Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi çap olunub.
Elmi mərkəzdən AZƏRTAC-a bildirilib ki, ensiklopediyanın nümunəvi (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Almaniyanın “Kösel GmbH&Co.Kg” şirkəti ilə imzalanan müqavilə əsasında bu ölkədə çap edilib.
“F” və ”G” hərfləri üzrə materialların bir hissəsini əhatə edən 9-cu cildin həcmi 75,0 şərti çap vərəqi (600 səhifə) təşkil edir. Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiətilə verilib. Nəşrdə dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı yer alıb.
Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak ediblər.
Xatırladaq ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində milli ensiklopediyanın 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.
|