A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
22.09.20

Mənim ünvanım -Yaltadır 
                                                                                A.P. Çexov 

        

 Gənc yaşlarımda bizim yazıçıların Yaltada yaşayıb-yaratdıqlarını oxuyanda qeyri-adi gələrdi mənə...  Fövqəladə bir yer düşünər, padşah saraylarına səyahət kimi təsəvvür edərdim. İş elə gətirdi ki, pandemiyanın dünyanı çalxaladığı  bir dövrdə koronavirusdan qaçış dalğası məni vurub Krıma saldı.
Krımla ilk tanışlığım yaradıcılığı qədər şəxsiyyətini sevdiyim İsmayıl Şıxlı ilə başlayır: Kerç boğazı, Taman yarımadası "Cəbhə gündəliyi”ndəki ölüm-dirim savaşından  böyük yazıçıyla bərabər səhifə-səhifə sağ çıxanların keçdiyi çoğrafi ərazilərdir.     
  Bəs Yalta? Yəqin, başqası Yaltanı sizə zəngin imperator sarayları, Livadiya, Massandra, Voronsov bağı və digər onlarla  gəzməli, görməli, dincəlməli yerlərlə anladar. Mənə görə isə, Yalta dediyin başdan ayağa çinar, alça, qovaq, palıd, şam, qoz, şabalıd ağaclarıdır. Az qala Çexovun məşhur "Tələbə" hekayəsinin qəhrəmanının gününə düşürəm: burada olan Azərbaycan yazıçılarının nə hiss etdiklərini anlamağa çalışıram. Məsələn, Rəsul Rzanı düşünürəm: heç sözsüz adam özünü çinarlı Göyçayda hiss edirmiş: insanın ayaqları öz torpağında güclüdür axı...  Dediyim odur ki, Yaltanı Göyçaydan fərqli qılan başı buludda olan şəhərin bədəninin dağda, ayağının dənizdə olmasıdır.  Qarabağı görməmişəm, amma dolanbac yolları, təzyiq salan aşırımları, qeyri-adi florası, göylərin bağrını dələn heyrətli ağacları (və yenə də dəniz fərqi ilə) Yalta Lerikə oxşayır...
 Bu cür qarışıq fikirlərlə, Qara dənizi "gözləmə" məqamında saxlayıb,  "Mənim ünvanım -Yaltadır" deyən, təkcə rus deyil, dünya ədəbiyyatının klassiklərindən Anton Pavloviç Çexovun ev muzeyinə – "Ağ bağ evi”nə ("Белая дача”) yollanıram.
 
 

