Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Poeziya Qulu Ağsəs dünyasının həyata baxışını, daxili həyəcanını, emosiyalarını əks etdirən rənglər palitrasıdırsa, qısa hekayələri və publisistikası oxucuda bilgin informasiya yaradan, onda ən saf insanı oyadan, ruhun iç sətirlərinə toxunan portretlər qalereyasıdır. Bu qalereyadan bir neçə portretə baxaq: "Xudu müəllim akademiklərin sırasında dəfn olunub. Onun ziyarətinə gələnləri Xan Şuşinskinin nurlu çöhrəsi qarşılayır. Xudu müəllim Xan əmini çox istəyirdi. İndi gor qonşusudurlar...
Xiyabanda üstündə sahibinin şəkli həkk olunmayan ikinci abidəyə rast gəlmədim. Xudu müəllim, həyatda da beləydi: sadə təvazökar, kameradan, obyektivdən yayınan..." ("Həyat akademiki")
"Azərbaycanın işıq stansiyasının bir fazası da qapandı. Tofiq Quliyev əlini pianonun çiynindən götürdü, notları elə düzdü ki, bu dəfə sükut nəğməsi çalındı, sonuncu papirosunu külü yaxasına tökülənə qədər sümürüb, tüstünü iki dəfə ciyərlərində dustaq elədi. Mahnılarından oğul evləndirib, qız köçürmüş ata kimi arxayın getdi" (Ay Maestro!..").
Böyük türk şairi Nazim Hikmət şeirdən danışarkən deyirdi: "İstər qışqır, istər pıçılda, istərsə də fəryad çək. İstər qırıq-qırıq yaz, istər hamar yaz... Nədən yazırsan-yaz, təki yazacağın şeir olsun".
Tənqidçilərə görə "anadan şair doğulan" (V.Yusifli) Qulu Ağsəs təkcə şeir yazmır, içindəki, ruhundakı duyğuları oxucununkulaşdırır.
Qulu Ağsəs poeziyası mövzu qıtlığı çəkmir, onun şeirlərində məzmun və forma vəhdətdə olub, insan şüuruna və hissinə sərrast təsir göstərməklə məhdudlaşmır:
... Dünya, Tale, Tanrı deyilən nə var hamısı günahkardı Mən çəkən dərdlərə. Dərdi nə çəkiləsidi, nə qaçılacaq, Mən çəkən dərdlərin. ... Bir gün "sərgisi" açılacaq, Mən çəkən dərdlərin. Onun zəngin yaradıcılığı çoxçalarlılığı və müxtəlif istiqamətliliyi ilə seçilir. Burada ümumbəşəriliklə yanaşı, mənsub olduğu cəmiyyətin, yaşadığı mühitin, hadisə və əhvalatların həyati, fəlsəfi, tarixi anlamda dərki, qiymətləndirilməsi əsas yerlərdən birini tutur. Müharibələrə nifrət edən, onun sözlə deyil, qanla tablosunu yaradan Q.Ağsəs ədəbi müstəvidə ənənəvi olmayan nümunələr yaradır.
Q.Ağsəs elinə, obasına, xalqına möhkəm tellərlə bağlı olan, bu səbəbdən yaradıcılığında qeyrətli vətəndaş mövqeyini daim nümayiş etdirən sənətkardır. Onun şeirlərində təkcə işğal olunmuş torpaq dərdi yer almır, parçalanmış böyük Azərbaycan dərdi də şairə dinclik vermir:
İki səfər iki şəhər arzuladım: Nə Təbrizə qoydular məni, Nə Ağdama. "Nə var, nə yox sözü"- Var-yox söyüşü kimi gəlir bu yaşda adama . İndən sonra yolum o tərəfədi... Özləri baxsınlar, ora da buraxmasalar, cəhənnəmə buraxsınlar. Qulu Ağsəs şeirlərində yüksək sənətkarlıq, bədii təsvir və ifadə vasitələrinin zənginliyi, poetik obrazlılıq, lirik qəhrəmanın vətəndaş xarakterinin açılmasında üslubi təmayüllər sırasında dominantlıq təşkil edir. Pafos və saxta emosionallıqdan uzaq şeirlər oxucuya reallıqla bağlılıq yaratmaqda yardımçı olur, gerçəkliyi əks etdirməsi ilə könülləri fəth edir.
