münasibət canımı sıxır. Onlar mənim facebookda hər gün yazdıqlaırmı izləyir və mənə qarşı dəyişirlər. İsveçli iş yoldaşlarımın mənə irad tutduğu ifadələrdən biri “ordumuzun torpaqlarımızı azad etməsidir”. Hətta İsveç qəzetləri ilk başlarda “azad etməyi” dırnaq işarələri arasında yazırdılar. Mənim də əsəbləşdiyim o idi ki, “Bəli! Azad edirlər! İşğal olunmuşdu, öz xoşuna anlamadılar, 28 il sülh danışıqları nəticə vermədi, məcbur buraxdılar!” 

-Fəallarından biri  olduğunuz (bir  müddət  isə rəhbərlik etdiyiniz) İsveçdəki Azərbaycan Federasyonun (AFİ) neçə illərdi Azərbaycan mədəniyyətini, eləcə də Qarabağ  həqiqətlərini İsveçdə  yayır. Görüntü  yaymaq  xatirinə hər il   məlum tarixlərdə (Novruz bayramı və s.) yıgışıb-dağılan bəzi  fəaliyyətsiz diaspor qurumlarından fərqli olaraq bu işi  bir vicdan borcu bilirsiniz, (şəxsən bunun  şahidi  olmuş biri kimi  də təsdiq edirəm). Bu  cəhətdən İsveçdəki  diasporamız başqa ölkələrdən  illərdir secilir. Və  son illər bu fəallığınızı saxlaya bilmisinizmi?

- AFİ qurucuları 23 il bundan öncə təcrübəli Güneyli siyasi xadimlər, milli fəallar olublar. Mən isə yoldaşımın yaratdığı  “Araz”  dərnəyində (bu dərnək AFİ- nin nəzdində idi) fəaliyyət göstərməklə tanındım və son 12 ildə AFİ nin İdarə Heyətində  fəaliyyət göstərdim. 2020 ci ilin mart ayında isə karyeramla bağlı İH-dən istefa verdim, çünki zaman qıtlığı yaşayıram. Həm də mən artıq daha çox Azərbaycan ədəbiyyatını İsveç dilinə tərcümə etməklə, romanlar, şeirlər, esselər və s. Azərbaycanın tarixini və mədəniyyətini tanıdan əsərlər yazmaq kimi işlərə odaqlanmaq istəyirəm. Yaradıcılıq mənim tam vaxtımı alır deyə təşkilati işlərə qoşulmağa vaxtım qalmır.  Həm də artıq soydaşlarımız arasında fəallaşma var deyə arxayınlaşmışam. Mən 20 il bundan öncə başlayanda tək-tək insanımız nəinki İsveç və ya ingilis dilində siyasi və ictimai işlərdə fəallıq edir, fikir söyləyirdi, hətta öz ana dilimizdə belə Azərbaycanın məsələlərini dilə gətirməkdə çətinlik çəkirdi. Adətən bizim insanlarımız dərnək həyatı yaşamamışdılar deyə, ondan faydalanmağı da başarmırdırlar. İndi internet də buna  səbəb oldu ki, hər kəs evində oturaraq belə təbliğat işlərinə qoşulara bilər.  
   
Saadat Karimi- Bəlkə də barmaqla  sayılacaq  ziyalı qadınlarımızdansınız ki, İsveç  universitetlərindən birində  dərs verirsiniz. Bu  çətindir yəqin?

- Çox çətindir. İşdə qala bilmək üçün hər gün ilk gün kimi verimli olmalı, yaxşı hazırlıqlı olmalıyıq. Buranın tələbləri ağırdır və çoxşahəlidir. İsveç və ingilis dilində bütün günü çalışmaq, mülahizə vermək, araşdırma aparmaq, toplantılarda fəal olmaq, ilişgilər qurmaq adamı çox yorur.  Bir an belə “rahatlaya” bilməzsən ki, məsələn “məni bu kollektivdə tanıyırlar da, illərdir əmək qoyduğum institutdur”. Elə şey yoxdur. İsveçdə həyat tərzi də iş üstündə qurulur. İş sanki şəxsi həyatdan da irəlidir bunlar üçün. İllərlə işləsən də dostluq filan yoxdur, nəzakətə xətrinədir. Konkurensiya böyükdür. İsveç universitetlərində dünyanın hər yerindən gəlib təhsil alan, doktorluq işini yapan və ya işləməyə gələnlər var. İş qanunları bizimkindən çox fərqlidir.



