Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
27.06.20

Qalib Şəfahətin "Taclı mələk" hekayəsi haqqında

Mücərrədliyi sevmirəm, amma görəndə ki, hər mücərrəd fikrin kökündə real bir olay durur, biganə qala bilmirəm. İslamın müqəddəs kitabı Quranda elə ayələr var ki, oxuyub anlamaq çətin olur, bu ayənin yaranma səbəbini öyrənəndə isə insanın qarşısında böyük bir aləm açılır. Çağdaş nəsrdə palçıqlı yollar, kol-koslu cığırlar, körpüsüz çaylar, çiy xarakterlər, gic və sərsəri obrazlar haqqında bədii quraşdırmalar, ifadəli tərtibatlar baş alıb gedir. Hara gedir? Həmin həyat bataqlığında çabalayan oxucu dünyasınamı gedir? Yazıçıların çoxu unudur ki, kütləvi ədəbiyyatın kütləvi oxucusu olmur, kütləvi oxucu elə kütləvi yazıçıların səviyyəsindədir. Yazıçı kütlə üçün kitab çap etmək üçün yazır, kütlə isə oxucu deyil, çünki ona təqdim olunan ədəbi material oxunulası deyil.

Yaxşı xatırlayıram, bazar alverçiləri doxsanıncı illərdə qəzetləri bu qəzetlərdə çap olunmuş bədii parçalara görə deyil, krassvordlara görə alırdılar. Sonralar bu alış da iflasa uğradı.

Bəs bu vəziyyətdə yazıçı neyləməlidir? Əgər o, yazıçıdırsa... oxucu ovqatını tutmağı bacarmalıdır. Kobud şəkildə desəm, yazıçı qarmağını balıqçı nizamıyla "suya" tullamalıdır.

Qalib Şəfahət peşəsinə görə həkimdir, həkim dərdləri yaxşı bilir, onun çarəsini də bilir. Həm nəzmlə, həm də nəsrlə ürəyini boşaltmağa çalışan Qalib Şəfahət söz həkimidir. Dünyanın ən dadlı və ziyansız dərmanı olan sözlə müalicə hər həkimə qismət olmur. Mən bu həkim-yazarın yaradıcılığını müntəzəm izləyirəm. Xoşuma gələn nədir? Qalib Şəfahət reallıqdan mücərrədliyə doğru çətin bir yolu qalxır. Bəli , qalxır! Abstrakt (mücərrəd) ədəbiyyatın özülündə qədimdən qədim mifologiya dayanır. Mif reallığın görünməyən tərəfləri haqqında mülahizələrdən ibarətdir. Demək, mifin əsasını real həyat olayları təşkil edir. Mücərrəd bədii əsərlər isə günün reallığı üzərində dayanır, lakin sabaha (böyük mənada gələcəyə) hesablanır.

Bu gün dünyada nələr baş verir? Baş verənlərin alt və üst təbəqələri bir-birini tamamlayırmı? Yazıçını düşündürən bu məqam çox sadə həqiqətlərə söykənir: Hər şey insanın öz əməlinin nəticəsi olaraq meydana çıxır. Buna görə də Qalib Şəfahət öz tipik qəhrəmanına BƏŞƏRİYYƏT ismini seçir. Bəşəriyyət qurbandır, yəni öz əməllərinin qurbanıdır. Taclı mələk onu gedərgəlməzə sürükləyir, iştah fəlakətə aparır, maraq yanlışlıqlara cəlb edir... İkinci qəhrəman daha müdrikdir, zamanın övladıdır, amma zamanın fövqündə durur, yaşantıların ibrət mücəsəmməsidir. Buna görə də bu qəhrəmana müəllif daha real (əslində abstrakt) bir isim seçir: Mövsüm baba!