 Qeyd: əgər Yaltaya gəlsəniz, avtovağzaldan 6 nömrəli marşurutla tam ev muzeyinin önündə dayanacaq ala bilərsiniz.
 100 ildən artıqdır ki, Yaltanı Çexovun şəhəri adlandırırlar. Yalta – Anton Pavloviç üçün sadəcə şəhər deyildi, burada onun həyatının son illəri keçmiş, "Üç bacı", "Gilas bağı" , "İtgəzdirən qadın" kimi böyük əsərlər, onlarla kiçik hekayələr yazılmış, Tolstoy, Stanilavski, Bunin, Kuprin, Şepakin, Levitan, Şeqlov, Potapenko, Akademik A.Koni, Kondakov və s kimi ədəbi simalarla görüşlər keçirilmişdi. Yazıçı Yaltayla doğuşdan heç bir tellə bağlı olmasa da, məhz bu şəhər onun qısa həyatında son akkordlar olmuşdu.
 İlk dəfə Çexov Yaltanı 1888-ci ildə Qara dənizdə üzərkən, gəminin göyərtəsindən görür. Dostlarının söhbətlərindən dinlədiyi dəbli kurort şəhəri onu ehtizaza gətirmir. Bütün bu – kedrlərlə əhatələnmiş Massandra, Qurzuf –  paraxoddan ona  "qalın kolluq kimi" görünür. Baxmayaraq ki,  Krıma münasibəti bu mənada az dəyişir, amma yazıçı bir il sonra Yaltaya yenidən gəlir: bu dəfə müalicə və iş üçün. Paytaxt həkimləri Çexova vərəm diaqnozu qoymuş,  müalicə üçün havası quru və isti Yaltanı məsləhət görmüşdülər. Yazıçı ilk vaxtlar müxtəlif  şəhər mehmanxalarında qalır;  sahildə gəzintilər, Paris malları ilə zəngin maqazinlər, ətirli konditer kafeləri onun yaradıcı təfəkküründə dərin iz buraxır–"İt gəzdirən qadın" meydana çıxır. Qara dənizin Yalta sahilləri Çexovun çox xoşuna gəlir: "Onun sahillərində min il darıxmadan yaşamaq olar" – deyə yazır.
 Artıq 1894-cü ilin yazında Çexovu Yaltaya yerdəyişmək həvəsi gətirmir: "Krıma gedirəm. Öskürək aman vermir, amma ciddi bir şey yoxdur"- hesab edir həkim Çexov.  Ciddi xəstəliklərin inkişafı zamanı bu faktorun necə vacib olduğunu nəzərə almadan...
 O, ən gözəl Yalta mehmanxanalarından "Rusiya" otelinin 39-cu otağında qalır. Havalar yağışlı keçir, yazıçı çox işləyir və ən çox da axşamlar: beləliklə, tənqidçilərin "yeni istiqamətin incisi" adlandırdıqları "Tələbə" yaranır.
 Çox vaxt yaşam şərtləri bizdən güclü çıxır. Cəmi 4 il keçir və Anton Pavloviç həyatda qalmaq üçün Yaltada yaşamağı ciddiyə almalı olur. "Mariol" mehmanxanasında qalan, yazmağa davam edən yazıçının şəhər xoşuna gəlməyə başlayır və tamamilə buraya yerləşmək qərarına gəlir. 1898-ci ildə Çexov şəhər kənarındakı Autka kəndindən 800 kv.sajin torpaq sahəsi alır. Sahə, bacısı Mariyanın xoşuna gəlmir: "Nə bir ağac, nə bir bitki..." Amma ev yerindən açılan mənzərə çox gözəl idi. Özü isə məktublarının birində yazır: "Amma bizim torpaq sahəsindən nə mənzərə açılır?!.. Bu mənzərə deyil, rahat-hulqumdur...” 
Ev tikmək üçün çox böyük vəsaiti olmayan Çexov əsərlərinin ədəbi mülkiyyət hüququnu Peterburq naşirlərindən Adolf  Marksa satır. 
 
 

 Qeyd. Sonradan məlum olur ki, bu çox sərfəsiz bir müqavilədir. Belə ki, heç bir il də keçmir, müəlliflərə nəşriyyat qonorarı çox yüksəlir.A. Marks bu sözləşmədən çox varlanır. Başda M.Qorki olmaqla bir çox dostları Adolf Marksa müqaviləni ləğv etməyi xahiş edən məktub hazırlayırlar. Çünki Çexova verilən 75 min rubl çox az məbləğ idi. Bunu eşidən yazıçı müraciətə qarşı gəlir. Dostlarının belə bir şey etməsinə imkan vermir.  
