MTRŞ əcnəbi teleserialların yayımının bərpa olunmasına qərar verdi
13.08.20
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dən verilən məlumata görə, iclasda Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.
Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.
Qərara əsasən, əcnəbi seriallar yalnız 23:00–07:00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07:00–22:00 arası vaxt aralığında 2 saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07:00-22:00) yayımlanan hər 5 saat yerli serialdan əlavə 1 saat əcnəbi serial yayımlanması mümkün olacaq. /Qafqazinfo/
|