Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
16.03.20

Məmməd Orucu (Orucov Məmməd Kazım oğlunu) çoxdan - hələ Yazıçılar İttifaqında işlədiyim vaxtlardan tanıyıram. Çox maraqlıdır, Vikipediyada onun əmək bioqrafiyasını nəzərdən keçirərkən orada özümlə xeyli oxşarlıq gördüm: eynən mənim kimi 70-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, 1980-ci ildə Yİ-nın orqanı "Azərbaycan" jurnalına işə düzələrək əvvəlcə adi ədəbi işçi olmuş, sonra isə şöbə müdirinəcən "yüksəlmişdir". Mən də Yİ-da 80-ci ilin əvvəllərində işə girmişəm. Biz 1983-cü ildə bir yerdə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişik. Mən hələ o vaxt gənc nasirin əsərlərinə təkcə bizim jurnallarda deyil, eləcə də Moskva nəşrlərində rast gəlirdim. Məsələn, o vaxt nüfuzlu Rusiya nəşriyyatları "Molodaya qvardiya" və "Sovetski pisatel" Azərbaycan yazıçılarının əsərlərini həvəslə çap edirdilər, onda ki ola özünün ruscadan azərbaycancaya tərcümələrilə Moskvada tanınan Məmməd Oruc. O, bu gün də rus nəsrini həvəslə tərcümə edir və hətta bir müddət əvvəl Moskvada nüfuzlu mükafata layiq görüldü. 

Lakin bu haqda bir qədər sonra. Hələlik isə demək istəyirəm ki, qəribə də olsa, bizim Məmməd Orucla daha yaxın münasibətimiz elə də çoxdan yaranmayıb. Qabaqlar onu əsasən "Azərbaycan" jurnalının əməkdaşı və qatı şahmat həvəskarı kimi tanıyırdım. Mən nə vaxt Yazıçılar İttifaqının ədəbi orqanlarımızın yerləşdiyi üçüncü mərtəbəsinə qalxırdımsa, demək olar ki, həmişə Məmməd Orucla Siyavuş Məmmədzadəni fasilədə, yaxud işdən sonra şahmat taxtası arxasında görürdüm. O vaxtdan, deməyə ürək eləmirsən, nə qədər vaxt keçib, onlar isə hələ də oynayırlar. Yaşda sanballı fərqə baxmayaraq, indiyəcən ürək dostudurlar (Siyavuş Məmməddən 12 yaş böyükdür). Siyavuş müəllim kefsizləyib işə çıxmadığı vaxtlar mən əziz ustadımıza baş çəkərkən, demək olar ki, həmişə orada Məmməd Orucu görürdüm. Bizim bu utancaq, çox təvazökar, amma son dərəcə zəhmətkeş və istedadlı söz xiridarıyla, əsl ədəbiyyata elə mənim kimi "sirli ehtirasla" - təmənnasız məhəbbətlə bağlanmış şəxslə ünsiyyətimiz belə başladı.
Mən Məmmədə son kitablarımı bağışladım, o, əvəzində bir müddət əvvəl qələmə aldığı əsərlərindən göndərdi. Ona bağışladığım bütün kitablarıma çox operativ surətdə, səmimiyyətlə münasibət bildirərək "525-ci qəzet"də iki-üç geniş məqalə dərc etdirdi. Mən isə, boynuma alıram, onun belletristikasını bu yaxınlarda oxuyub başa çıxa bilmişəm və budur, həmkarımın yaradıcılığına dair düşüncələrimi bölüşmək qərarına gəlmişəm, illah da kitabları qəlbimin bəzi mübhəm tellərini riqqətə gətirdiyi üçün.
Dərhal deməliyəm ki, Məmməd Orucun povest və romanlarının qiraəti asan məşğuliyyətlərdən deyil. O, belə demək mümkünsə, müasir yazıçı deyil. Mövzu və sujetin qeyri-müasirliyi mənasında yox, o cəhətdən ki, çox dərin "qazır", onun kitablarında ikinci və üçüncü plan da var, əsl fəlsəfi dərinlik mövcuddur. Bir sözlə, Məmməd Orucun kitabları bu gün, təəssüf ki, defisit olan düşünən oxucu üçündür. Amma heyf: əgər indiki gənclər, misal üçün, özlərinə əziyyət verib "Oyun havası" povestini oxusaydılar, bəlkə də bu qiraət və oxuduqlarının dərki onları bir çox tələsik və naqis hərəkətlərdən çəkindirərdi. Əbəs yerə deməyiblər: bir çox bəlalar, xüsusən məişət zəminində nadanlıqdan və təhsilsizlikdən törəyir.
Bununla belə, düzünü desəm, "Oyun havası" povesti məndə ağır təəssürat oyatdı - soluxma, qüssə, keçmiş üçün nostalji qoxusu duyulur... Və bir də, hamını hökmən əbədiyyət kandarında gözləyən ölüm qoxusu. "Oyun havası" povestinin canına büsbütün ölüm qoxusu hopmuşdur. Süjet mentalitetimiz üçün kifayət qədər qeyri-adidir: Məti adlı kəndli oğlan mümkünsüz və eyni zamanda, müqəddəs heç nə bilməyən rayonun əsas avtoriteti Əlizamanı öldürür. O, həyatda çoxlarına kömək edib - kimini işə, kimini instituta düzəltməklə. Amma bir çoxunun taleyini kor qoyub. İlk növbədə isə iki uşaqla atıb, məşuqəsi Anuşun yanına gedən qanuni arvadı Aynanın taleyini.
Bütün povest təcili yardım maşınına uzadılmış mələfəyə bükülü meyitin və bir zamanlar Əlizamanın yaşadığı evin həyətinə girmiş maşının özünün fonunda cərəyan edir. Sürücü əvvəlcə nəşi Əlizamanın məşuqəsinin yanına aparır, lakin o, bunu yaxın qoymur, yəni başa salır ki, mənlik deyil. Qardaşı Heydər də həmin cavabı verir: "Mən onu çoxdan dəfn eləmişəm, apar onu öz evinə..." Amma qanuni arvadı da uzun müddət nəşi qəbul etmək və yas qayğıları ilə əlləşmək istəmir, çünki bu qəddar kişi özündən sonra çox ağır xatirələr qoyub gedib. Heç bir kənd adamı, Əlizamanın heç bir tanışı onu son mənzilə yola salmağa gəlmir. Avtoritetin keçmiş qonşuları isə adətə zidd olaraq toyu təxirə salmırlar və Aynanın həyətində uzadılmış meyitə baxmayaraq, onların evindən şən oyun havası bütün kəndə yayılır.
Ümumiyyətlə, bütün povest bizə bu dünyanın faniliyini, keçiciliyini xatırladan uzun, kədərli melodiya kimidir. Ölümündən sonra mərhumdan yalnız ya müsbət, ya mənfi xatirə qalır. Və bu dünyada yaşayanların hamısı bunu yaddaşlarına həkk etsələr pis olmaz.

