Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20

Romantizm dünya və Azərbaycan ədəbiyyatını forma, ideya, üslub, obraz, bədii təsvir və ifadə vasitələri baxımından zənginləşdirən ən uzunömürlü ədəbi cərəyanlardan biri kimi yarandığı dövrdən tədqiqat obyekti olub.

Müxtəlif vaxtlarda bu ədəbi irs, keçdiyi yol və mərhələlər, bədii düşüncədəki yeri, ayrı-ayrı görkəmli şəxsiyyətləri ilə bağlı çoxlu tədqiqatlar yazılır. Zaman keçdikcə romantizmin ən dərin qatlarında olan keyfiyyətlər yeni elmi araşdırmalar bucağından təhlilə cəlb edilir. Azərbaycan ədəbiyyatşünaslığında da romantizm hadisəsi ötən yüzilliyin 60-cı illərindən sonra sistemli şəkildə araşdırılır. Məmmədcəfər Cəfərov, Mir Cəlal, Əziz Mirəhmədov, Məsud Əlioğlu, Vəli Osmanlı, Əbülfəz İbadoğlu, Ofelya Bayramova, İsa Həbibbəyli, Kamran Əliyev, Şamil Vəliyev, Cavidə Məmmədli və başqaları romantizmi müxtəlif aspektlərdən tədqiq etmişlər. Lakin romantizm elə bir zəngin irsdir ki, hər dövrdə onu nəzəri və praktik baxımdan yenidən araşdırmaq lazım gəlir. Bu mənada,  filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" (Bakı, Azərnəşr, 2020, 480 s.) monoqrafiyası (elmi redaktoru akademik, millət vəkili İsa Həbibbəyli, rəyçilər filologiya elmləri doktoru, professor Məmməd Əliyev və sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə) olduqca maraq doğurur. Maraq doğurur ona görə ki, dünya mədəniyyəti və ədəbiyyatında mühüm yer tutan romantizmə tamamilə yeni baxış bucağından yanaşılır. Professor T.Əfəndiyevin bu araşdırması fundamentallığı və yeniliyi ilə diqqətimi cəlb etdi. Razılıq doğuran cəhət romantizmin bütün tərəfləri, problemləri ilə ələ alınması, indiyədək aydınlıq gətirilməsi lazım olan məsələlərin yeni elmi-nəzəri kontekstdə tədqiq edilməsidir. 

Belə baxdıqda, romantizm T.Əfəndiyev yaradıcılığında yeni istiqamət deyil. Hələ ötən yüzilliyin 80-ci illərində romantizm problemi ilə bağlı məqalələr yazıb, əsaslı tədqiqat aparıb. Azərbaycan romantizminin görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı haqqında "Hüseyn Cavidin ideyalar aləmi" (1985) monoqrafiyası romantizmşünaslığı və cavidşünaslığı xeyli dərəcədə zənginləşdirib. Ancaq tədqiqatçınınqırx ildən sonra yenidən romantizm hadisəsinə qayıtmasının başqa nədənləri də var. O zaman (yada salaq ki, bu zaman romantizm "mütərəqqi" və "mürtəce" adları ilə iki yerə bölünürdü!) ədəbi, elmi mühitdə hökm sürən ideoloji baryerlər romantizmi bütün tamlığı ilə üzə çıxarmağa imkan vermirdi. Fikrimizcə, romantizmin araşdırılmasında elmi, ideoloji boşluqlar tədqiqatçını yenidən bu problemə qayıtmağa vadar etmişdir.

Professor T.Əfəndiyev problemi bütün yönlərilə araşdırır; yəni monoqrafiya yalnız Azərbaycan romantizminə həsr edilməyib (onsuz da bu barədə bir çox əsərlər yazılıb!), onun dünya ədəbiyyatındakı yeri və nəzəri konseptini də əhatə edir. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfədir ki, romantizm bütün cəhətləri ilə tədqiqə cəlb edilir. Tədqiqatın strukturu qoyulan problemi özündə bütünlüklə ehtiva edir. Monoqrafiya "Romantizm və onun nəzəri problemləri", "Dünya ədəbiyyatında romantizm", "Azərbaycan romantizminin təşəkkülü problemləri", "Azərbaycan romantizminin estetikası və poetikası" və "Personaliya" (bu bölümdə Azərbaycanın məşhur romantiklərinin yaradıcılığı təhlil edilir) fəsilləri məsələnin qoyuluşu və elmi həllini ən yaxşı şəkildə şərtləndirir. Əslində, bu problemlərin hər birinin ayrıca bir tədqiqat mövzusu olması monoqrafiyanın çoxsəsliliyini şərtləndirir.