 Şəhər gəzintilərindən birində Anton Pavloviç moskvalı gənc arxitektor L.N.Şapovalovla tanış olur, gələcək "Ağ bağ evi"nin tikintisi ona həvalə olunur. Çexov və bacısı Mariya Pavlovna işin gedişində tikintiyə lazımi əlavə və dəyişikliklər edirlər.
 "Ağ bağ evi” ("Белая дача”)  üç mərtəbədən ibarətdir. Tikinti zamanı birinci mərtəbədə yeməkxana, qonaqlar və qohumlar  üçün otaqlar  Çexovun təsəvvür etdiyindən  daha geniş alınır.İkinci mərtəbədə  qonaq otağı, anası Yevgeniya Yakovlevna üçün oda da saydığından baha başa gəlir. İş otağında isə həm çox işıq, həm də təmz hava verməsi üçün geniş, üç hissəli pəncərə qoymağı qərara alırlar. Yelçəkməkdən qorumaq üçün Çexovun  iş  stolunu divarda yarıq şəklində açılmış –xüsusi işlənmiş hissəyə yerləşdirirlər.  İş  kabinetindən  yataq otağına qapı açılır.Üçüncü mərtəbədə yerləşən bacısı Mariya Pavlovnanın otağı isə həm rəssamın iş yeri, həm yataq  otağı, həm də kabinet kimi layihə edilir.
 Çexov təkcə tikintinin gedişinə qarışmır, evin təmir işləri ilə də məşğul olur. O, şəxsən Yaltada və Moskvada divar  kağızları, qapı üçün əl tutacaqları sifariş edir. Doğrusu, ev muzeyini gəzərkən otaqların interyerinin hansı üsluba aid olduğunu müəyyənləşdirmək çətindir. Çünki evin tikintisi zamanı Şapovalova da izah edildiyi kimi, üstünlük  sadəliyə və rahatlığa verilmişdir. Kabinet üçün seçilən "Jakob” mebeli  fransız ustalarının əl işi olaraq ampir üslubunda olsa da, yemək otağında Vyana stulları diqqət çəkməyə bilmir. Qonaq, yataq, yemək otaqları üçün mebellər Melixovda, Moskvada,Yaltada sifariş edilsə də, evdə dostlar tərəfindən hədiyyə edilmiş əşyalar çoxdur. Bu barədə Çexov həkimi Altşullerlə söhbət zamanı yarızarafatla deyir: "Kimsə dedi-qodu yayıb ki, mən qədim əşyaları sevriəm, mən isə onları görməyə belə dözə bilmirəm.”
Qeyd. 1870-1910-cu illər Rusiyada xalq sənətinə qayıdış dövrü kimi səciyyə olunur. Bütün sənət növlərində qədim əl işləmələrinə diqqət verilir, mebellərdə, əşyalarda "rus stili” qabardılırdı. Dövrün ən məşhur emalatxanalarından biri  "Abremsevlərin dülgərlik atelyesi” idi. Çexovun da bu emalatxanadan sifarişlə gətizdirdiyi,  rus mebel sənətində romantik istiqaməti ilə  seçilən bu dövr  mebelləri evdə xüsusi aura yaradır.
 Bütün Çexov ailəsi çox istedadlı idi. Qardaşı Nikolay və bacısı Mariya  rəsmlə məşğul olurdular.( Levitanı da  Anton Pavloviçlə də Nikolay tanış etmişdi .Faciəli şəkildə cavan ölüb.)   Bir çox otaqları onların tabloları bəzəyir. Ümumiyyətlə, istər hədiyyə edilən, istər Kolya və Maşanın tabloları evə xüsusi, zəngin  interyer atmosferası verir.
  "Ağ Bağ Ev”i  yerli şəraitə uyğunlaşdırılaraq tikilib. Arxası qayaya yaslandırılan evə ön tərəfdən baxıldıqda , üç mərtəbə olduğu bilinir . İkinci mərtəbəsi qayanın üstünə elə  yerləşdirilıb ki, arxadan ev ikimərtəbə  kimi görsənir.
 
