Təranə Vahid - Uçan buludlar
08.09.20

Hekayə

O gecə Rəhman müəllimin şagirdləri yuxuda uçan buludlar gördülər. Gördülər ki, uçan buludların gözləri var, gördülər ki, bu gözlər Rəhman müəllimin gözlərinə oxşayır,  gördülər ki, Yer kürəsi Rəhman müəllimin gözlərində bir damcı yaşa dönüb  yağmağa yer axtarır... 

...Rəhman müəllim xəstə ürəyinin künc-bucağında onu həyata bağlayacaq nəsə tapmaq istəyirdi, lap elə ilangözü boyda bir işartı, ümid qırığı,  xırım-xırda nəsə...
Çıxış yolunu tapdı: bu gecə hər şeyə son qoyacaq. Bu arzu beynində ildırım kimi çaxıb ovqatını işqlandırdı. Əl-ayağa düşüb saçına-başına əl gəzdirdi, cibindəki azacaq pulları qəpiyinəcən sayıb yenidən yerinə qoydu. 
Soyuducudan kolbasa, pendir çıxarıb özünə süfrə açdı. Uşaqlıq dostu Kərəmin kənddən göndərdiyi zoğal arağını balkondakı şkafdan çıxarıb gətirdi. Çörəkqabında neçə gündən bəri quruyub qaxaca dönmüş, yanı qoparılmış çörəyi  süfrəyə qoyanda eyni açıldı. 
  Rəhman müəllimin dilinə ildə iki-üç dəfə içki dəyərdi, ya dəyməzdi, amma bu gecə ömründə heç vaxt içməyəcəyi qədər içib ürəyini boşaldacaqdı. Birinci badəni  nəyin sağlığına içəcəkdi? Gözü divara sataşdı. Köhnə, soluxmuş divar kağızlarında uçan buludun şəkilləri vardı. Buludlar gözünə birtəhər dəydi, elə bil  buludlar tala-tala olub uçmağa hazırlaşırdı. 27 il əvvəl bu divar kağızını özü seçib almışdı. Mavi buludlar uşaq vaxtı obalarında gördüyü buludlara oxşayırdı. Bu kağızı seçmişdi ki, hər dəfə buludlara baxanda düşmən tapdağı altında olan kəndlərinin qoxusunu alsın. Nə vaxt istəsə yağsın, nə vaxt istəsə, günəşin qabağından çəkilsin, bircə uçub getməsin, bircə tərk etməsin onu. 
Amma elə bil özü kimi buludlar da yorulmuşdu. Bu evdən uçub getməyə  xırım-xırda bəhanələr gəzirdilər.  Sadəcə, pəncərələri açmaq lazım idi... 
... Adətiydi, səhər tezdən oyanıb günəşin ilk zərrəsiylə ürəyini  alışdırar, sonra məktəbə gedib qəlbindəki odla körpəcə uşaqların tərtəmiz qəlbini işıqla doldurardı. Uşaqlar Rəhman müəllimin gözləriylə, ürəyiylə, arzularıyla dünyaya boylanardı. Rəhman müəllim ibtidadi sinif müəllimiydi.  Qırx ildə  qırx nəsil Rəhman müəllimin xeyir-duasını almışdı, qırx ildə qırx ürəkli nəsil böyümüşdü. Təməlləri yaxşı olduğundan, sonraları da yaxşı olmuşdu bu uşaqların. 
Bu səhər də günəşdən erkən oyanıb qəlbini işıqla yuyub salavatlayandan sonra  məktəbə yollanmışdı. İkinci sinifdə oxuyan şagirdləri onu görəndə quş balaları kimi üstünə qaçmış sevincləri dua kimi üstünə yağmış, o da tərtəmiz duaları şükranlıqla ruhuna çiləyib  çöp kimi nazik barmaqlarıyla uşaqların başına sığal çəkmiş, onlara xeyir-dua vermişdi... 
Zəng çalınanda Rəhman müəllim həmişəki qıvraq, inamlı addımlarla doğma sinifinə yollanmışdı.  Dərsi soruşanda, körpələrin əlləri havada alça ağacı kimi çiçək açmış, Rəhman müəllimin ürəyi atlanmışdı... 
Qapı döyülüb məktəb direktoru Bəsirə müəllimə sinfə gələnəcən həyat düzəndəki çay kimi sakitcə axırdı. 
Rəhman müəllim gələnləri salamlayandan sonra araya ani süküt çökdü. 