Professor T.Əfəndiyev romantizmi öncə nəzəri cəhətdən araşdırmaya daxil edir; bu sıralama doğrudur, ona görə ki, nəzəri konsept bu ədəbi cərəyanın mahiyyətini açdığından sonrakı problemləri daha görümlü edir. Demək lazımdır ki, tədqiqatçı burada da orijinal yolla gedir, yəni romantizmin məlum nəzəri konsepti ilə yanaşı, indiyədək az toxunulmuş problemlərinə nəzər salır. "Romantizm bir ədəbi cərəyan kimi", "Romantizmin manifesti", "Romantizm estetikası və onun xüsusiyyətləri", "Romantizmin sənət konsepsiyası", "Romantizmin fəlsəfi əsasları", "Romantizmdə insan konsepsiyası" və s. bölümlər romantizm ədəbi cərəyanının mahiyyətini açır.

Romantizmi, hər şeydən əvvəl, bir ümumdünya mədəniyyət və sənət hadisəsi hesab edən tədqiqatçı ilk dəfə olaraq bu ədəbi cərəyanın manifesti məsələsini qoyur və bunun dünya ədəbiyyatında vahid manifestə əsaslanmadığı qənaətinə gəlir. Çünki romantizm ayrı-ayrı xalqların ədəbiyyatında fərqli zaman və məkanlarda yaranıb. Özü də manifestin iki şəkildə ortaya çıxdığını görürük: birincisi, sənətkarlar romantizm haqqında ayrıca manifestlərini elan etməmişlər, yalnız ya bədii əsərlərində, ya da məqalə və yazılarında, yeri gəldikcə, bu sənət konsepsiyası ilə bağlı fikirlərini bildirmişlər; ikincisi, romantiklər romantizm nümunəli əsərlər yazmaqla yanaşı, həm də onun manifestini, ideya-estetik prinsiplərini işləyib hazırlamışlar. İkinci məsələyə ən yaxşı nümunə kimi Viktor Hüqonun yaradıcılığı götürülür. V.Hüqo dünya arenasında romantizmin görkəmli nümayəndəsi kimi romantik əsərlər yazmaqla yanaşı, romantizm estetikasının nəzəri-estetik prinsiplərini də işləyib hazırlamış və klassizmin qarşısına yeni bədii-estetik düşüncə ilə çıxmışdı. Onun 1827-ci ildə "Kromvel" dramına yazdığı "Ön söz" həm də romantizmin manifesti kimi qəbul olunur. V.Hüqo Avropada yazılan dram əsərlərində antik yanaşmanı inkar edir və romantiklərin də içində olduğu klassik faciənin vacibliyini önə sürürdü. Böyük romantik "Ön söz"ündə qoyduğu problemləri "Kromvel" dramında tətbiq edərək "yamsılamaq elementi" ilə "qrotesk eybəcər incəsənətin əsas elementidir" fikirlərini bir-birilə uzlaşdıra bilir. Yəni onun yanaşmasına görə, bu elementlərin biri digərinə mane olmur. Yazıçı bu tendensiyanı "Paris Notr-Dam kilsəsi" əsərində də qoruyub saxlaya bilmişdir. Ümumiyyətlə, monoqrafiyada V.Hüqonun nəzəri fikirləri ilə əsərlərinin bir konsepsiya kimi üst-üstə düşməsi və dünya romantizminin bu manifest üzərində təşəkkülü yaxşı əsaslandırılır. Müəllifin romantizmin böyük bir coğrafiyada fərqli zaman və məkanlarda, ayrı-ayrı xalqların ədəbiyyatında təzahürünü nəzərə alaraq belə bir qənaəti tamamilə doğru səslənir: "Bununla belə, romantizm heç də bütün zamanlarda yalnız bu manifest üzərində qərar tutmamışdır. Sonrakı mərhələlərdə romantizm realizm və maarifçi realizmlə qaynayıb qarışmış, keçmişə məhəbbət, gələcəyə münasibət duyğuları ilə daha da zənginləşmişdir". Monoqrafiyanın "Romantizm estetikası və onun xüsusiyyətləri", "Romantizmin sənət konsepsiyası", "Romantizmin fəlsəfi əsasları", "Romantizmdə insan konsepsiyası" yarımfəsillərində dünya romantizmi nəzəri cəhətdən təhlil edilir.

