[email protected]
Əhməd bəy Ağaoğlu mədəniyyətşünas sosioloq, ictimaiyyətçi alim olmaqla yanaşı həm də qələmi çox güclü bir tənqidçi, böyük bir ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladı. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyat bir cəmiyyəti formalaşdırmaq gücündədir, məhz buna görə də Əhməd bəy ədəbiyyatdan müsbət yönümdən istifadə etməyi öz əsərlərinin aktual mövzusuna çevirmişdir.
Əhməd bəy Ağaoğlu klassik Azərbaycan ədəbiyyatını mövzu təkrarçılığında ittiham edirdi. Azərbaycan ədəbiyyatında Füzulidən sonra yazanların hamısını təkrarçılıq etməkdə, ədəbiyyata yenilik gətirməməkdə, köhnəçilikdə günahlandırırdı. Əhməd bəy yazırdı ki, Füzulidən M.F.Axundova kimi ədəbiyyatda heç bir yenilik olmamışdır. Məhz buna görədir ki, bu zaman aralığında heç bir Azərbaycan ədəbiyyatının nümayəndəsi Füzuli səviyyəsinə qalxa bilməmişdir. Füzulidən sonra onun davamçıları olan Əmani, Qövsi, Saib kimi söz ustaları ancaq Füzulinin açdığı cığır ilə getdilər. Azərbaycan ədəbiyyatı üçün heç bir yeniliyi gətirə bilmədilər. Əhməd bəy bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına qarşı fikirləri, münasibəti əksər hallarda mənfi olaraq qalır. Əski ədəbiyyatımızda həyat yoxdur deyəndə Əhməd bəy aşırı mədhiyyəçiliyi nəzərdə tuturdu. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə öz subyektiv fikrini bildirirdi. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin” , “Leyli və Məcnun” , “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” .
Əhməd bəy Ağaoğlu əski dövr məktəblərin əzbərçiliyə olan həvəslərini daim öz əsərlərində kəskin tənqid etmişdir. Onların yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd etmişdir.
Əhməd bəy Vaqifin Azərbaycan ədəbiyyatına gətirdiyi dil sadəliyini yüksək qiymətləndirir. Onun tək formada apardığı mübarizə ilə ədəbiyyatımıza qazandırdığı nailiyyətləri Azərbaycan ədəbiyyatı üçün böyük uğur hesab edir.
Əhməd bəy Ağaoğlu Vaqifin müasiri və eyni zamanda dostu olan M.V.Vidadini bədbin ruhlu əsərlərinə görə tənqid edirdi. Onu yenidən Füzuli ənənələrinə qayıtmaqda, lakin Füzuli zirvəsinə qalxa bilməyib, onun zəif davamçısı olmaqda günahlandırırdı.
Əhməd bəy Ağaoğlu M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri bəyənib, onu bu uğurlarına görə təqdir etmişdir. Azərbaycan ədəbiyyatında Füzulidən sonra özünə kimi gəlib çatan bu davamçılıq anlayışını yox etdiyi üçün M.F.Axundov Əhməd bəy tərəfindən qiymətləndirilmişdir. M.F.Axundovun Qərb yönümlü olması onu Əhməd bəyə yaxınlaşdırırdı. M.F.Axundovun yenilikçi səpkidə yetişməsində Qərb ədəbiyyatının da çox böyük təsiri olmuşdur. M.F.Axundova kimi olan Azərbaycan ədəbiyyatında Şərq fikri əsas üstünlük təşkil edirdi. Əhməd bəy M.F.Axundovun ədəbiyyata gətirdiyi yenilikləri bəyənsə də, onun əsərlərini bəyənməmiş, müəllifin ən çox bəyənilən “Hacı Qara’’ əsərini tam komediya adlandırmaq olmaz kimi qiymətləndirmişdir. Onun qələmini zəif və natamam kimi dəyərləndirmişdir.
Əhməd bəyin Azərbaycan ədiblərinin yaradıcılığına tənqidi cəhətdən yanaşması tamamilə normal bir hal idi. Çünki, Əhməd bəy peşəkar tənqidçi idi və oxuduğu, dəyərləndirdiyi əsərlərə də, məhz tənqidi cəhətdən yanaşırdı.