Bəsirə müəllimə boyalı dodağının bir  ucunu çeynəyə-çeynəyə, sürməli gözlərini qırpa-qırpa nəsə deməyə hazırlaşırdı, amma sözü hardan başlayacağını, nə deyəcəyini  bilmədiyindən duruxub qalmışdı. Handan-hana:
- Rəhman müəllim, bu gün sizin 60 yaşınız tamam olur. Hamı bilir ki, məktəbimizin ən yaxşı müəllimlərindən birisiniz, bəlkə də birincisisiniz. Bütün kollektiv adından sizi təbrik edirəm. 
Rəhman müəllimin işıqlı sifəti bir az da işıqlandı. Çəkinə-çəkinə:
- Təşəkkür edirəm, Bəsirə müəllimə, inanın,  bu tarixi özüm belə unutmuşam - dedi.
Bəsirə müəllimənin göydə axtardığı fürsət yerdə əlinə düşdü:
- Rəhman müəllim, elə qanun da bunu deyir də, insan yaşa dolur, özü kimi yaddaşı da yorulur.  İndi sizin istirahət edən vaxtınızdı. Təhsil şöbəsi bunu nəzərə alıb, sizi bütün qayğılardan qutarmaq üçün  yerinizə Nazilə müəlliməni yollayıb. Bu il pedaqoji universiteti bitirib, gənc kadrdı. Siz özünüz də həmişə deyirsiniz ki, gənclər bizdən çox bilir. Estafeti onlara verməyin vaxtı çatıb. İstədim ki, bu əlamətdar hadisəni doğum gününüzə hədiyyə edim.
Rəhman müəllimin ağbəniz sifəti kətan kimi ağardı, sonra yanaqlarına qızartı çökdü. 
- Nazilə müəllimə məktəbimizə xoş gəlib. İcazə verin dərsi bitirim, sonra necə məsləhətdirsə, elə də olsun – dedi.
Bəsirə müəllimənin çoxdan planlaşdırdığı əməliyyat uğurla başa çatdı. Rəhman müəllimin şərəfini uşaqların gözü qarşısında yerlə-yeksan etmişdi. Xasiyyətini bilirdi, bu əməliyyatdan sonra, nazir də gəlsə, gedəcəkdi.  Bir anda ağlından keçirdi ki,  “ləyaqətli adamlara can qurban. Nə qışqırırlar, nə bağırırlar, quzu kimi üzlərini çevirib gedirlər”. 
Sonra özünü yığışdırdı, çəlimsiz sifətində elə bil ildırım çaxdı.  Son göstərişini verdi:
 - Uşaqlar, bu gündən sizə Nazilə müəllimə dərs deyəcək. O, ingilis dilini sevimli Rəhman müəlliminizdən daha yaxşı bilir, kömpüter bilgilərində tayı-bərabəri yoxdu, ümid edirəm ki, onunla dil tapacaqsınız – deyib dabanı üstünə fırlanıb gənc müəllimə ilə birlikdə otaqdan çıxdı. 
Sinifə çökən sakitliyi Zümrüdün hönkürtüsü pozdu. 
- Mən istəmirəm gedəsiz, getməyin, nolar!
 Uşaqların gözündə təlaşla qorxu bir-birinə qarışmışdı. Bütün sinif Zümrüdə qoşulub ağlayırdı. Sinfin ən nadinc uşağı Nihad ağlaya-ağlaya qaçıb Rəhman müəllimi qucaqladı, bütün uşaqlar qaçıb müəllimlərinin başına yığışdılar. Uşaqların hönkürtüsü, körpəcə ürəklərinin döyüntüsü, gözlərindəki qorxu... Rəhman müəllimin ürəyi heç vaxt belə sıxılmamışdı, heç vaxt belə əlacsız olmamışdı, heç vaxt heç kim onu Bəsirə müəllimənin silahı kimi ağır silahla vurmamışdı... 
... Divardan gözünü çəkib qədəhə araq süzdü. Dilinə gətirməsə də, ilk badəni divarların sağlığına içdi. İnsanlar bir ömür dörd divarın arasında yaşayır. Yaxşı günləri də, pis günləri də dörd divarın  arasında keçir. Arzuları hərdən divaraları aşsa da, gec-tez geri dönüb dörd divra sığınır.  Adamlar divarların arasında doğulub, divarların arasında ölür. 