"Dünya ədəbiyyatında romantizm" problemi qoyuluşu və elmi həlli baxımından son dərəcə geniş və əhatəlidir. Romantizmin ən yaxşı şəkildə təzahür etdiyi alman, ingilis, fransız, polyak, italyan, rus, ispan, Danimarka, macar, Norveç, İsveç, Amerika, türk romantizminin özünəməxsus inkişaf xüsusiyyətləri izlənilir. Ümumiyyətlə, ilk dəfədir ki, ədəbiyyatşünaslığımızda dünya romantizmi bu şəkildə əhatəli və detallı tədqiq edilir. Romantizmin meydana gəlməsinin estetik zəmini, ilkin şərtləri, eləcə də inkişaf yolları, romantik məktəbləri, romantizm öncəsi və sonrası kompleks şəkildə təhlil olunur. Dünya xalqlarının romantizm hadisəsinin bir tədqiqatda araşdırılması həm bu xalqların ədəbiyyatındakı romantizm ədəbi cərəyanını izləməyə, həm də onların bir-birinə təsirini, romantizmlər arasındakı paralellizmi, fərqləri izləməyə imkan verir. Alman romantizmində fəlsəfi çalarlar, ingilis romantizmində Xeyir-Şər qarşıdurması, fransız romantizmindəki "dünya kədəri" və s. xüsusiyyətlər romantizmin nə qədər zəngin mənəvi arsenala malik olduğundan xəbər verir. Polşa romantizminin yaranmasının ilkin şərtləri kimi sosial-siyasi məsələlərin önə çıxdığını qeyd edən müəllifin bu qənaəti razılıq doğurur: "...milli azadlıq hərəkatı Polşada romantizmin inkişafının  başlıca zəmini kimi özünü göstərdi. Romantizm bir ədəbi cərəyan olmaqla bərabər, milli dünyagörüşün formalaşmasında da xüsusi rol oynadı. Romantik şairlər xalqın mənəvi rəhbəri olmağa çalışır və bu istiqamətdə səmərəli fəaliyyət göstərirdilər".  Monoqrafiyada ayrı-ayrı xalqların ədəbiyyatında romantizmin təşəkkül problemləri ilə yanaşı, yeri gəldiyində örnək nümayəndələrinin yaradıcılığı ilə də tanış oluruq.


Monoqrafiyanın Azərbaycanla bağlı fəsilləri də problemlərin qoyuluşu və həlli baxımından yenidir. Bu yenilikləri biz  milli romantizmin başlanğıcı, inkişaf yolu və mərhələlərində görürük. "Azərbaycan romantizmi və onun ideya-bədii xüsusiyyətləri", "Azərbaycan romantizminin başlanğıcı", "Azərbaycan romantizminin mərhələləri", "Azərbaycan romantizminin milli hərəkat dövrü", "Azərbaycan romantizminin sosrealizm mərhələsi", "Füyuzat" jurnalı və romantiklər" bölümlərində indiyədək romantizmin öyrənilməsindəki boşluqlar doldurulur. Müəllif nəinki romantizmdəki bir çox məsələlərə aydınlıq gətirir, hətta gələcək araşdırmalar üçün də yeni imkanlar yaradır. Professor T.Əfəndiyev milli romantizmin keçdiyi özünəməxsus yolun inkişaf problemlərini düzgün müəyyən edir, onu Avropa və türk romantizmdən ayıran cəhətləri bəlirləyir. Bu tədqiqatlardan aydın olur ki, Azərbaycan ədəbiyyatında romantizmin başlanğıcı və yaranması tarixi düzgün müəyyənləşdirilməyib; romantizm vahid məzmuna malik cərəyan kimi götürülməyib, bu ədəbi cərəyanın üzərindən hələ də "mütərəqqi" və "mürtəce" epitetləri götürülməyib, "mürtəce" hesab olunanların yaradıcılığı hələ də tam olaraq üzə çıxarılmayıb və qiymətini almayıb. Yaxud romantizmin yaranması 1905-ci il inqilabı ilə əlaqələndirilib, onun mövcudluğu 1905-1917-ci illə məhdudlaşdırılıb və s. Əlbəttə, bunlar monoqrafiyada qoyulan problemlərin az bir qismidir; lakin elə bunlar da müəllifin milli romantizmşünaslığımızda bir çox problemlərin yerinə düzgün oturdulması səyini təsdiq edir.

