"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20

Çoxşaxəli, yaradıcılığı  ilə ədəbiyyatımıza töhfələr verən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi kimi tanınan filologiya elmləri doktoru, professor Vaqif Sultanlının ədəbi tənqid və ədəbiyyatşünaslığa dair axtarışları müxtəlif illərdə çap olunmuş müxtəlif məzmunlu kitablarında əksini tapmışdır.

Onun "Azərbaycan ədəbi tənqidi" (2019) kitabının təkmilləşdirilmiş 3-cü nəşri bu istiqamətdə görülən işlərin davamı olub, əvvəlki nəşrlərdən və digər mənbələrdən sistemliliyi - qədim dövrdən başlayaraq müasir dövrümüzü də əhatə etməsi, indiyədək toxunulmayan məqamlara diqqət yönəltməsi, Mühacirət ədəbiyyatı, Güney Azərbaycan ədəbi-nəzəri irsinin tədqiqata cəlbi və digər məziyyətləri ilə seçilir. Fikrimcə, burada da müəllifin əsas məramı - Bütöv Azərbaycan amalı aydın şəkildə duyulur. Güney Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslıq məsələlərinə diqqət yönəltməkdə məqsəd həm də vahid Azərbaycan ideologiyasının təfəkkürlərdə möhkəmləndirilməsidir ki, dərsliklə tanışlıq müəllifin bu məramına çatdığını söyləməyə əsas verir.  

Azərbaycan ədəbi tənqidinin tarixi təkamülü və inkişaf yolunun araşdırıldığı kitabın "Giriş" hissəsində tənqid tariximizin öyrənilməsi çağdaş nəzəri-estetik fikrin ən mühüm vəzifələrindən biri kimi dəyərləndirilir, ədəbiyyatımızda ədəbi tənqidin ilk örnəklərini yaradan Xətib Təbrizinin bədii əsərlərini şərh etməklə kifayətlənməyib tənqidçinin obyektivliyi, qərəzsizliyinə dair dəyərli mülahizələr söylədiyinə diqqət yönəldilir ki, bunlar tənqidi şərtləndirən amillərdəndir. Kitabda ədəbi tənqid tarixinin ümumnəzəri məsələləri, istiqamətləri, ədəbi prosesdə rolu səciyyələndirilir, tənqid və ədəbiyyatşünaslıqla məşğul olan şəxsiyyətlərin yaradıcılıq yolu araşdırılır. Ədəbi tənqid anlayışının şərhi, onun elm, sənət, publisistika ilə bağlılığı, digər elmlərlə əlaqəsi, ədəbi prosesdə rolu, yazıçı və oxucu tənqidi, dünya ədəbiyyatşünaslıq məktəbləri, ədəbi tənqidin yaradıcılıq metodlarından bəhs edilib 12 metoda diqqət yönəldilir, şərti olaraq klassik və müasir olmaqla 2 yerə ayrılan janrları barədə məlumat verilir. Milli nəzəri-estetik düşüncənin folklor qaynaqlarına diqqət yetirildikdən sonra  ədəbi tənqidimizin təkamül mərhələləri bədii ədəbiyyatın inkişaf yolu ilə həmahəngliyi vurğulanaraq təqdim edilir: "Ədəbi-estetik fikrin ortaçağ dövrü: XI-XV yüzillər; - Ədəbi-estetik fikir XVI-XVIII yüzillərdə; - Ədəbi tənqid XIX əsrdə və XX yüzilin əvvəllərində; - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi tənqid (1918-1920); - Ədəbi tənqid sovet siyasi rejimi dövründə (1920-1991); - İstiqlaliyyət dövrü ədəbi tənqidi (1991-ci ildən bu günədək)". Bundan əlavə, "Azərbaycanın Güneyində ədəbi tənqid və ədəbiyyatşünaslıq", "Mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığı" da təqdim edilir. Müəllif "Azərbaycan ədəbi tənqidinin əsas mərhələləri" adlı bu bölümü mərhələ təsnifatının şərti səciyyə daşıdığını şərh etməklə yekunlaşdırır.