Heç şübhəsiz ki, Q.Ağsəs yaradıcılığından danışarkən onun "Tale nədir? Allah nədir, Ölüm nədir?" - sualına axtarışlarına nəzər yetirməmək olmaz.
Tanrı ilə söhbət, dərdləşmə, acılarını, istəklərini, əzablarını bölüşə bilməsi Sözün Tanrı ucalığını xatırladır, poetik sözün ovsununa düşüb, bu möcüzəli poeziyanın dərinliyindən qopa bilmirsən.
... Özünü görməsək də, Xofun yamandı, Allah! Bizi qırıb qurtarmamış, Ölmə, amandı, Allah!.. və ya
Kimsən, nəçisən, ay Allah - Heç səndən baş tapammadıq. Özün qurduğun dünyada Sənə bir iş tapammadıq. Poeziyanın ənənəvi üçbucağı həyat - eşq - ölüm şairin qələmində başqa rəng alır, təlatümlər, fırtınalar, kəskin izlər təsirsiz ötmür. O sadəcə şeir yazmır, hər sətirdə sözə necə həssas yanaşdığını nümayiş etdirir. Q.Ağsəs şeirinin məziyyətlərindən olan dilin zənginliyi, saflığı və səmimiliyi səlistliyi və lakonikliyi ilə də fərqlənir:
Bu gecə elə tıncıxır, Adam lap dava axtarır. İsaq-Musaq quşu çıxıb, Ağacda dəvə axtarır. Zəngin təsvir və təsəvvür verən bədii portretlər Q.Ağsəs yaradıcılığının canına-qanına elə hopub ki, idrakdan kök alan bu bədii təfəkkür məhsulundan danışmamaq olmaz. Hər şeirində bədii lövhə, bədii portret, yüksək informativliyə malik müəllif təsviri yaradan şairin, bircə poetik nümunəsindəki, əslində təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq bacarığına nəzər salaq:
Zivələrindən yaş əllər asılan - Bakım! Pakım! Bu dəmdə: quşlar səkidə gəzir adamlar damda... Çıxardı insanların bütün maskalarını eyni maska taxdı cahana virus: ağac - virus, maşın - virus, bina - virus, bir yandan koronavirus, bir yandan karantinavirus... İlahi, özün bax - ya eyvandan şəhər sal, ya da küçələrə qanad tax!.. Dünyanı cənginə alan, milyonlarla insanı qorxuya salan koronavirus pandemiyası dövründə sözün sadiq əsgəri yenə öz postundadır. Bədii portretin yaratdığı "süjetli film" gözlərimiz önündə yeni dünyanı canlandırır. Yenə ön planda İnsan, yenə istinad yeri Tanrı.
Qulu Ağsəsin bu mövzuda yazdığı hər üç (hələlik) şeir ədəbi ictimaiyyətdə müsbət reaksiyalar yaratmış, onun şeirlərinin təsirilə müxtəlif müəlliflərin yeni nəzm nümunələri ortaya çıxmışdır.. Bu onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusuna hazır vəziyyətdədir:
- Əgər doğrudan sevirsənsə, şərtim budur: çəkilək bir hücrəyə, amma məndən uzaq dur... Sabun köpüyü partlatsın qoxusu sarımsağın, Kefli əllərin doqquz yazsın on barmağı...
Apokalipsis mövzusunda qorxulu süjetli yazanlardan fərqli olaraq, Q.Ağsəs oxucuya sevgi aşılayır. "Daha kimdən, kimdən yazaq, uzaq, aman Allah uzaq..." (V.Səmədoğlu) tərəddüd-həyəcanı keçirmir. Bilir ki, məsafə saxlanılması gərəkən cisimdir. Ruh deyil:
Çölə çıxma! Telefona baxma! Darıxma! ... Başqa şərtlərin də olsaydı, kaş: Maskasız olmazsa, maska da olmasın, Yas olmazsa, ölüm də olmasın, Toy olmazsa, sevgi də... olsun! - sözləri çıxsaydı dodağından... Asacam özümü! - şərt cümləsinin budağından...