Götürək, romantizmin başlanğıcı məsələsini. İndiyədək (bəzi istisnaları çıxmaqla!) Azərbaycan romantizminin başlanğıcını 1905-ci il inqilabı ilə başlayırdılar. Bu yanlış tendensiya ötən yüzilliyin 60-cı illərindən başlayaraq indiyədək bir çox mənbələrdə davam edir. Yalnız görkəmli romantizmşünas alim Vəli Osmanlının son tədqiqatlarında məsələyə yeni baxış görünür. On il əvvəl mənim də tədqiqatlarımda romantizmin sərhədlərinin 1905-1917-ci il kimi müəyyənləşdirilməsinin düzgün olmadığı qeyd edilirdi (Bax: Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, III c., Bakı, Elm və təhsil, 2011, s. 134). Professor T.Əfəndiyev isə məsələyə kompleks yanaşaraq problemi dərindən araşdırır və deyim ki, yaxşı nəticələr ortaya çıxır. Tədqiqatçı Azərbaycan romantizmini ayrı-ayrı mərhələlərə bölməkdə də tamamilə haqlıdır. Əslində, 1905-ci ildən sonra romantizmdə yeni bir mərhələ başlayır. Ona qədər isə Azərbaycan romantizmi iki mərhələ keçmişdi. Biz də müəllifin bu fikri və gətirdiyi arqumentlərlə razılaşırıq. Məhz həmin dövrdə Qərb və rus romantizmi özünün ən yaxşı mərhələsində idi. Rus və Qərb romantizminin təsiri altında gürcü romantizmi də buradan təsirlənmişdi.

Gürcü romantizminin ilk nümayəndələri Aleksandr Çavçavadze, Qriqol Orbeliani, Nikolas Barataşvili və Vaxtanq Orbelianinin yaradıcılığını araşdıran tədqiqatçı müqayisələr nəticəsində Azərbaycan bədii düşüncəsinin də bu prosesdən kənarda qalmasını qəbul etməyərək A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh yaradıcılığında romantizmin təzahürlərini axtarır. XIX yüzil gürcü romantikləri ilə XX yüzil Azərbaycan romantikləri forma, məzmun, ideya, bədii təsvir və ifadə vasitələri baxımından müqayisəyə belə gəlmir. Professor T.Əfəndiyev isə gürcü romantikləri ilə A.Bakıxanov və M.Ş.Vazeh şeirlərini müqayisə edir və yaxınlıqlar görür. Gürcü şairi Q.Orbelianinin "Maxambazi" (Müxəmməs) şeirindən sitat gətirən müəllifin gəldiyi qənaət bu barədə bizi düşünməyə və yenidən bu istiqamətdə araşdırmalar aparmağa sövq edir: "Gürcü romantizminə aid edilən bu şeir XIX əsrin əvvəllərində Azərbaycan maarifçiləri hesab edilən A.Bakıxanov və M.Ş.Vazeh poeziyasından, istər ideyasına, istərsə də bədii təsvir və ifadə vasitələrinə görə əsaslı şəkildə fərqlənmir. O halda nədən onları romantizm ədəbi cərəyanına aid edirlər. Bizə belə gəlir ki, bu barədə ayrıca araşdırma aparmağa ehtiyac var".


Professor T.Əfəndiyevin xüsusilə İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" və A.Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayələrini romantik əsər olaraq təhlilə cəlb etməsi olduqca əhəmiyyətlidir. Bununla tədqiqatçı ədəbiyyatşünaslığımızda yeni istiqamət açmış olur. Bu əsərlərin qəhrəman, süjet, obrazların dünyagörüşü, dil və üslub baxımından təhlilləri maraq doğurur. Hər iki əsərin lirik-sentimental üslubda yazılması, lirizmin ümumiyyətlə dünya romantizminin əsasını təşkil etməsi, dil, üslub kimi paralellər müəllifin arqumentlərini möhkəmləndirir. "Rəşid bəy və Səadət xanım" əsərinin S.Mümtaz tərəfindən "Avropa üsul və təsirində", "ədibanə və şairanə" kimi qiymətləndirməsində məhz romantizmə işarə etdiyi qənaətinə gəlir.


Professor T.Əfəndiyev Azərbaycan romantizminin ikinci mərhələsi kimi XIX yüzilin 90-cı illərini götürür və bu dövrdə yaranan iki əsərin təhlilinə geniş yer verir. Bu əsərlərdən biri N.Nərimanovun "Bahadır və Sona", digəri isə Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi" əsəridir. Hər iki romanın qəhrəman, süjet, obraz, dil-üslub baxımından tamamilə romantzmin tələblərinə cavab verməsi əsaslandırılır. Demək lazımdır ki, professor T.Əfəndiyev bu istiqamətdə romantizmşünas alimimiz V.Osmanlının arqumentlərini bir qədər də möhkəmləndirir. Eyni fikri Azərbaycan romantizminin mərhələləri, eləcə də milli hərəkat dövrü haqqında da demək mümkündür. Bir sözlə, Azərbaycan romantizminin yaranması və başa çatması ilə bağlı sosrealist ədəbiyyatşünaslığının verdiyi qiymətlər yeni elmi meyarlarla dəyərləndirilir.


