"Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri" nəşr olunub
16.07.20
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın "Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri" adlı monoqrafiyası işıq üzü görüb.
Nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığı milli yönümdən hərtərəfli təhlil olunub.
Müəllif XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini bütün incəliklərinə qədər özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib. Eyni zamanda, xalq arasında qorunub saxlanılmış adət və inamları sistemləşdirmək məqsədi ilə sorğular aparıb.
Tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat verməyə imkan yaradır.
Vəsaitin elmi redaktoru AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovdur. /525.az/
|