O, ağlı kəsəndən  divarları sevmirdi. Dəfələrlə bu divarları didib-parçalmaq, dağıtmaq, yerlə-yeksan etmək istəmişdi. Çox istəmişdi. Amma bir ömür çabalasa da, bacarmamışdıdı, doğrudu, zəhləsi getdiyi, nifrət etdiyi, ürəyini bulandıran mütiliyi heç vaxt yaxına qoymamışdıdı, hər şeylə razılaşmamışdı,  maymaq yerində qalmamışdı, başqaları kimi olmamışdı. Vəhşi at arzusuyla yaşayıb ələbaxım yabıya dönməyin acısını yaşamaq ağır idi...
İkinci badəni tərəddüd-zad eləmədən “Madam ki, yalan adamların xoşuna gəlir, bu badəni içirəm yalanın sağlığına” - deyib içdi. 
Zoğal arağı boğazının divarlarını yandıra-yandıra ünvanına çatdı. Gözləri azacıq  yaşardı, burnu qızardı, kolbasanın bir dilimini alıb dişlədi. “Kral kolbasası. Kral... yaxşı addı”, - dedi. Dodağına təbəssüm qondu...
 Başını qaldıranda gözü saata sataşdı. İndi dərman içməliydi. Cabir həkim keçən həftə onu müayinə edəndə: “Ürəyin çox zəifdi, müalicə olunmasan, axırı yaxşı olmayacaq” – demişdi. Birdə-birə sevindi. Bundan sonra nə həkimə gedəcəkdi, nə də od qiymətinə dərman alacaqdı, nə ölümün yolunu gözləyəcəkdi. Sevindi,  uşaq kimi qəhqəhə çəkib güldü... 
Üçüncü badəni  yeddi il əvvəl xərcəngin apardığı ömür-gün yoldaşının  şərəfinə içəcəkdi. Sevib evləndiyi qadın sözün bütün mənalarında qadın idi. Həssas, romantik, fantaziyaları sonsuz... nişanlı vaxtlarında sevgilisinə “mənim ilahəm” -  deyərdi, o da bu sözdən yaz qarı kimi əriyərdi. Toylarından bir həftə sonra ilahə başa düşdü ki, düşdüyü evdə “olsa-olsa” paltaryuyan Gülsənəm ola bilər.   Xəyal qırıqlığına uğramaq bu şən, sevimli qadını sındıra bilmədi. Dörd divarın arasındakı əksər qadınlar kimi o da təmizlik mələyi, söz udmaq mələyi, danlanmaq mələyi titullarını qazandı  və sonda arzusuz mələklərdən birinə çevrildi. Yoxluqların, azlıqların, danlaqların içində iki uşaq dünyaya gətirdi, qaynanaya, qaynataya qulluq elədi bütün bunlara daş dözməzdi, o da dözmədi. Xərçəng köməyinə gəldi. Nə qədər ağır olursa-olsun o bu məşəqqətli həyatdan, balalarından, gözükölgəli ərindən ayrılmaq istəmirdi. Gecələrin birində hamını yuxuya verib heç kimlə vidalaşmadan səssziz-səmirsiz çıxıb  getdi. Ölümüylə ərini belə incitmək istəmədi. 
O vaxtdan  yeddi il keçirdi. İndi uşaqların özlərinin dörd divarı vardı. O da öz  divarının arsasındaydı... 
... Heç nə olmamış kimi, ayağa qalxıb uşaqların dəftərlərini yoxladı, Nurlanın xəttini yenə oxuya bilmədi, “bu uşaq elə bil çin dilində yazır, amma istedadlı olmağına istedadlıdır” – dedi. Sonra Gülçinin, İdrisin, Nilufərin, bütün sinfin dəftərlərini yoxlayıb ana nəvazişiylə  üst-üstə yığdı. 
Telefon zəng çaldı, qızı Əsmər idi. Atasını təbrik etdi, gələ bilmədiyini deyib, üzr istədi, dedi ki, qardaşıyla danışıb, bazar günü atalarının yubileyini birlikdə qeyd edəcəklər. 
Rəhman müəllim qızının həyəcanını anladı, ona yaşla bağlı bir lətifə də danışdı, hər ikisi güldü. Sonra oğlu zəng elədi. İşıylə bağlı rayona getdiyini dedi. Atasıyla fəxr etdiyini, dünyanın ən xoşbəxt övladı olduğunu deyəndə Rəhman müəllimin ürəyi əsdi, səsi titrədi. 