-Siz şəxsi təşəbbüsünüzlə  Qarabağ  həqiqətləri ilə bağlı elmi və  bədii kitabları, məqalələri isveç və  ingiliscəyə çevirirsiniz? Üstəlik  də diaspor çalışmalarınız, bu  qədər  işi  necə çatdırırsınız?

-Gərgin çalışmaq mənim həyat tərzimdir, alışmışam. Orta məktəbi qurtardığım gündən gərgin çalışıram. Yadımdadır universiteti bitirdiyim günün səhərisi qardaşım evə gəldi gördü yazı masasının arxasında oturub çalışıram, çox təəccüb etdi. O zaman hələ 22 yaşım vardı. Mənə bir gün istirahət bəs edir, sonra gərək yararlı bir iş görəm. Yorucudur, çətindir, çox vaxt yuxumdan, istirahətimdən, ailəmin, uşaqlarımın vaxtından kəsib etmişəm bu işləri. Çünki hesab etmişəm ki, lazımdır və vacibdir. İsveç dilində Azərbaycan ədəbiyyatı yox idi, bu məni çox narahat edirdi. Mən də ingilislər, ruslar, fransızlar, ispanlar, ərəblər və sairə xalqlar kimi fəxr etmək istəyirdim. Bizim Nəsiminin, Nizaminin, digər klassiklərin və ya bəzi çağdaş yazarlarımızın Oskar Uaylddan, Onore de Balzakdan, Viktor Huqodan, Dostoyevskidən və sairə tanınmış qərb və ya rus yazarlarının əsərlərindən nəyi əskikdir?! Niyə bizi tanımasınlar? Millətlər öz elmi nəticələri, ədəbiyyatı, musiqisi, incəsənəti, kinosu ilə tanınıb indiyə kimi, bu  əsasən ədəbiyyatla olub. Mahnılar da ədəbiyyatdan doğur, şeirlərə müsiqi bəstələnir, teatr tamaşaları, filmlər və kinolar da ədəbiyyat üzrə yaranır. Bir bədii ədəbiyyat əsəri isə öz növbəsində bir xalqın bütün mədəniyyətini, tarixini, siyasətini, foklorunu, mentalitetini, həyat tərzini ortaya qoyur. Bir bədii əsər min dənə siyasətçinin görə bilməyəcəyi işi görür. Bir xalqı o biri xalqa tanıdır və sevdirir. Və kitab əbədi yaşar qalır. Bu işlər maraqlıdır, bu mənim üçün həm də vicdan, məsuliyyət və şərəf məsələsidir. Heç vaxt çalışarkən hər hansı bir şəxsi, və ya təmənnanı düşünməmişəm. Hətta onu deyim ki, əksəriyyət İsveçdə yaşayan soydaşlarımız dəyər vermir bəlkə, bəlkə heç xəbəri yoxdur bizim ədəbiyyatın İsveç kitabxanalarında olduğundan və ya satışda olduğundan. Mən özüm reklam etməyi başarmıram, edəcək adamım da yoxdur. Sadəcə hər kitab təzə nəşrdən çıxanda Facebookda bir dəfə nümayiş etmişəm ki, alın, oxuyun və İsveçli dostlarınıza tanıdın. Bir İsveçli tanış deyəndə ki, məsələn, - “Azərbaycan Cümhuriyyəti 1918-1920” kitabını oxudum, heç bilmirdim Azərbaycanda qadınların 1918-ci ildən səsvermə hüququ var”, mənim bütün yorğunluğum çıxır və mən yeni güc alıram.   


- İlk  dəfə  Azərbaycandan uzun müddət nə zaman ayrıldınız?

- İlk dəfə 1987- ci ildə ayrıldım. O zaman məktəbi qurtarıb Leninqrada, indiki Sankt Peterburqa oxumağa getmişdim. Məndən öncə böyük qardaşlarım və bacım orada tələbə idilər, mənə də ailəm həmin şəhəri məsləhət gördü. Əslində Azərbaycandan ayrılmaq istəmirdim. Heç vaxt istəməmişdim. Vətənə, elimə-obama, ailəmə və qohumlarıma çox bağlı insanam. Bunu bütün yaxınlarım bilir. Lakin mən məktəbi qurtaranda Azərbaycanda demək olar ki, rüşvətsiz ali məktəbə qəbul olmaq mümkün deyildi. Bizim ailəmiz isə həmişə əsil savadın tərəfdarı olub.
 