Hər zamanın (Mövsümün) bir müdrik həyat təcrübəsi olur. Mövsüm baba da nəfsinin qurbanı olmuş Bəşəriyyətə ağıllı məsləhətlər verir, ona xilas yolunu göstərir. Necə göstərir? Onda oxucu zəhmət çəkib həcminə görə kiçik olan, lakin məzmununa görə böyük-böyük romanlara dəyən bu hekayəni gözlərinə təpsin və mücərrədliyin arxasındakı reallığı görməyə can atsın, onda oxucunun özünə də taclı mələkdən dərs almaq kimi ibrətamiz bir məqam nəsib olacaq.

Oxu deyilənləri (hekayənin üst qatını), dərk elə deyilməyənləri (hekayənin alt qatını)!

Sonda bir fikrimi deyim: Əslində orta məktəb dərsliklərinə bu tipli hekayələr salınmalıdır. Nağıl, əhvalat, rəvayət yazan müəlliflər inciməsinlər, adını çəkdiyim janrlarda zəngin Azərbaycan folklor örnəkləri mövcuddur və bu folklor örnəkləri çağdaş yazıçılarımızın çoxu üçün qızıldan qiymətli mənbələrdir.

Bu kiçik hekayənin böyük müəllifinə elə böyük ədəbi uğurlar arzulayıram!