XI-XV yüzilləri əhatə edən ilk bölümdə bu dövrdə Azərbaycan ədəbi-estetik fikrinin Şərqdə olduğu kimi əsas etibarilə iki istiqamətdə inkişaf etdiyi, bir tərəfdən professional tənqidçilərin şərh, ədəbi risalə janrında əsərlər yaratması, digər tərəfdən dövrün görkəmli şairlərinin bədii əsərlərində nəzəri-estetik baxışlarını əks etdirməsi, ədəbiyyat tariximizdə  professional ədəbi tənqidin ilk örnəklərinin yaradılmasının X.Təbrizi, Eyn-əl Quzat və Y.Xoylunun adı ilə bağlı olduğu vurğulanır, onların, N.Tusi, Ş.Rami, Ə.Təbrizi, V.Təbrizi, Q.Təbrizi, X.Şirvani, N.Gəncəvi, M.Əvhədi, A.Ərdəbili və İ.Nəsimininin yaradıcılığı incələnir.

"Ədəbi-nəzəri fikir XVI-XVIII əsrlərdə" bölümündə şərh olunan təzkirələrdə ədəbi-tənqidi məsələlərə, şeirin bir sıra nəzəri problemlərinə diqqət yönəldilir. Ş.İ.Xətai, M.Füzuli, S.Təbrizi və Q.Təbrizinin nəzəri-estetik görüşlərinin spesifikliyi ilə diqqəti çəkdiyi əsərlərindən gətirilən nünunələrlə təsdiqlənir.

"Ədəbi tənqid XIX əsrdə və XX yüzilin əvvəllərində" bölümündə XIX əsrdə tənqid və ədəbiyyatşünaslıq sahəsində A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabinin xidmətlərinə, milli mətbuatın yaranması, qəzetlərin nəşri, ədəbi məclislərin fəaliyyəti, teatrın təşəkkülünün ədəbi tənqidi fikrin canlanmasına təsir göstərdiyinə diqqət yönəldilir. F.Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı" əsəri milli ədəbiyyat tarixinin ilk mənbəsi kimi dəyərləndirilir. A.Sur, M.M.Axundov, S.Hüseyn, C.Məmmədquluzadə, Ə.Haqverdiyevin ədəbi-tənqidi görüşlərinin, M.Ə.Sabir, A.Səhhət, M.Hadinin realist və romantik şeir haqqında baxışlarının XX yüzil ədəbi tənqidinin estetik prinsiplərinə söykəndiyi vurğulanır.

"Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi tənqid (1918-1920)" bölümündə ölkənin inkişafına ciddi təsir göstərən, milli ədəbiyyatın tərəqqisinə şərait yaradan müstəqil dövlət quruluculuğu illərinin xüsusi rolu olduğu, 1919-cu ildə BDU-nun təsisi, teatr və mətbuat sahəsində uğurlu addımlar, 1919-cu ildə Azərbaycanda 42-si türkcə, 44-ü rusca, 6-sı isə digər dillərdə olmaqla 92 adda qəzet və dərgi nəşri, klassik ədəbi irsin tədqiqi, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması istiqamətində görülən işlər, çağdaş ədəbi proses yetərincə dəyərləndirilir.

"Ədəbi tənqid sovet siyasi rejimi dövründə (1920-1991)" bölümündə bu dövrdə inkişaf yolu şərti olaraq 3 mərhələdə"-1) 1920-1930-cu illər; 2) 1940-1950-ci illər; 3) 1960-1980-ci illər" kimi qruplaşdırılan Azərbaycan ədəbi tənqidi təhlilə cəlb edilir. H.Zeynallı, M.Quliyev, B.Çobanzadə, Ə.Nazim, Y.V.Çəmənzəminli və C.Cabbarlının  ədəbiyyatın problemləri ilə bağlı tədqiqatlarının ədəbi-nəzəri mühitin canlanmasında rol oynadığı, Ə.Abid və S.Mümtazın  ədəbiyyatşünaslıq araşdırmalarının dövrün elmi-nəzəri tədqiqatlarının məzmununa, istiqamətinə təsir göstərdiyi vurğulanır. C.Xəndan, M.Arif, M.Cəfər, C.Cəfərov, M.Cəlal, Ə.Sultanlı, M.İbrahimov, M.Məmmədov, M.Əlioğlu, Ə.Ağayev, Ə.Mirəhmədov, K.Talıbzadə, X.Məmmədov, B.Nəbiyev, Y.Qarayev və başqa tənqidçi və ədəbiyyatşünasların fəaliyyəti dəyərləndirilir.

"Mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığı" bölümündə XX yüzil Azərbaycan mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığının keçdiyi 4 mühüm mərhələyə diqqət edilir: "1)1909-1920-ci illər; 2) 1920-1941-ci illər; 3)1941-1991-ci illər; 4)1991-ci ildən sonrakı dövr". Dövrləşdirmədə Azərbaycanın Quzeyi əsas götürülsə də, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli,  Ə.Yurdsevər, H.Baykara, S.R.Rəfioğlu və T.Gənceyi və başqalarının zəngin, orijinallığı ilə diqqəti çəkən yaradıcılığından bəhs edilir.

"Azərbaycanın Güneyində ədəbi tənqid və ədəbiyyatşünaslıq (XX-XXI yüzillər)" adlı bölümdə Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri barədə ətraflı məlumat verilir. Ədəbi tənqid və ədəbiyyatşünaslığın S.C.Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti (1945-1946) dövründə daha da canlandığı, türk dilinin rəsmi dövlət dili elan olunduğu, Təbrizdə fəaliyyət göstərən "Şairlər məclisi"nin milli ədəbiyyatın, ədəbi tənqid və ədəbiyyatşünaslığın, mədəniyyətin inkişafına, ədəbi-estetik fikrin formalaşmasına təkan verdiyi vurğulanır. "Varlıq" dərgisinin fəaliyyəti, folklorumuzun, ən qədim dövrlərdən başlayaraq XIX əsrə qədər klassik yazılı ədəbiyyatın çeşidli problemlərinin elmi-nəzəri şəkildə təhlili, xüsusilə, Azərbaycanın Güney və Quzeyində yaranan ədəbi irsin küll halında tədqiqata cəlbi, ədəbi faktların ortaq şəkildə dəyərləndirilməsi yüksək qiymətləndirilir.

"Ədəbi tənqid istiqlaliyyət dövründə" adlı sonuncu bölümdə XX əsrin sonlarında Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsinin ədəbi-nəzəri fikrə münasibətdə milli-mənəvi dəyərlərə söykənən baxışlar sisteminin əsasını qoyması, imperiya ideologiyasının uzun illər hakim olmuş ənənəvi stereotiplərinin tədricən aradan qaldırılmasına, ədəbiyyatın yeni baxışlar müstəvisində şərh və təhlilinə şərait yaranması, son dövrlərdə ədəbi tənqidin mövzu, problem, üslub axtarışlarının hüdud və əhatə dairəsinin genişlənməsi istiqamətində yazılan tədqiqatlarda aşkar şəkildə duyulması ilə nəticələndiyi bildirilir. Y.Qarayevin "Ən yeni dövrün ədəbiyyatı: (20-ci illərdən günümüzə qədərki yaddaş)" və Elçinin "Sosrealizm bizə nə verdi?" tədqiqatının bəhs olunan dövrün gerçək elmi-nəzəri mənzərəsinin yaradılması baxımından diqqəti çəkdiyi vurğulanır. Bədii söz sənətinin orijinal prizmadan dəyərləndirildiyi tədqiqat kimi maraq doğuran R.Əliyevin "Ədəbiyyat nəzəriyyəsi", mətnin daxili strukturu, bədii təhkiyə, süjet, kompozisiya, üslub və başqa məsələlərlə bağlı Q.Quliyev və C.Yusiflinin araşdırmalarının düşüncə fərqliliyi, təhlil tərzinin yeniliyilə seçildiyi bildirilir.