 

 Yaz gəlir və Çexov böyük  məmuniyyətlə bağçann salınmasına girişir.Gündəliyində yazır: "Bağça qeyri-adi olacaq. Hər şeyi öz əllərimlə – özüm əkirəm. Ən gözəl qızılgüllərdən başlamışam – ən mədəni, ən bərəkətli növlərindən.”  Və yüzə qədər qızılgül növü əkir. Onların çoxu Krıma ilk dəfə gətirilirdi. Əkilən ağacların içində subtropiklər üstünlük təşkil edir. Bir sıra növləri özü ilk dəfə görən Çexov evkalipt, xurma, limonla daha çox  maraqlanır. Bağçada quraqlıq zamanı suvarmada  yağış sularının yığılaraq istifadə edilməsi  üçün altı yerdə xüsusi böyük gil qablar yerləşdirir, nəmişliyi qorumaq üçünsə bağı terraslara ayırır.  Çexov öz bağını "əbədi yaz” prinsipi ilə salır.Burada hər zaman nəsə çiçəkləyir: noyabr-dekabr aylarında bağı muşmula çiçəkləri bəzəyir, fevralda  qarçiçəkləri, martda  bənövşələr, mayda  yaz çiçəkləri, iyulda maqnoliyalar, oktyabrda qızılgüllər  göz oxşayır.
 Mülayim rus təbiəti üçün darıxan yazıçı bağında maraqlı bir gediş edir: Cənub palmasının əks tərəfində  ağcaqayın əkir.   Palma cənub klimatında  özünü  evindəki kimi hiss etsə də, ağcaqayın bu isti və quru havalara heç cür öyrəşə bilmir. Bu gün bağda bütün ağaclar və gül kolları Çexovun öz əkdikləri deyil. Bağa girdiyinizdə salxım söyüd, bambuk, maqnoliya, tut, palma, kiparis və dörd növ kedr ağacı  yaşı və görünüşü ilə digərlərindən fərqlənərək diqqətinizi çəkməyə bilməz. Məhz onlar illərin sınağına sinə gərib, memorial ağac olaraq dövrümüzə çatmışlar.
 Bağı olduğu kimi saxlamaq üçün vaxtaşırı quruyan növlərin yerinə eynisini əkirlər. Son dövrlərdə bağa Taqanroqdan dörd ağcaqayın gətirilib ki, onlardan ikisi hazırda yaşayır.
 Rasional adam olan Çexov evin dörd tərəfinə kedr və kiparis ağacları əkmişdi. Himalay,italyan, şimal, krım kedralarının tüklü pəncələri bağ evini soyuqdan qorumaqla yanaşı ifraz etdikləri "fitoçid”lə vərəm çöplərini də öldürmək  funksiyasını  yerinə yetirirdilər. Anton Pavloviç bağında 190 növə qədər dekorativ bitki, ağac , kol növləri əkmişdi. Yuxarıda da qeyd etdiyim kimi,onların çoxunu xüsusi sifarişlə gətizdirir, yerli mühitə uyğunlaşdırmağa çalışırdı.  Beləliklə, yazıçı Çexov  bağçılıq və bitkiçilk haqqında kitablar yazmağa, bağban Çexova çevrilməyə başlayır. Onun bağçılıq səylərini dostları da  böyük məmuniyyətlə  dəstəkləyir, yazıçıya xüsusi kataloq və jurnallar göndərirlər. Çexov özü də bağ və bağçılıq müəssələrinə müraciət edir, onlardan nadir bitki və ağaclar sifariş edirdi. Hər dəfə yazda bağdan gedərkən, hər bitkini bağbanı Arseniyə bərk-bərk tapşıran yazıçı: "Bağ canlı yaratıqdır. Qulluq və baxımla gözəl və mədəni yerə çevrilən məkandır." – deyə nəsihət edirdi.
 Son yüz ildə bağ çoxlu dramatik hadisələr yaşamışdır. Ona xüsusi çalar verən  amfora qablarına, şəhər su qovşağına qoşulmasına, qazılmış quyulara baxmayaraq   susuzluqdan əziyyət çəkmiş, 1927-ci ildə zəlzələ zamanı müəyyən qədər dağılmış, (Nikit Botanik bağının mütəxəssisləri tərəfindən bərpa olunmuşdur.)  müharibə zamanı həyətə düşən mərmilərdən Çexovun öz əli ilə əkdiyi lavr və kedr ağaları parçalanmış, pixtanın yuxarı hissəsi faşistlər tərəfindən  milad şənliyi üçün mişarlanaraq aparılmış və s...  Bütün bunlara baxmayaraq sahibi kimi möhtəşəm bu bağ ayaqda qalmış, dinc quruculuq illərində bərpa edilmişdir.
 
 

