Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
27.03.20

ƏBÜLFƏZ QULİYEV
AMEA-nın müxbir üzvü   


  Bildiyimiz kimi, qardaş Türkiyədə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə həmişə böyük maraq olmuşdur. Müstəqilliyimizə qovuşduqdan sonrakı illərdə bu ölkə universitetlərində Azərbaycan dilinin də daxil edildiyi “Çağdaş türk ləhcələri” fakültələri fəaliyyət göstərməyə başlamışdır. Hətta Qars şəhərindəki Qafqaz universitetinin Fənn-ədəbiyyat fakültəsində bir neçə ildir ki, Azərbaycan dili və ədəbiyyatı bölümü kadr hazırlığı ilə məşğul olur. Bu bölümlərdə dilimiz, ədəbiyyatımız öyrənilməklə yanaşı, bu məsələlərə aid kitablar da nəşr olunur. Təqdirəlayiq haldır ki, bölüm başqanı, dosent İlkin Qulusoy bu yaxınlarda  görkəmli dövlət xadimi Nəriman Nərimanovun AMEA Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunan 1899-cu ildə işıq üzü görmüş “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını Ankarada “Sonçağ” nəşriyyatında nəfis şəkildə çap etdirmişdir.

   Məlumdur ki, Azərbaycan  ictimai fikir tarixində görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun (1870-1925) özünəməxsus yeri vardır. İnqilabçı, həkim, pedaqoq olan bu abidə şəxsiyyətin ədəbi-bədii yaradıcılığı onun çoxcəhətli fəaliyyətində xüsusi yer tutur. O, Azərbaycan maarifçiliyinin ən görkəmli nümayəndələrindən biri kimi savadsızlığa, xurafat və cəhalətə qarşı yorulmadan mübarizə aparmışdır. Bu baxımdan N.Nərimanov böyük maarifçi, realist dramaturgiyamızın banisi M.F.Axundzadə ənənələrinin ardıcıl davamçısı olmuşdur. N.Nərimanov o dövrün ən tanınmış təhsil ocağı olan Qori müəllimlər seminariyasının məzunu kimi 1890-cı ildə müəllimlik fəaliyyətinə başlamış, 1896-cı ildən Bakı şəhərində oğlanlar gimnaziyasında işə qəbul olunmuşdur. O  dövrdə çar Rusiyasının müstəmləkəçilik siyasəti milli dil və mədəniyyətlərin inkişafının  qarşısını çox sərt şəkildə alırdı, maarif müəssisələrində Azərbaycan dilinin tədrisi sıxışdırılırdı. Eyni zamanda dogma dilimizə aid dərslik, dərs vəsaitləri yox dərəcəsində idi, dərs prosesində müəllimlər çətinliklərlə üzləşirdilər. Bu problemlər böyük maarifçimizi ciddi şəkildə düşündürürdü. Ona görə də N.Nərimanov bir ildə üç kitab nəşr etdirməklə bu çətinlikləri aradan qaldırmaq istəmişdir. 1899-cu ildə - XIX əsrin son ilində işıq üzü görən bu dərs vəsaitləri ağağıdakılardır:
1.Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi.
2. Самоучитель татарского языка для русских.
3. Самоучитель русского языка.

       Bunlar içərisində birinci kitab dərslik xarakterli bir əsərdir. Burada məqsəd oxucuda, şagirdlərdə Azərbaycan dili haqqında qısa, aydın təsəvvür yaratmaqdan ibarət olmuşdur. Məlumdur ki, hələ 1839-cu ildə məşhur M.Kazımbəy  «Грамматика турецко-татарского языка» əsərinin nəşri ilə Avropa üsulunda  Azərbaycan qrammatika məktəbinin əsasını qoymuşdur. Ondan sonra Həsən Vəzirovun əsəri və Əbdüssəlam Axundzadənin  “Müxtəsər sərf” (1891) əsərləri nəşr olunmuşdusa da, bu əsərlər mövcud tələblərə cavab verməmişdi. Ona görə də Nərimanovun bu kitabının nəşri mövcud ehtiyacları təmin etmək məqsədinə xidmət göstərirdi. Bu  əsər uzun müddət dərs kitabı kimi istifadə edilmişdir.

        Dosent İlkin Qulusoy kitabın giriş hissəsində bu əsər,  onun müəllifinin ədəbi-elmi irsi haqqında ətraflı bəhs etmişdir. Giriş hissədə “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyinin quruluşu, məzmunu əsas xüsusiyyətləri  yığcam şəkildə şərh edilmişdir. Tərtibçi mətnşünaslıq elminin qayda və prinsiplərini əldə rəhbər tutaraq kitaba əsərin faksimle və transkripsiyasını da əlavə etmişdir. Bundan əlavə, kitaba əsərdə işlənmiş Azərbaycan dilinə aid sözlərin lüğəti, rusca terminlərin türkcəyə tərcüməsinin cədvəli, əsərdə işlənmiş mövzu, məfhum və qrammatik terminlərin  geniş izahı verilmişdir.
    
