Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
19.08.20
Prezident İlham Əliyev avqustun 19-da Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda qeyd olunur ki, 2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazmışdır. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Həsən Seyidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırmışdır.
|