 Çexovun bağı – Bağ evi ilə kompleks əlaqədə olan canlı orqanizm kimidir, onları bir-birindən ayrı təsəvvür etmək olmaz.   
 İndi turistlər üçün  Yaltadakı evin  bağçasında,  bir çox yerlərdə  oturacaqlar quraşdırılmışdır.   Çexovun sağlığında isə  bağın sakit künclərindən birində tək bir oturacaq vardı. Onu Anton Pavloviç  taxtadan şəxsən  düzəltmişdi. Orada Qorki, Levitan. Kuprin, Bunin kimi qonaqları ilə oturub ədəbi söhbətlər, mübahisələr etməyi sevirdi.   Sonralar bu oturacaq  "qorki skamyası" adlandırılır.  Niyə "Qorki skamyası?” 
 Qeyd. 1901-ci ildə M.Qorki inqilabi fəaliyyətinə görə həbs edilərək cəza olaraq Arzamasa göndərilir.Xahişi nəzərə alınaraq sürgün yeri Krıma dəyişdirilir. Amma Yaltada qalmaq Qorkiyə  qadağan olunur. Yalnız yaxın kəndlərdə qala bilərdi. Onda Anton Pavloviç Aleksey Maksimoviçi "Ağ bağ evinə” qeydiyyata salır, çünki faktiki olaraq ev şəhər kənarındakı Autka kəndində idi.
 Beləliklə, Çexovun  şəhər xüsusiyyətlərinə yad olan bağ evində 1901- ci ilin noyabrında böyük rus yazıçısı Maksim Qorki  aydan artıq yaşamış, "Ağ ev”in birinci mərtəbəsindəki qonaq otağında müxtəlif vaxtlarda Levitan, Kuprin qalmış, yemək otağındakı qonaqpərvər "qırxayaq stol”un (Çexov stolu xüsusi sifarişlə düzəltdirmişdi) arxasında  yazıçı-jurnalistlər  Qilyarovski, Nikolay Qarin-Mixaylovski, Nemiroviç-Dançenko, Mamin-Sibiryak, Korolenko, Leonid Andreyev oturmuşdular.
 Maraqlıdır ki, məşhurların bölgəyə gəlişi haqqında  xəbər yazan yerli qəzetlərdə belə xəbərdarlıqlara rast gəlmək olardı : "Yay mövsümü qurtarır. Çexov gəlib. Qorki gözlənilir.” "Moskovskiy listok” 1 noyabr 1901, Yalta.
 Deyirlər, Yaltada, şəhərin hər yerində qadınlar Çexovu təqib edirmişlər. Onları "antonovka” adlandırırlar.  Çexov  isə xəstəliyi səbəbi ilə qadınlardan kənar qaçırdı. Amma bağ evinin daha bir arzu olunan qonağı vardı : Olqa Leonardovna Knipper. Moskva Bədii Teatrının artisti, Çexov əsərlərində baş rolların mükəmməl ifaçısı,  "ər  rolu məni qorxudur”- yazan yazıçının qəlbini fəth edir, 1901-i ildə onu izdivaca razı salır.   Onların münasibətləri sadə və asan deyildi: xəstə Çexov qışı Yaltanın darıxdırıcı ənginliyində başa vurur, Olqa Knippper Moskva səhnəsi və ərinin yanında olma  səyi arasında çırpınırdı.  "Əgər biz bir yerdə deyiliksə, buna  nə sən günahkarsan, nə mən. Günahkar məndə yerləşmiş şeytan bakteriyaları, səndə olan incəsənətə məhəbbətdir” –deyə Çexov məktublarının birində yazır.
 Moskva Bədii Teatrının artistləri Çexovun Yalta təcridindən dərin narahatlıq keçirirlər və 1900-cu ilin  aprelində bütün truppayla Krıma yola düşürlər: Sevastopol və Yaltada Çexovu oynayırlar. "Anton Pavloviçin görünüşü dəhşətli dərəcədə canlanmışdı” – deyə rejissor Stanilavski xatırlayır. Mariya  Pavlovna isə yazırdı: "Bizim evimizin qapıları bu günlərdə bağlanmırdı”. O şaqraq günlərdən həyəcanla danışan muzey işçisi isə deyir: "Teatrın aktyorları bütün bağçaya, evə səpələnmişdilər. Yer çatmadığı üçün onlar yemək stoluna növbə ilə otururdulr. Hər yerdə qızğın məşqlər, mübahisələr, yaradıcılıq mübadilələri gedirdi. Bu atmosfera yaşam mübarizəsi verən xəstə Çexov üçün çox vacib idi.”
 Qeyd. Bunları cib dəftərimə qeyd edib, kövrəlirəm, kasıblıq və ehtiyac içində ömür sürən, Mirzə Cəlil və Həmidə xanımın, Ömər Faiqin dəstəyilə yüngül müalicə alan, xəstəliklə baş edə bilməyən :
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəxti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməyə imdi üzü qarə ciyərim. –  deyən böyük Sabiri xatırlayıram. Deyəsən,  ekskursovod elə bilir ki,  Çexovun taleyinə  ağlayıram.
 Çexovun kabinetində içi naxışlarla bəzəkli  taxta boşqab var.Gələn qonaqlar, oraya vizit  kartlarını buraxarmışlar. Bu qastroldan sonra o boşqabdakı vizit kartlarının sayı artmağa başlayır. 
 Anton Pavloviç  ona yaxın olan adamların şəklini yelpək şəklində kabinetində yerləşdirir. Onların arasında Şalyapin, Raxmaninov, İsaak  Levitan xüsusi yer tutur. Levitanın bir neçə rəsm əsəri məhz Çexov kabinetində həyat qazanıb. Şalyapinin səsi isə bu divarları dəfələrlə sevindirmişdi.
 Ümumiyyətlə, Çexovun ev muzeyinin fondunda 16600 əşya qorunur ki, onlardan  7300-ü elmi tədqiqat obyektidir.  Məlumdur ki, bir ekskursiya daxilində bunların heç yarısına işıq salmaq mümkün deyil. Amma ən maraqlılarını sizlərlə bölüşməyə çalışıram.
 
