"Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab çap olunub
08.06.20
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq sahəsində uğurlu nəşrlərindən olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Səlim Rəfiq Rəfioğlu. Füzuli” adlı üçüncü cildi işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitaba Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən olan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) “Füzuli” adlı doktorluq dissertasiyası daxil edilib. Səlim Rəfiqin ilk dəfə nəşr edilən bu araşdırması özünün mövzu, problematika və əhatə dairəsi baxımından olduqca mükəmməlliyi ilə seçilir. Əsərdə Füzulinin həyatı, yaradıcılığı, elmi görüşləri və başqa problemlər toplu halında tədqiq edilib. Müəllifin 1940-cı illərdə qələmə aldığı bu əsərdə araşdırılan bir çox məsələlər bugünkü füzulişünaslığımız üçün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Seriyanın baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, cildin məsul redaktoru institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlıdır.
Kitabı əlyazma əsasında nəşrə hazırlayan, "Ön söz", qeyd və şərhlərin müəllifi Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
|