       Tərtibçinin də göstərdiyi kimi, 53 səhifədən ibarət olan ”Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyi öz dövrü üçün Azərbaycan dilinin öyrədilməsi və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. O dövrün rus elmi ədəbiyyatında Azərbaycan türkləri yanlış olaraq Qafqaz tatarları, ən yaxşı halda isə Azərbaycan tatarları adlandırılırdı. Azərbaycan maarifçiləri, təbii ki bu fikirlə razılaşa bilməzdi. Ona görə də dövrün M.Şahtaxtlı, H.Zərdabi, Ü.Hacıbəyov, N.Nərimanov kimi Azərbaycan maarifçiləri bu yanlış adlandırmanın aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Məhz buna görə N.Nərimanov kitabda türk Azərbaycan dili terminindən istifadə etmişdir. Məlum olduğu kimi, o dövrdə Azərbaycan dilinin terminologiya sistemində ənənəvi olaraq ərəb-fars mənşəli sözlər daha geniş işlənmə dairəsinə malik idi. Ona görə də  N.Nərimanov kitabın adında rusca “Краткая татарско-адербейджанская грамматика” şəklində getməsinə baxmayaraq qrammatika termini əvəzinə sərf-nəhv terminindən istifadə etmişdir. Bu cür terminlərə kitabın digər bölmələrində də rast gəlirik. Kitabın 4 səhifəsi girişdən ibarətdir. Bu hissədə müəllif dil və əlifba münasibətlərindən bəhs edir. Ərəb əlifbasının Azərbaycan dilinin səs quruluşunu düzgün ifadə edə bilmədiyini vurğulayan müəllif  bu dildə ərəbcədən fərqli olaraq  məsələn, “s” səsinin bir hərfi işarəsi olmalıdır deyə göstərir. Fikrinə davam edərək o göstərir ki, Azərbaycan yazısını çətinləşdirən faktorlardan biri ərəb əlifbasındakı bir danışıq səsinin bir neçə hərfi işarəsinin mexaniki şəkildə tətbiq edilməsidir. Bu qayda ərəb dilinin fonetikası üçün məqbul olsa da, Azərbaycan dilinin yazı sistemi, orfoqrafiyası üçün böyük çətinliklər yaradırdı. Bu çətinlikləri təcrübədə, tədris prosesində əyani şəkildə müşahidə edən müəllif yazır: “Bu vaxtadək Türk –Azərbaycan dilində bir qayda olmadığına görə hər kəs nə tür istəyir yazır”.
N.Nərimanovun dərsliyi iki hissədən ibarətdir:
1. Sərf.
2. Nəhv.

     Müəllif sərf termini ilə indiki fonetika və qrammatika bölmələrini nəzərdə tutmuşdur. Bu terminlərlə  yanaşı o, etimologiya və sintaksis terminlərindən də istifadə etmişdir. Fonetika və morfologiyanın etimologiya termini ilə ifadə olunması ənənəsi M.Kazımbəydən gəlməkdədir. Kazımbəy də məşhur qrammatikasında morfologiya mənasında etimologiya terminindən istifadə etmişdir. N.Nərimanov morfoloji kateqoriyaları Osmanlı qrammatikalarındakı qaydalara uyğun şəkildə vermişdir. Nitq hissələrindən ətraflı bəhs edən müəllif o dövrün ənənəsinə uyğun olaraq daha çox isim və feillər üzərində dayanmış, bu əsas nitq hissələrinin leksik-qrammatik xüsusiyyətlərini ətraflışəkildə nümunələrlə şərh etmişdir. Müəllif Osmanlı qrammatikalarında olduğu kimi, sifət və saylardan ayrıca bəhs etməmiş, onları isimlərin içərisində vermişdir. Müasir dilçiliyimizdən fərqli olaraq müəllif qoşmalardan ədavat adı ilə bəhs edir. Nişanlar başlığı altında durğu işarələrindən bəhs edir. Dərslikdə sintaksis bəhsi çox bəsitdir. Burada mübtəda, xəbər kimi cümlə üzvləri və tabeli mürəkkəb cümlə, onu əmələ gətirən baş və budaq cümlə haqqında məlumat verilir. N.Nərimanov kitabın sonunda “Təhlil” başlığı altında qrammatik təhlil haqqında belə yazır: “Dildə çap olunan mətləbləri, hekayələri və şeirləri müəllim gərəkdir, hər qaidəni şagirdlərə bəyan edəndən sonra əzbər yazdırıb təhlil edələr.”  O eyni zamanda seçdiyi mətnlərdəki dil vahidlərinin qrammatik təhlil edilməsinə aid bir neçə nümunə də vermişdir (s.52) .

         Onu da qeyd etmək lazımdır ki, bu ilin aprel ayında böyük sənət fədaisinin anadan olmasının 150 ili tamam olur. Ölkə prezidenti İlham Əliyevin 14 fevral 2020-ci ildə  bu münasibətlə imzaladığı sərəncamda da qeyd edildiyi kimi bu görkəmli yazıçı və dövlət xadiminin ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmışdır. Bu baxımdan, Qafqaz Universitetinin dosenti İlkin Qulusoyun hazırlayıb qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində nəşr etdirdiyi “Türk-Azərbaycan dilinin sərf-nəhvi” kitabı yubiley ərəfəsində nərimanovşunaslığa layiqli töhfədir.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.