 

 Əgər biz birinci mərtəbədə daha çox qonaq və qohumlarla əlaqəli əşyalarla qarşılaşırıqsa, iknci  və üçüncü mərtəbə daha çox yaxın ailə üzvlərinə aiddir.  Yuxarıda da qeyd etdiyim kimi evin layihələnməsi zamanı Çexov anası Yevgeniya Yakovlevna üçün ayrıca otaq nəzərdə tutur. O anasını çox sevir, "əgər istedadımız atamızdandırsa, ruhumuz anamızdandır”- deyə bu qayğıkeş, sevimli qadın haqqında yazır. Yevgeniya Yakovlevnanın otağı sadəliyi, əşyaların minimum olması ilə diqqət çəkir. Yuxarı küncdəki ikonadan ağ çarpayı örtüyünə qədər hər şey ömrünü ərinə və övladlarına həsr edən qadının yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. "Ağ bağ evi”nə yalnız anasının xahişi ilə 1911-ci ildə kiçik bir əlavə edilmişdir: qapı bir başa çölə açılmasın deyə onun otağının yanından örtülü eyvan artırılmışdır.
  Yevgeniya Yakovlevnanın otağının qarşısında şüşəli, hündür şkaf dayanır: Onun içində Mariya Pavlovnanın 90 illik yubileyində geyindiyi lacivərd əlbisə, boyu 186 sm olan Anton Pavloviçin dəri plaşı və 43 ölçülü dəri çəkmələri sərgilənir. Araşdırmaçılara görə, Anton Pavloviç boy ölçülərinə görə həməsrlərindən xeyli hündür idi. Və bütün geyimləri xüsusi sifarişlə tikilirdi.
  Ev muzeyinin orijinal eksponatlarından biri də 1899-u ildə  quraşdırılmış, məşhur isveç firması "Erikson”a aid  ev telefonudur.  Qışda şəhərin kurort həyatı sakitləşəndə Anton Pavloviç dostları üçün həsrət çəkirdi: "Evdə çox darıxdırıcıdır. Yeganə sevinc telefonun çırpınmasıdır.”  Telefonla Moskvadan  teleqramları çatdırırdılar. Yazıçı səbirsizliklə pyeslərinin səhnəyə qoyulma xəbərlərini gözləyirdi. Məsələn, "Vanya dayı” tamaşasının böyük uğurla keçməsi xəbərini telefonla almışdı.  Anton Pavloviç Yaltada yalnız öz evində qonaq qəbul etmirdi. Yaxınlıqda olan yazıçılara qonaq da gedirdi. 1901-ci ilin sentyabrında Qaspredə Qrafiniya Panina-Qasprinin evində yaşayan, istirahət edən və müalicə alan Lev Tolstoyla görüşən  Çexov daha sonra, dəfələrlə onunla  telefonla  danışır, səhhətindən xəbər bilir. Bu görüş haqqında L.Tolstoyun  qeydləri də diqqət çəkməyə bilmir: "Burada Çexovu görürəm, tamamilə Tanrısız, amma xeyirxah”. Çexov özü isə bu çətin günlər haqqında yazırdı: "Mən Tolstoyun ölümündən qorxuram. Əgər o ölsəydi, mənim həyatımda böyük bir boşluq yaranardı. Əvvəla, mən onu sevdiyim kimi ikinci bir adamı sevmirəm. İkincisi, ədəbiyyatda Tolstoy kimi adam olanda, ədəbiyyatçı olmaq asandı, hətta heç nə etmədiyini , edə bilmədiyini dərk etmək  elə də qorxulu deyil, çünki hər şeyi hamının yerinə Tolstoy edir.”  Kabinetdə Tolstoyun böyük  litoqrafik  (çap qrafikalı) porteti və dəri çərçivədə öz əli ilə şəxsən yazılmış : "Антону Павловичу Чехову–Лев Толстой” – şəkli qorunur.
 Qeyd. Vurğulamaya bilmərəm ki, bütün simpatiyasına baxmayaraq, böyük yazıçının böyük istedadını dəyərləndirən, Tolstoya dərin hörmət bəsləyən Çexov onun təliminə, pisliyə qarşı zorakılıqla çıxmamaq fikrinə mənfi münasibət göstərmişdir.
  Ev muzeyində iki otaq ekskursiya  gəzinti proqramına daxil edilməyib: iş otağının sağ küncündə oymalı  naxışlı qapısı Anton Pavloviçin məhrəminə açılan yataq otağı və hündür, yaraşıqlı, zərif taxta pilləkənlərin qaldırdığı  üçüncü mərtəbədəki bacısı Mariya Pavlovnanın odası.Bu tədbir parket və pilləkənin qorunması məqsədi ilə alınmışdır.  Bu iki odaya  dair gəzinti öncəsi izlədilən video süjetə əsasən demək istərdim ki, yataq otağındakı  çarpayı, önündə  yazı stolu, kreslo, jurnal stolu, şamdan , divar rəsmlərinə qədər hər şey Çexov yalnızlığını əks etdirir. Bu otaqda  arxa balkona çıxış var. Bu balkon bərk-bərk tutulmasına baxmayaraq, qış aylarında soyuq üfürməsi ilə yazıçıya xeyli problem yaradırmış.
