Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında” adlı kitabının I cildi Azərbaycan dilində çapdan çıxmışdır. Kitabı Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova dilimizə ingilis dilindən tərcümə etmişdir. Kitabın redaktoru və ön sözün müəllifi fil.e.d. İlhami Cəfərsoy, rəyçilər fil.e.d., professor Aslan Məmmədli və fil.e.d. Sevinc Əliyevadır.
Qədim Romanın ən görkəmli alimi hesab olunan Varron (e.ə. 116-27), demək olar ki, bütün elm sahələrinə aid əsərlər yazmışdır: ədəbiyyat, tarix, fəlsəfə, coğrafiya, hüquq, kənd təsərrüfatı və s. “Latın dili haqqında” (“De lingua latina”) adlı əsər 25 kitabdan ibarət olmuş və latın dilinin bütün xüsusiyyətlərini əks etdirmək məqsədilə yazılmışdır. Ancaq əsərdən yalnız 6 kitab (V-X kitablar) dövrümüzə qədər gəlib çatmışdır. Bu cildə daxil edilən V-VII kitablar latın dilindəki sözlərin etimologiyasına həsr olunmuşdur. Müəllifin fikrincə, bu sözlərin bir qismi latın mənşəli sözlər olsa da, burada qədim yunan, etrusk və sabin dilindən alınmış xeyli miqdarda sözə də təsadüf olunur. Əsərin ən maraqlı cəhətlərindən biri burada bir çox qədim Roma müəllifinin yaradıcılığından nümunələrin verilməsidir.
Kitab qədim Romada latın dilinə həsr olunmuş əsas əsər olmaqla, bu dilin öyrənilməsi və araşdırılması üçün mühüm mənbə təşkil edir.
|