“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk dilində işıq üzü görüb.
Türk
dünyasının bir çox ədəbi simalarının əsərlərini türk dilinə tərcümə
edən, ortaq bir türk ədəbiyyatının yaranmasına töhfə verən Kənan
Çarboğanın "Turan eşqi" adlı şeir kitabı Bakıda nəşr olunub.
Nəşrin
məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.
Yüz
altmış dörd səhifədən ibarət olan kitab AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədlinin
"Əsrimizin turan şairi" sərlövhəli təqdimatı ilə başlayır.
B.Əhmədli
məqalədə Kənan Çarboğanı Əli bəy Hüseynzadə, Ziya Gökalp, Mehmet Emin
Yurdakul, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi böyük türk
mütəfəkkirlərinin və ədiblərinin davamçısı olduğunu bildirir, şairin
ədəbi zəkasından və geniş poetik coğrafiyasından bəhs edir. Bundan
başqa, kitabın ilk dəfə türk dilində nəşr olunmasını bir yenilik kimi
dəyərləndirir.
Bu barədə Türkiyə mediasına danışan K.Çarboğa
kitabının nəşri ilə bağlı ciddi çalışmalarına və dəstəyə görə Atatürk
Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova və
kitabın redaktoru Dəyanət Osmanlıya minnətdarlığını bildirərək deyib:
“Azərbaycan ilə Türkiyə arasında dərin tarixi və mədəni əlaqələri daha
da gücləndirmək üçün belə əsərin çox dəyərli olduğunu hesab edirəm.
Bundan başqa, türk dilinin türk dünyasının ortaq ünsiyyət dili olmasında
bu cür qiymətli işlər böyük əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu iş
bizə birliyimizi, varlığımızı qorumağa və daha da möhkəmləndirməyə kömək
edəcək”. /Azərtac/
|