Qaşqaylarla bağlı yeni kitab işıq üzü görüb
01.09.20
Folklorşünas, publisist Əli Şamilin "Qaşqaylar və onların folkloru" adlı kitabı işıq üzü görüb.
Qaşqaylar mübarizliyi və döyüşkənliyi ilə seçilən elat bir xalqdır. Sayları üç milyondan çox olan bu xalq İran İslam Respublikasının güneyində, indiki Fars ostanında və ətrafında yaşayır. Bir milyona yaxın insan isə özünü Qaşqay saysa da, farslar arasında assimlə olduğundan ana dilində danışa bilmir. Azərbaycandan iki min kilometr uzaqda, İran İslam Respublikasının güneyində yaşayan Qaşqaylar ləhcələrimizi, folklorumuzu, adət-ənənələrimizi qoruyub-saxlayıblar.
"Elm və təhsil" nəşriyyatından çap olunan kitaba Qaşqay elinə səfərlərlə bağlı yazılar, Qaşqayların Azərbaycanla bağlılığından bəhs edən məqalələr, eləcə də folklor nümunələri daxil edilib.
Kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu (İmanov), redaktorları filologiya üzrə fəlsəfə doktoru Arif Rəhimoğlu, Əlipənah Bayramovdur. Məsləhətçilər Əmin Cahangirniya, Cəfər Eyvəzi Yadıkuri, Ərsalan Mirzayidir.
Kitab Ərsalan Mirzayinin "Bir türkək, biz qaşqayiyək" şeiriylə başlayır.
Kitabda ön söz yerində müəllifin "Kitabı hazırlayarkən" adlı məqaləsi yer alıb. Məqalədə Əli Şamil materialları toplama prosesindən, çətinliklərindən danışır. //
|