“Türkologiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb
20.07.20
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2020-ci il üçün 2-ci nömrəsi çapdan çıxıb.
Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, 2-ci sayda türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk, ingilis və rus dillərində elmi məqalələr dərc olunub. Nəşrin bu nömrəsində amerikalı altayşünas Denis Sinorun “Ural-Altay əlaqələri problemi” araşdırması, Kamilə Vəliyeva və Gülnara Cəfərovanın “Maşın tərcüməsində sözün semantik təhlili”, Mehman Abdullayevin “Xanlıqlar dövründə Azərbaycanda ali zümrə nümayəndələrinin sayı (Quba, İrəvan və Naxçıvan xanlıqlarına aid məlumatlar əsasında)” kimi orijinal məqalələrə yer verilib.
“Yeni nömrə rubrikalar baxımından da zəngindir. Belə ki, klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət, müzakirə və diskussiya, türkoloji mərkəzlər rubrikalarında ABŞ, Qazaxıstan, Türkiyə, Bolqarıstan, Özbəkistan və Rusiyanın elmi mərkəzlərindən göndərilən sanballı elmi araşdırmalar dərc edilib”, - deyə Elçin İbrahimov qeyd edib.
Xatırladaq ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.
|