***

Qalib Şəfahət - TACLI MƏLƏK

hekayə

Xəstəxana müvazinəti pozulmuş naxoş adam təəssüratı bağışlayırdı. Palatanın ab-havası onlarda qəribə hissiyatlar oyatmışdı. Həmişə səliqəli ağ xalatda gördükləri həkimlərin hava keçirməyən kamuflyaj formada görünüşünü təşviş içində qarşıladılar. Üzlərindəki gülüşlər, xoş təbəssüm tibbi maskanın üzərindən sifətlərini örtmüş ağ salafana bənzər geyimin altında ya görünməz olmuşdu, ya da yaxın keçmişə çəkilib getmişdi. Geyimləri ağ rəngdə olmasa idi, onların uzaq səfərə hazırlaşan partizan döyüşçüləri olduğunu düşünərdin.
Həkimlərin həyəcanlı, narahat görünüşünə diqqət yetirib, hamı bir-birinin üzünə baxırdı. Bəşəriyyət heç cürə özünü inandıra bilmirdi ki, nə vaxtsa görünməz bəladan xəstələnib xəstəxanaya düşə bilərdi. Taclı mələyin bəlasına düçar olduğunu bilib içindən ağır bir gizilti keçdi.
Mövsüm baba təəccüblü halda soruşdu:
– Sən neynəmisən, a bala?
Bəşəriyyət sual qarşısında çox aciz bir görkəm almışdı. Nə etdiyinin, niyə belə etdiyinin fərqinə vara bilmirdi. Özünü qınasa da artıq çox gec idi. Duruxub qalmışdı.
Mövsüm baba ağır-ağır nəfəs alırdı. Öskürək onu haldan salmışdı. Udqunub, bir-iki dəfə möhkəmdən öskürdü. Diqqətini toplayıb, baxışlarını ona zillədi.
-Sən onu tapıb gətirdin, o da gəlib bizi tapdı. Guya, sənə üz gördü? Yox! Onun üçün əlinin içi ilə çölünün bir fərqi yoxdu. Başqa bir məqsədi var, öz məkrli niyyətini yerinə yetirir.
Danışqdıqca təngnəfəs olurdu. Gözləri yaşarıb, sifəti pörtmüşdü. Öskürək ara verdikdən sonra toxdayıb sözünü davam etdirdi:
– Bəs bilmirsən, tac taxtsız heç nədir. Öz hökmranlığını yerinə yetirmək üçün əvvəlcə taxta çıxır, sonra başlayır, yavaş-yavaş işini görməyə. – Ofuldayıb başını buladı: – Böyük bir xəta eləmisən. Tac taxta çıxdısa, vay dünyanın halına. Altını üstünə çevirməsə xeyri yoxdu. Heç bir silah-sürsat onu məhv etmək gücündə deyil. Bütün silahlar onun qarşısında çox aciz görünür. Deyəcəksən, elm, texnika bu qədər inkişaf edib, bəs niyə qarşısında duruş gətirə bilmir? İndi öz gözlərinlə gördün, yeni-yeni qırğın silahları istehsal olunur, amma nə faydası, taclı mələyin qarşısında çox aciz görünür. “Sən saydığını say, gör fələk nə sayır” atalar məsəlini bax, buna deyiblər.
Bəşəriyyət ümidsiz, heysiz halda dilləndi:
– Baba, vallah, bilmədim. Bilsəydim, belə şey edərdimmi? Hamı kimi mən də ova çıxmışdım. Neçə vaxt idi tora heç nə düşmürdü. Çox dilxor olub, özüm-özümdən utanırdım. Kor- peşman yolu əlimə alıb öz-özümə deyinirdim. “Sayılıb seçilən, neçə ilin ovçusu olasan, heç nə vura bilməyəsən. Dünən yerindən duran qaz vurub, qazan doldurur. Sən əliboş, kor-peşman evə qayıdırsan. Bu harda görünüb? Belə çıxır, ya mən zəifləmişəm, ya da, özümü zəif göstərirəm”. Qəflətən gözümə görünən parıltı məni xəyaldan ayırdı. Çox sevincək olmuşdum. Parıltısı göz qamaşdırırdı. Ən qiymətli daş-qaşa oxşatdım. Hər şeyə birdən nail olmaq keçdi fikrimdən. Düşündüm, ”elə qismətim bu imiş, eybi yox, elə qismət olmadı, belə qismət oldu”. Daha bundan sonra imkansızlığın əlindən qurtulduğumu fikirləşdim. Yaxınlaşdıqca gözlərimə ilişib beynimi dumanlandırdi. Yan-yörəmə boylandım. Gördüm, heç kəs yoxdu. Tez götürdüm ki, başqası görüb mənə şərik olmasın.
Mövsüm baba ufuldadı:
– Hə, a bala, insanlığın faciəsi də, bax, elə burdan başlayır. Daş-qaşa tez aldanır. İnsan gərək ağıl tərəfə getsin, parıltı tərəfə yox. Həmişə insanın nəfsi özünü yandırıb.
-Sonra başını bulayıb dedi: - Tamahlar, tamahlar, ey acılı, şirinli tamahlar, sən nələrə qadir deyilsən. Eh! Sən bilmirsən, insanlar tamahlarının əlində bəndi fərman qalırlar. Bəs eşitməmisən, “artıq tamah baş yarar”.
Bəşəriyyət günahkarcasına başını yerə dikib:
–Bağışla baba, mən də tamahımın güdazına getdim, – dedi.
– Yox, bala, artıq heyifsilənməyin bir mənası yoxdu, özünü günahkar saysan da, saymasan da, daha bizə olan oldu. Sən də insan övladısan, günahın bundan böyük ola bilməz.