Republiken Azerbajdzjan by Ədalət Tahirzadə
 
-İsveçdə, ümumilikdə  Xarici  ölkələrdəki Azərbaycanın təbliği  qənaetedicidirmi? Deyilsə  nəyə  görə?
 
-Qənaetedici deyil. Ən gözəl təbliğat o olardı kı, buraya dövlət səviyyəsində baletimiz, teatrımız, konsertlərimiz, operalarımız gəlsin. Mədəniyyət və kulinariya günlərimiz dövlət səviyyəsində təşkil olunsun. Azərbaycan Elmlər Akademiyasından və Siyasi-İctimai qurumlardan gələn alimlərin, diplomatların, siyasətçilərin, tanınmış ictimai xadimlərin iştirakı ilə təşkil olunmuş böyük konfranslar və seminarlar keçirilsin. Bu demək olar ki, yox dərəcəsindədir. 1990-ların sonunda, 2000-ci illərin əvvəllərində bəzi belə hadisələr oldu. Amma sonra durğunluq yarandı. Hər şeyi diasporanın öhdəsinə buraxmaq düzgün deyil. Məsələn, mən heç cürə bağışlaya bilmirəm ki, indiyə kimi sırf Qarabağın tarixinə aid elmi konfransımız olmayıb. Diaspora dediyimiz hər gün dolanışıq üçün işə qaçan sıravi insanlardır. Bunların da içində vaxtını, əməyini ortaya qoymaq istəyən fədakar insanlar çox deyildir. Bu işlər sifarişlə görülsə faydalı ola bilməz. Bu işlər gərək insanın içindən gələ, gərək insanın əqidəsi ola, həmdə biliyi və qabiliyyəti ola. Belə insanları üzə çıxarmaq, irəli vermək, onları bir araya gətirməklə faydalı və effektiv işlər görmk olar. Təəssüf  bu  yöndə boşluq var. Bəzən elə adamlara söz verilir ki, baxıb düşünürsən bu hərəkətin xeyirdən çox ziyanı var. Çünki, burada ağzımızdan çıxan hər söz bütöv bir millətin adına yazılır. Və Azərbaycan Respublikasının maddi resursları xaricdə təbliğat adına boşa xərclənməməlidir. Ondansa o pullar şəhid uşaqlarının təhsilinə xərclənməlidir.  
Vaxtilə AFİ yaxşı konfranslar və tədbirlər keçirib öz vəsaiti ilə. Amma sonra Diaspora Komitəsi yarandıqdan sonra, insanlarımız Bakıdan gələn dəstəyi gözləyir və  AFİ yə çox qoşulmur. Yeni yaranan dərnəklərin bayraqlı restoran şənliklərinə qoşulurlar. Diaspora Komitəsi ilə əməkdaşlıq üçün həm də layihə vermək, sənədləşdirmək və sairə işlər görmək lazımdır, bu da hər adamın işi deyil deyil deyə hərəkatda zəiflik var. Mən hər zaman şükranlıq hissi ilə yanaşıram hər təşkil olunan tədbirə. Məsələn, orduya dəstək üçün mitinqlər keçirilir, və ya Xocalıya böyük mitinq həsr olunurdu son illər.
  Çox böyük hadisədir ki, 2020-ci ilin yanvarın birindən İsveç televiziyasının İctimai kanalında Azərbaycan proqramı üçün həftədə bir dəfə yer alınıb. Mütəmadi olaraq verilişlərimiz gedir, və bu proqramlar öncədən 30 dəqiqə idi, avqust ayından etibarən isə bir saatlıq olubdur. Verilişin produseri Rahim Sadiqbəylidir. Rahim bəylə çalışırıq Azərbaycanı mütərəqqi bir ölkə olaraq göstərək, hər tərəfli həm mədəniyyətimizi həm də tarixi, siyasi-ictimai həqiqətlərimizi İsveç cəmiyyətinə yayınlayaq. İsveç cəmiyyəti 10 millyon olsa da, bu millət dünya çapında çox aktivdir deyə, burada yaranan opinion (fikir) çox önəm daşıyır. İsveç siyasətçiləri BMT də, UNESCO-da, Avropa Şurasında, Avropa Parlamentində, Avropa Kommisionunda və digər nüfuzlu beynalxalq qurumlarda hər zaman aparıcı qüvvə olublar. Çətin də olsa onlarla ilişgilər qurmağımız və onlara fikir çatdırmağımız usanılmadan görülməlidir. Və heç də sirr deyil ki, onlardan öyrənəcəyimiz çox şey vardır.
 


