Ələsgər Əhməd - Əsgər məktubundakı güllə
19.08.20
Əsgər məktubundakı güllə
Ana, bu məktubu ən birinci sən oxu, Sonra hamı oxusun, Qardaşım ölüm sözünü, Atam “salamı” oxusun. Sevgilim də qışqırmasın Cilovlasın özünü. Sizə bir məktubluq sözüm var axı – Bağışlayın, ölmüşəm, Amma yenə son məktubda gəlmişəm Səngərlərin içindən sətirlərin içinə. Vaxtım azdı getməliyəm, sonuncu sözüm – heç nə. Torpaq məni gözləyir, qurban olum, saxlama Arxamca su atmağını istəmirəm, ağlama. Ata, anamdan muğayat ol, Qardaşımdan arxayınam evi dolandıracaq, Rahat ol. Mənim sağ olduğumu hər gün inandıracaq. Təkcə xahişim budur, yaddaşını itirmə, Anamın əllərinə yorğunluğu gətirmə. Qardaşım, atam sənə əmanətdi Hər küçəyə çıxanda siqaret axtarmasın, Azı 60 yaşı var Bu yaşında “siqaret var” sormasın. Zəhmətini unutma, Bizim üçün özül atan, mənzil tikən adamdı, Bilirsən də, atamız Əməliyyatdan bir gün sonra siqaret çəkən adamdı. Bir də özün xoşbəxt ol, Bu məktubdan sonra işə gedirsən, yaxşı yol. Sevgilim, məktubdakı güllə bizi ayırdı, Onu özündən ayırma, Sağ gözümə dəydi öldüm Onu gözündən ayırma.
Qadın var ki...
Qadın var ki, Sevmədiyi kişinin yatağında can çəkir Uşağının atasızlıq dərdi olmasın deyə, Hər yastığa baş qoyanda yatmır ölməsin deyə, Amma ölür, baxışları gözləri də qan çəkir. Qadın var ki, Qapı bilməz nə üçündü, evə gələn olmasa. Pəncərədən çölə baxmır, onu özgə tanımır, Mətbəxdəki qab-qacaqdan ayrı güzgü tanımır, Saçlarının olduğunu unudar, əl vurmasa. Qadın var ki, Sevə-sevə evləndiyi adam xəyanət edir, Ürəyinə sözü keçmir unudur, bağışlayır, Və elə bir barışıqdan sonra nələr başlayır Ruhu bədəndən küsüb, sağollaşmadan gedir. Qadın var ki, Ətrafına qarşı bütün hisslərini itirir – Ayrıldığı adamı ilim-ilim axtarır, Ayağına yaraşan bir cüt ölüm axtarır, İlk girdiyi mağazada tapır, bəxti gətirir. Qadın var ki, Qayğıya ac, sözə toxdu Qadın var ki, Bir də görürsən yoxdu.
Məcburiyyət
Əşşi, ölüm nədir ki? Əvvəl-axır boğazından keçməsə də udacaqsan, Uddum. Səhər tezdən ad gününü atan təbrik edəndə Ən birinci sevdiyin qadını unudacaqsan, “Unutdum”. Yenə birin sevəcəksən, bitir ki? Əllərinin içindəki adamın əlindən tutacaqsan, Tutdum. Sonra o da gedəndə Evdən ölüm adıyla çıxıb qayıdacaqsan, Qayıtdım. Şair, bu yazdığım ağrılar Yeməyin son tikəsidi, Doysaq belə yeməliyik, İstəmirik, deməyimiz Ən azından ölüm təhlükəsidi. Cümlə kimi əzbərləyib deməliyik – Sevgidi. Nöqtə vergülünəcən, Ürəyindən dilinəcən Eynidi.
|