– Yaxşı, şişirtmə, bütün atalar uşaqlarını sevir, belə baxanda sizə neyləmişəm, istədiyiniz kimi yedirdib, geyindirə bilməmişəm. Başqaları kimi mal-mülk qoymamışam. Mənim dövranım keçib, siz xoşbəxt olun,  nə olursa-olsun, öz yolunuzla gedin. Bir də, torpağımızı unutmayın, heç olmasa ürəyinizdə – dedi.
Sağollaşıb dəstəyi üstünə qoyanda ürəyi dolandı, şagirdi Zümrüd kimi hönkür-hönkür ağlamaq istədi...
 ... Sinifdən çıxanda uşaqlar ağlaya-ağlaya əlindən-ayağından yapışıb getməyə qoymurdular. Müəllimlər otağının qapısına qədər uşaqları birtəhər dilə tutub sakitləşdirdi. Müəllimlər otağında elə bil yas düşmüşdü, hamı günahkarcasına susurdu. Axır ki, Qəzənfər müəllim özündə təpər tapıb hamının yerinə danışdı:
- Rəhman müəllim, şagirdlərini də, elə bizim də gözümüzdə bir əfsanəsiniz. Doğrudu, müəllimliyin yaşı olmur, bu yeganə sənətdi ki, vaxt keçdikcə qiyməti artır, amma neyləyə bilərik, qanun-qanundu. Bu məktəbdə yaşı səksəni haqlamış xeyli müəllimlər var. Qanunun gərək iki başı olmasın. Sizin 60 yaşınız bu gün tamam olur. Nə olub, nə xəbərdi? 
Rəhman müəllim gülümsədi, incə yumoru dinc durmadı:
- Qanun qarşısında boğazımız qıldan incədi,  Qəzənfər müəllim, mən getdim əfsanə olmağa,  özünüzə yaxşı baxın, çalışın qocalmayın. 
Müəllimlər hamılıqla ayağa qalxıb Rəhman müəllimi məktəbin darvazasınacan ötürdülər. Ayağını məktəbin həyətindən kənara qoyanda, hə, o anda Rəhman müəllimin ürəyində elə bil nəsə qırıldı. Sonra elə bil ürəyindən daş asıldı. “Müəllimlər gedib daş atsınlar” – demişdi əbləhin biri. Gərək o gün tərk edəydi məktəbi... 
... Zoğal arağı elə yandırdı ki, ürəyindən tikan çıxdı.  Kolbasa, pendir dilimləri bir ucdan yoxa çıxırdı. Gözü araq şüşəsində qalmışdı. İçmək istəmirdi, amma özünü şüşənin yanında sındırmaq da istəmirdi. Dördüncü badəni küncdə tor qurub özünə layla çalan hörümcəyin sağlığına içəcəkdi. Bu evdə gözə dəyən iki canlı yaşayırdı. O və hörümcək. Çoxdan görmüşdü bu toru, amma onunla dörd divar arasında yaşamağa könüllü razı olan hörümcəyin yuvasını dağıtmaq istəməmişdi. Dağıda bilməzdi, əli gəlməzdi. Hərdən pəncərədən, qapıdan içəri soxulan ağcaqanaddan-zaddan nəyisə tapıb gününü keçirirdi. O, hörümcəyə sənətkar olduğu üçün hörmət edirdi. Heç bir canlı öz işini hörümcək qədər mükəmməl görmürdü. Belə zərif toxucunun toruna nə düşürsə-düşsün, halal xoşu olsun – deyib dördüncü badəni birnəfəsə başına çəkdi. 
Ağzından od çıxdı.  Mətbəxə keçib odu sönənəcən su içdi. Özünə bozardı: “özünü sonacan ləyaqətli apar, az qalıb, lap az” – dedi. 
Zoğal arağının zərif qoxusu otağa yayılmışdı. Divardakı buludlar tala-tala olub uçmağa hazırlaşırdı. Hörümcək öz yelləncəyində yellənə-yellənə arabir fit çalırdı.  Burnuna  sevimli arvadının ətri toxundu...  Ayaqları dolaşa-dolaşa gedib pəncərəni açdı, sonra dönüb əliylə divardakı buludları hədələdi: 
- Hamınız azadsınız, gedin, çıxın gedin bu xarabadan, hara istəyirsinizsə, ora da  gedin, təki gedin, canınızı qurtarsın... 
Divarlar əriyirdi, buludlar pəncərəyə tərəf axırdı, Rəhman müəllimin əyilmiş qəddinin kölgəsi pəncərədə titrəyib sonuncu buludun azadlığa çıxacağını gözləyirdi...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.