  Çexovun yazı masasının üstündəki əşyalar onun maraqlarını əks etdirir: həkim  Çexov stetoskop,  plessimetr, tibbi çəkicdən istifadə edə bilərdi. Səyahətçi Çexov yol xəritəsini vərəqləyə bilərdi. Yazıçı Çexov şəxsi poçt tərəzisində göndərdiyi materialların çəkisini ölçərək yoxlaya bilərdi. Stolda yazı ləvazimatları, mürəkkəb dəsti, sadə şamdan, sevimli, kədərli Çexov qəhrəmanları Olqa, Maşa, İrina Prozorovaları əks etdirən üç qadın fiqurlu bürünc qutu da yer alır.
 Qeyd.Çexovun Yaltadakı evində kabinet böyük deyil: on iki addım uzunu, altı addım eni olan , təvazökar , amma hansısa özünə məxsus cazıbə ilə nəfəs alan bu otağı görən hər kəsi həyəcan bürüyür. Adam özünü  Anton Pavloviçin hüzurunda qonaq kimi hiss edir, hərəkətinə, danışığına, duruşuna bir sığal verməyə çalışır, sanki yazıçının varlığını, yaxınlığını duyur.
  İşıqları kerosin çilçıraqlar vasitəsilə yandırılan evə,  elektrik 1911-ci ildə çəkilib.  İstilik sistemi isə ocaq qalama ilə həyata keçirilirdi. Evdə altı rus sobası  və Çexovun kabinetində  böyük daş soba var. Bu gün də hamısı işlək vəziyyətdədir.   
    Levitanın Yaltaya son gəlişlərinin birində yazıçı ona şikayətlənir ki, "Burada, Krımda – ona orta  rus peyzajı çatışmır, kədər və tənhalıq qəlbini sıxır.” Levitan Mariya Pavlovnadan karton xahiş edir, cəmi yarım saat içində "Aylı gecədə ot tayaları” ("Стога сена в лунную ночь”) adlı etüdü  çəkərək, daş sobanın üzərinə yerləşdirir.
    Siz nə kabinetdə, nə başqa otaqlarda kitablarla zəngin çoxsaylı şkaflar görə bilməzsiniz. Adətən, biz muzeylərdə ən çox buna rastlayırıq. Belə ki, Çexov Yaltaya gəlməzdən öncə özünün bütün kitabxanasını minnətdarlıq əlaməti olaraq doğma şəhəri Taqanroqa hədiyyə olaraq göndərir. Çünki Taqanroq şəhəri onun Moskvada tibbi təhsil almasını maliyyələşdirmişdi. (İş otağındakı kiçik kitab şkafında yazıçıya Yaltada olarkən avtoqrafla hədiyyə edilmiş 350-yə qədər kitab qorunur.)
   Kabinetlə yanaşı yerləşən qonaq otağına xüsusi rəng verən  "Smidt və Vaqner” markalı pianino  Çexov tərəfindən Yaltada alınmışdı. Pianino köklənib, çalınır, doğrudur, hər kəs və hər gün çala bilməz.   Muzey işiləri çalışır ki, ildə bir dəfə bu evin divarları  musiqi səsi eşitsin, ev canlı qalsın, hər bir əşya o dövr Çexov atmosferasını qoruyub saxlaya bilsin.
 Qonaq  otağında "rus stili" hökm sürür. İstər Abramsevlərin dülgərlik emalatxanasının incisi "sütunlü şkaf”, açılıb yığılan stol, istər yazıçının anası və bacısı tərəfindən hörülən masa örtüyü, əl işi pəncərə  pərdələri, istərə də, otağı bəzəyən tablolar, divara bərkidilmiş pərəstişkarlarının hədiyyəsi  palma budaqları, rus sobası  daxili interyerin tərzini yaradır.
Qonaq otağının salonunda dekorasiyanın xüsusi atributu olan, Çexov tərəfindən Moskvada alınan, P.Bure firmasına məxsus böyük divar saatı asılıb. İndi bu saat yalnız ev sahibinin ölüm vaxtını göstərir:gecə saat 2:30!
 Qonaq otağının qarşısında yay eyvanı yerləşir. Burada türk taxtı quraşdırılmışdır. Bəzən qonaqlar çox olanda, yer çatmayanda eyvanda "türksayağı çayiçmə” mərasimi düzənlənərmiş.
 