Yaradıcılığının mühüm bir qismi sovet siyasi rejimi dövrünə təsadüf edən Y.Qarayev, B.Nəbiyev, Ç.Hüseynov, P.Xəlilov, X.Əlimirzəyev, C.Abdullayev, T.Məlikli, T.Mütəllimov, A.Hüseynov, Ş.Salmanov, Elçin, T.Hüseynoğlu, K.V.Nərimanoğlu, H.Ənvəroğlu, İ.Həbibbəyli, R.Əliyev, V.Quliyev, N.Şəmsizadə, V.Yusifli və digər tənqidçi və ədəbiyyatşünasların elmi-nəzəri axtarışlarının yeni dövrün ədəbi-estetik prinsiplərini ifadə edən, yaradıcılıq axtarışları daha çox müstəqillik illəri ilə bağlı olan A.Əmrahoğlu, N.Cəfərov, N. Ələkbərli, A.Rüstəmli, B.Əhmədli, A.Hacılı, C.Yusifli, M.Osmanoğlu, T.Əlişanoğlu, T.Salamoğlu, R.Ulusel, E.Akimova, İ.Musayeva və başqa tənqidçi və ədəbiyyatşünasların araşdırmalarının dövrün elmi-nəzəri mənzərəsini bu və ya digər şəkildə tamamladığı qeyd edilir. Bu tədqiqatlarda ədəbi tənqidin keçdiyi yolun spesifikliyi də səciyyələndirilir. Müəllif internet məkanının genişlənməsinin ədəbi tənqidin sosial şəbəkələrə daxil olmasını təmin etməsilə tənqidin ədəbi prosesdəki fəallığını daha da gücləndirdiyinə, ədəbi tənqidin milli özünəqayıdış cəhdlərinin aktiv şəkildə duyulması ilə bərabər, bədii irsin dəyərləndirilməsində yol verilən qüsurlara da diqqət yönəldir.

"Nəticə" hissəsində müəllif qənaətlərini ümumiləşdirərək, gələcəkdə qarşıda duran məsələlərə toxunur: "Şübhəsiz ki, gələcəkdə Azərbaycan ədəbi tənqidinin tarixilə bağlı ciddi və sistemli əsərlər yazılacaq və bundan heç də az əhəmiyyət daşımayan ədəbi tənqid ensiklopediyası hazırlanacaq. Ədəbi tənqid və ədəbiyyatşünaslığın görkəmli nümayəndələrinin yaradıcılıq yolu müstəqil təhlil obyektinə çevriləcək, onların əsərləri toplu halında oxucuların mühakiməsinə veriləcəkdir. Nəhayət, klassik dönəmdə yaranmış şərh, təzkirə, ədəbi risalə və başqa qaynaqların nəşr edilməsi müasir ədəbiyyatşünaslığın qarşısında duran aktual vəzifələrdən biri kimi həllini gözləməkdədir".

Fikrimcə, kitab artıq ədəbi ensiklopediya səciyyəsi daşımaqdadır və  hazırlanacaq ensiklopediyanın əsas mənbəsinə çevriləcəkdir. Ədəbi-nəzəri düşüncə tarixinin ümumi mənzərəsinin yaradıldığı, ədəbi tənqid tarixinin ayrı-ayrı mərhələlər kontekstində nəzərdən keçirilib əsas təmayül və istiqamətlərini müəyyənləşdirməyə imkan verildiyi, çoxsaylı sualların cavabı olan kitab professor Vaqif Sultanlının elmə töhfəsidir. Kitab tədris vəsaiti və ciddi elmi-nəzəri üslubda yazılan mənbə kimi elmi ictimaiyyətin diqqətini çəkməkdə, gələcək tədqiqatların bazası rolunu oynamaqdadır.

İlahə Dadaşova
Filologiya üzrə fəlsəfə doktoru
/525.az/

Yenililklər
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.