Yeri gəlmişkən, statistikaya görə, dünyada koronavirus mövzusunda qısa vaxt ərzində 200-dən artıq kitab yayımlanıb. Bunların arasında amerikan yazıçıların uşaqlar üçün, ingilisdilli yazıçıların isə böyüklər üçün yazdıqları daha məşhurdur. Maraqlıdır ki, şeir bu sosial dəstək marafonunda geridə qalır. Azərbaycanda bu sahədə şairlərin fəallığı, şeirlərin mənəvi dəstək gücü daha çox seçilir.
Sizə kimdən danışım - tək qadından gül ağzını açmırdı dişlərinin ucbatından. Çoxundan kəsdi, azından kəsdi, bir əliydi, bir boğazı boğazından kəsdi, dişlərini düzəltdirdı - elə ki əlinə maya düşdü, aylarla gördüyü röya çin oldu, qəfildən pandemiya düşdü, bütün dünya Çin oldu... Dözmədi, gül ağzını açıb çıxdı evdən - bir o idi yer üzündə, bir də taclı mələkdi! Baxışdılar, ikisi də qəh-qəhə çəkdi...
Pandemiya qurbanlarının xatirəsinə həsr olunan bu şeir coğrafiya tanımır - COVİD-19 sərhəd tanımayan kimi... Şairin, publisistin ən böyük məziyyəti təkcə könül kövrəkliyi, avaz yüyrəkliyi ilə ruhumuza hopan, minilliklərdən boy göstərən xalq hikmətlərindən istifadə deyil, həm də bu zəngin xəzinəyə öz töhfəsini verməsidir: "Qələbə məğlubiyyət deyil ki, gözünə kül üfürəsən", "Yazıçı əsər gətirəndə, tənqidçi sitat gətirir","Ağalıqla köləlik paralel xətlərdi. Onlar kəsişməsə də, heç vaxt bir-birindən əl çəkmir", "Hərəmiz borcludu bir can ölümə, Ölsək də, tapmarıq əncam ölümə", "Adamları bircə yol çiyninizə çıxarın: Öləndə!" -sırasını artırdıqca şirinliyindən doymadığımız belə xəlqiləşmiş Qulu Ağsəs aforizmləri, bu baxımdan, onun yaradıcılığının üfüq genişliyinin göstəricisidir.
İlk şeiri 1978-ci ildə çap olunan Qulu Ağsəs, ədəbiyyat aləmində səs saldığı 90-cı illərdən üzü bəri, tənqidçilərin, ədəbiyyatçıların diqqət mərkəzində olub: Fikrət Qoca, Çingiz Əlioğlu,Tofiq Abdin, Vaqif Yusifli, Rüstəm Kamal, Vaqif Bəhmənli, Qurban Bayramov, Nərgiz Cabbarlı, Orxan Aras, Cavanşir Yusifli, Elçin İskəndərzadə, Günay Səma Şirvan və onlarla başqa söz adamları onun yaradıcılıq söz xəzinəsinə çıraq tutmağa çalışmışlar.
İndi Əməkdar jurnalist, Prezident təqaüdçüsü, "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru olan, bir yeniyetmə qədər utancaq, bir ahıl qədər müdrik bu söz adamının şeirlərində pozitiv enerji o qədər müsbət aura yaradır ki, tanış olan oxucu da, tədqiqatçı da daim o işığa can atır.
Poeziyamızın Ağ Səsinə - Qulu Ağsəsə Ulu Tanrıdan Sözün ucalığında qalmağı diləyir, saf sözü, özünəməxsus ədəbi nəfəsi ilə çağdaş Azərbaycan poeziyasını yeni-yeni töhfələrlə zənginləşdirməsini arzulayıram.
Mərziyyə NƏCƏFOVA Filologiya elmləri doktoru, dosent /525.az/
|