- Yəqin  qürbətdə  nastolji yaşayırsınız, bu ən  çox nə  ilə bağlı olur?

 -Mən uzun zamandır burada yaşayıram deyə, öyrəncəliyəm. Artıq yaşadığım şəhərdə küçəyə çıxanda çox üzlər tanışdır, çox insan salam verir, hal-əhval soruşur. Nostalji yaşamağa heç vaxtım da yoxdur, bəlkə ona görə hiss etmirəm. Bəlkə də bilirəm ki, vətənə gedə bilərəm, ona görə. Xoşbəxtlikdən demək olar ki, hər il olmasa da, il yarımda bir Bakıya getmişəm. Mən indi vətəni düşünəndə duyğularımın adını bilmirəm bəzən. Uzun zaman xaricdə yaşamaq və dövlət işində aktiv işləmək insanı dəyişdirirmiş. Nostaljim ondandır ki, mən Azərbaycanda yaşarkən hiss etdiyim arxayınçılıq duyğusunu və doğmalarının sənin qayğına qalması hissini unutmuşam. O hissi bir də yaşaya biləcəmmi onu da bilmirəm.

- Azərbaycan bu günlər  30  ildə  görmədiyi  işləri  görür, bu sizdə  hansı hisslərri yaşadır?

-Həm qurtuluş hissi, nəhayət ki, torpaqlarımız düşmən tapdağından təmizlənir, soydaşlarımız öz yurd-yuvalarına qovuşacaqlar. Bu fikir məni də hamı kimi çox mutlu edir. Həm qürür hissi keçirirəm, çünki bütün dünya görür ki, Azərbaycan güclü dövlətdir, güclü Milli Ordusu var, həm də güclü kadrları yetişib. Bu günlər bütün dünyanın gözü Qarabağ savaşın gedişini izləyir, həm də Qarabağın necə cənnət bir diyar olduğunu görürlər. Onu da deməliyəm ki, həm də çox üzgünəm, çünki bu savaş bizdən çox sayda şəhid aldı. Allah hamısına rəhmət eləsin. Gəncədə, Tərtərdə, Mingəçevirdə dins əhaliyə atılan raketlər üzündən yaşanan insanlıqdan  xaric  faciələr isə hamıda qorxu hissini yaratmamışdır desək, yalan olar. Lakin müharibə müharibədir. Amansızdır. Və mən hər gün bizə qələbə sevincini yaşadan Ali Baş komandana, əsgər və zabitlərimizə, onları böyüdən ana və atalara dua edirəm. VƏ... yekun QƏLƏBƏ xəbərini gözləyirəm.  30 ildir başımıza gəlməyən bəla qalmadı. 30 ildir ölkəmiz müharibə şəraitində yaşayıb. Bu 30 ildə ölkəmizin inkişafı və xalqımızın rifahı üçün nələr etməzdik! Artıq sülh bərqərar olar, insanlarımız qaçqınlıq həyatı deyil, öz torpağını əkib becərərək doğma yurdunda yaşayar deyəümidliyəm. Artıq ölkəmiz gələcək planlarını daha geniş perspektivli qura bilər deyə Allaha şükürlər edirəm. 
 
-Özünüz  daha hansı suallara  cavab  verərdiniz?

- Bu 30 il, və özəlliklə son yarım ilin hadisələri bizə nəyi öyrətdi? Mən indi bütün Azərbaycan xalqının artıq millətləşmə sürəcinin yeni mərhələsini yaşadığını, həmrəyliyin, birliyin, öz soyuna və ulusuna sahiblənmənin nə demək olduğunu əyani şəkildə gördüyünu düşünürəm. Öz kimliyini və öz ulusunu tanımaq və yalnız ona arxalanmağın dəyərini anladığını düşünürəm. Sanıram bundan sonra, 7 dən 77 yə hər kəs ölkəmizin tarixini, torpağının, ərazisinin coğrafiyasını öyrənməyə önəm verəcəkdir. Hər kəs informasiya məzmununa tənqidi yanaşacaqdır. Ölkəmizin və dövlətimizin mənafeyini müdafiə etməyi bacaracaqdır. Bu 30 il bizə dostumuzun və  düşmənimizin kim olduğunu yaxşı göstərdi. Hətta onu göstərdi ki, biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir.    
 
Söhbəti Pərvanə Məmmədli apardı









Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.