 Çexov Yaltada ictimai fəaliyyətini dayandırmır. Yalta Qızlar Gimnaziyasının müəllimlər şurasının üzvü olur. Az təminatlı və xəstələr üçün bünövrəsi qoyulan xəstəxananın tikilişi üçün pul yığılmasına kömək edir, özü də 5min rubl bağışlayır. (Bu sanatoriya bu gün də işləyir və Çexovun adını daşıyır.)
  Bir dəfə Çexov Muxalatkada yerləşən krım-tatar məktəbinin müəllimindən məktub alır: müəllim dərs vəsaiti almaq üçün maliyyə olmamasını yazır.  Anton Pavloviç öz pulu ilə "Tərcüman” qəzetinin  redaksiyasında hesab , orfoqrafiya və dini dünyağörüşünə aid  256  kitab çap etdirib, məktəbə çatdırır.
Qeyd. Xatırladım ki, "Tərcüman” qəzetinin redaktoru işıqlı ziyalı İsmayil bəy Qaspıralı idi.
  Sonralar  Qurzufda, sahildəki qayalar arasında yerləşən balaca bir yerdə  ev alan yazıçı, çox vaxt tünlükdən bura qaçır, əzmlə işləyir... və yalnız ən yaxın dostları qəbul edir. Sanki həyat düzəlməyə başlayır.
 1904-cü ilin mayın birində Anton Pavloviç sonuncu dəfə  Yaltadakı evinin əsas girişindən  çıxır, Moskvaya yollanır, teatra getməyə, tamaşalara baxmağa, dostları ilə görüşməyə başlayır. Lakin əhvalı pisləşir, həkimlər müalicə üçün xaricə  getməyi məsləhət bilirlər. Müalicə üçün Almaniya- Vadenvayler şəhəri seçilir . Xanımı Olqa Knipper-Çexova ilə yola düşməzdən əvvəl  Çexov dostu  Nikolay Teleşova deyir: "Ölməyə gedirəm”. O həkim idi və əbəttə öz sağlıq durumunu hamıdan yaxşı dəyərləndirirdi.   Olqa Leonardovna xatirələrində yazır: "Sonuncu gecə çox qorxulu idi. İşığı söndürdük, o Anton Pavloviçin gözlərinə əziyyət verirdi, şamın qalığını yandırdıq. Qorxurduq ki, o da səhərə qədər çatmayacaq.  Qəfildən pəncərədən otağa böyük və boz gecə kəpənəyi girdi, özünü ölümqabağı həsrətlə  əzablar içində divara, tavana, lampaya çırpmağa başladı.”
 Qeyd. Boz kəpənək bir növ Çexovun ölüm mələyi simvoludur. Kəpənək əzablar içində ölərkən, Anton Pavloviç qəribə bir yüngüllüklə dik qalxır, oturur, uca və aydın səslə "İch sterbe” ("Mən ölürəm”) – deyir və 1904-cü il iyulun 14-dən 15-nə keçən gecə, 44 yaşında Almaniyada  həyata gözlərini yumur.
 Amma onun "Ağ bağ evi” qalır: işlətdiyi qələmdən saldığı bağa qədər. Mənəviyyatsızlıq və meşşanlıqla mübarizə aparan əsərləri, həyat verdiyi obrazları, kitabları qalır. Çexov Yaltası və yüksək mənəvi keyfiyyətlərə məxsus Çexov dünyası qalır.
  Bir dəfə Buninlə söhbət zamanı Anton Pavloviç deyir: "Məni hamı oxuyacaq”.
 Bu il  iyulun 15-də Çexovun ölümündən 116 il ötdü... Onu hələ də bütün dünya dillərinə tərcümə edir, hamı oxuyur.
Qeyd. Yaltaya gəlsəniz Kirov küçəsi-112 ünvanında yerləşən "Белая дача”nı mütləq ziyarət edin. İş saatı 10:00 -18:00.

Günay Səma Şirvan

Yalta -Voronej  
iyul-avqust 2020



Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.