“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” adlı kitabı çapdan çıxıb.
Kitabda Azərbaycan milli mədəniyyət sistemində akkulturasiya (yad mədəniyyətlə fasiləsiz kontakt situasiyasında milli mədəniyyətin seçim strategiyası) və folklor münasibətlərinin tipoloji özəlliklərindən bəhs edilir. Azərbaycan milli mədəniyyətinin inkişaf tarixinin müxtəlif mərhələlərində, xüsusən son 200 illik dövrdə Qərb mədəniyyəti ilə təmasının doğurduğu kulturoloji təbəddülat, folklorun bu proseslərdə etnointeqrativ funksionallığı, müxtəlif mədəniyyət nümunələrinin formalaşmasında rolu və sair diqqətə çatdırılır.
Nəşrdə müəllif qeyd edir ki, istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər adi halda olduğundan daha çox, yad mədəniyyətlərlə fəal təmas məqamlarında özünü daha qabarıq göstərir.
Əsərdə “Azərbaycan folkloru funksional struktur sistemi kimi: akkultural-tipoloji kontekst”, “Azərbaycan milli mədəniyyəti kulturoloji sistem kimi”, “Azərbaycan mədəni məkanında akkulturasiya və folklorun etnointeqrativ funksionallığı”, “Milli tarixin taleyüklü akkultural situasiyaları və folklor” kimi elmi problemlərdən bəhs edilir, bir sıra vacib elmi suallara cavab axtarılır.
Folklorun akkultural situasiyalarda milli mədəni sistem bütövlüyünü funksional mexanizmlər vasitəsilə reallaşdırmasını nəzərə alaraq, xalq mədəniyyətinin müxtəlif mətn tiplərinin funksional semantikası ilə bağlı bir sıra araşdırmalar da kitaba daxil edilib.
Yeni nəşr akademik elmi mühit, ali təhsil müəssisələrinin tələbələri, folklorşünaslıq, mədəniyyətşünaslıq, sosiologiya kimi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulur.
|