– Yenə dərindən nəfəs alıb:
– Heç bilirsən o zəhərmarın fırıldağını? Yox, bilməzsən, hardan biləsən. O elə bir məxluqdu ki, əvvəlcə kiminsə gözünü tutur, ayağına yer edib, başlayır buynuz çıxarmağa, sonra da öz hökmranlığını edir. Onun dostu düşməni yoxdur. O özü insanlığın qatı düşmənidir. Müəyyən insanlar kimi yaltaqlığa boyun əymir. Özü qılıqla insanların ürəyinə yol tapa bildiyindən elə başa düşür ki, insanlar da o niyyətlə ona yaxınlıq etmək istəyir. Bilir ki, sevgi ilə onu tez yolundan döndərmək olur. Ona görə də qılıncını əlində möhkəm tutub.
– Bəs onu evdən necə qova bilərik?
– O girdiyi yerdən çətin çıxa.
– Burda nə var! Uzaq başı evi yandırarıq, o da yanar.
– Evi yandırdın, dünyanı da yandıra biləcəksənmi? Başa düş, elə ki, taxta əyləşdi, o boş-bekar oturmur, təkcə evləri, eşikləri yox, dünyanı gəzib dolaşır. Baxır, harda daha çox hökmranlıq edə bilər. Əvvəlcə o mövqeyini seçir, sonra hucuma keçir. Onu da deyim, onun istiliklə heç arası yoxdu. İstilik onun ölmüdür. İstəmir, nə dünyada, nə də insanlar arasında istilik olsun. O əvvəlcə soyuqluq yaradır, sonra işini görür.
– Hə, elə dünyanı da yandıraq, dünya dəyərdən düşüb, neftimiz qiymətdən. Qoy bir-birinin bədəlini ödəsin. O da odda, alovda məhv olub yansın.
– Bəs sonrası necə olacaq?
– Özümüzə yenidən dünya qurarıq.
–Bax, görürsən, burda da yanlışlığa yol verirsən. Olanı tarimar etmək insanın vəhşi xislətidir. Burda dünyanın, yaxud neftin nə günahı var. Hər şey insan üçündür. Mövcud olanı hər şeyi insan dəyərli də edə bilir, dəyərsiz də. İnsan insanlığını itirəndə çox şeyi gözdən düşür. Onda daha betər olur.
Udqunub sözünə davam etdi:
– Hər şeydən əvvəl insanlığı bərpa etmək lazımdı. İnsanlığı yerinə qaytardınsa, sənin bəyənmədiyin dünyanın da, dəyər vermədiyin neftin də, elə hər şeyin, hər şeyin dəyəri, qiyməti özünə qayıdacaq. Bunun üçün dünyanın baş tərəfində olmaq lazımdır, ayaq tərəfində yox. Başdan fikirləşmək lazımdı, ayaq tərəfinə yan aldıqca ayağa düşür insan.
– Baba, bəs bunun sonu olacaqmı?
– Əlbətdə, olacaq!
– Necə qurtula biləcəyik?
– Yeni bir dövrə qədəm qoyulacaq. İnsanlar bir-birindən xoflanıb çəkinəcəklər, süni öpüşlər, görüşlər keçmişdə qalacaq. Hamı ciddi görünməyə çalışacaq. İtənlərdən, yox olanlardan sonra, hər şeyə nəzər yetirilib, yenidən baxılacaq. İnsanlar ciddiləşdikcə o da ciddiləşəcək. Onu deyim ki, ən axırda insanlıq qalib gələcək.
– Yolunu öyrət, biz necə edə bilərik?
– Yolu çox sadədi. Elə ən çətin, ən ağır müharibələrin də qarşısını insanlıq kəsib, qarşısında insanlıq dayanıb. Həkimlərin ətrafında birlik yarada bilsək, qurtula bilərik. Müharibədə hərbiçi ön cərgədə döyüşdüyü kimi, bu zəhərmarın qarşısında da ön cərgədə həkimlər dayanıb, biz də onlara arxa, dayaq olmalıyıq.
– Baba bunları bilirsən, bəs niyə təslim olursan?
– Bəzən, belə də ola bilir. Başqasının dərdinə əlac qıla bilirsən, öz dərdinə əlacı özündə tapa bilmirsən. İndi qışdır. Mövsüm qışda gücsüz olur. Yay olaydı, gələydi üstümə, ay mənə batdı ha. Mövsümə nə vaxt hücum etməyi o hamıdan yaxşı bilir. Bu mövsümdə əlac tapılmasa da, başqa mövsümdə mütləq əlac tapılacaq.

Yenililklər
05.05.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyi poster müsabiqəsi elan edib
04.05.21
“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
03.05.21
“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş keçirilib
28.04.21
Balkan türklerinden İlhami Emin’in anısına
25.04.21
Türkiyədə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi keçirilib
25.04.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçirilib
21.04.21
Milli Televiziyamızın bu günü
20.04.21
Üzeyir Əlizadə - Taleyə düşən 5-lər       
15.04.21
Tovuz döyüşləri haqqında sənədli film çəkilib
13.04.21
Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.