Professor T.Əfəndiyev Azərbaycan romantizminin estetikası və poetikası məsələlərini də araşdırmışdır. "Azərbaycan romantizminin estetik prinsipləri", "Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük", "Azərbaycan romantiklərinin yaradıcılığında turançılıq", "Azərbaycan romantiklərinin yaradıcılığında islamçılıq", "Romantizmdə milli istiqlal və hürriyyət ideyaları" və s. kimi bölümlər elmi sanbalı, problemin qoyuluşu baxımından olduqca əhəmiyyətldir. Məlumdur ki, dünya romantizmi içərisində nümayəndələri və əsərlərin bədii siqləti baxımından xüsusi çəkisi olan milli romantizmin ayrıca bir manifesti olmamışdır. Lakin bu o demək deyil ki, milli romantizmin estetik prinsipləri olmamış, yaxud formalaşmamışdır. Müəllif məhz bu amil üzərində dayanaraq milli romantizmi formalaşdıran manifestyönlü nəzəri istinad nöqtələrini axtarıb tapır və romantizm ailəsinin haradan qaynaqlandığını üzə çıxarır. Bu estetik prinsiplərin XX yüzilin əvvəllərində formalaşdığını irəli sürən tədqiqatçı Ə.Hüseynzadə yaradıcılığını və "Füyuzat" jurnalını önə çəkir. Ə.Hüseynzadənin V.Hüqo, Bayron, Qote yaradıcılığı ilə yaxından tanışlığı və əsərlərindən etdiyi tərcümələr, eləcə də ayrı-ayrı məqalələri bu estetik prinsplərin formalaşmasında mühüm rol oynayır: "Ə.Hüseynzadənin romantizmin konsepsiyasına dair fikirləri "Füyuzat" məcmuəsində nəinki davam edir, bir az dərinləşir və sistemli xarakter alır. O, ədəbiyyatın saflığına çalışır, sənət prinsiplərinə üstünlük verirdi. "Füyuzat" jurnalında çıxış edən müəlliflərin yazılarında bu estetik prinsiplərdən çıxış edilirdi".

Monoqrafiyanın son fəsli "Personaliya"da görkəmli Azərbaycan romantikləri ilə bağlı oçerklər yer alıb. Lakin Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq, C.Cabbarlı, S.Mənsur, Ə.Cənnəti, A.Müniri, Ə.Müznib, İ.Səfa, Ə.Kamal  haqqında yazılan oçerklər ümumi səciyyə daşımır, yalnız bu şairlərin romantizmlə əlaqəli yaradıcılığı, onların romantizmə gətirdiyi yeniliklər, romantizm ədəbiyyatındakı yeri və mövqeyi təhlil edilir. Bu şairlər içərisində sovet dövründə "mürtəce romantiklər" sırasına daxil edilən S.Mənsur, Ə.Cənnəti, A.Müniri, Ə.Müznib kimi şairlərin yaradıcılığı ilk dəfə olaraq məhz bu kontekstdə dəyərləndirilir. Müəllifin türk şairləri İsmayıl Səfa və Əhməd Kamal kimi romantiklərin yaradıcılığına yer verməsi tamamilə doğrudur. Bunlardan Ə.Kamal Azərbaycan ədəbi mühitində yaşamış və romantizmin gəlişməsində müəyyən qatqıları olmuşdusa, türk romantizminin görkəmli nümayəndəsi İsmayıl Səfa bu ədəbi prosesdə qiyabi iştirak etməsinə rəğmən (özü vəfat etsə də, romantik şeirləri "Füyuzat" və digər dərgilərdə müntəzəm çap edilib), milli romantizmə təsir göstərən şairlərdən olmuşdur. Bütün bunlar Azərbaycan romantizminin təşəkkülü prosesini bir tam olaraq görməyə imkan verir.

Professor Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası çağdaş ədəbiyyatşünaslığımızda və romantizmşünaslığımızda elmi düşüncəni irəli aparan və gələcək tədqiqatlar üçün istiqamətlərə yol açan bir əsərdir. İnanıram ki, bu əsər tədqiqatçılar, universitet müəllimləri, doktorant və dissertantlar üçün də zəngin, fundamental elmi mənbə olacaq. /525.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.