Əsər qeyri-adi rəvayət üslubunda qələmə alınıb, povestin dili yerli-yataqlı, mürəkkəb, obrazlıdır. Məmməd Orucun dili barəsində ümumiyyətlə, ayrıca tədqiqat işi yazıla bilər - onun bədii dili  çeynənməmiş, hətta ədəbi dildə az işlənən söz və ifadələrlə doludur. Yəqin bu sözlərin çoxu əvvəlcə Qərbi Azərbaycanın məşhur Vedi kəndində, sonra isə hökumətin Məmmədin ailəsini digər həmkəndlilərinin ailələriylə birlikdə 1951-ci ildə köçürdüyü Beyləqan rayonunun Şahsevən kəndində keçən uşaqlığından yaddaşına həkk olunanlardır (40 ildən sonra Məmməd Oruc o faciəvi günləri 1991-ci ildə M.F.Axundov Mükafatına layiq görülmüş "Köçürülmə" romanında canlandıracaqdı). Görünür, Məmməd öz gələcək əsərlərinin zəngin söz ehtiyatı üçün elə oralara, o axar-baxarlı yerlərin təbiətinə, ab-havasına, böyüklərin söyləmə və söhbətlərinə borcludur. Lakin o, povest və hekayələrin necə olsa müasir oxucu üçün yazıldığını anlayaraq belə sözlərdən ifrat istifadə etmir...

"Malakan kəndinin payızı" povestini də çox bəyəndim. Əsər bir ziyalının gündəlik qeydləri formasında yazılmışdır. O, atasının və İrina Vasilyevna adlı Malakan qadının səyləri nəticəsində mükəmməl təhsil alır, universitetin nüfuzlu fakültəsini bitirir, diplomat olur, səfir vəzifəsinə yüksələrək bir çox illər ölkəsini xaricdə təmsil edir. Ömrünün sonlarında, yaşı 70-i ötərkən həyatının müəyyən dövründə ona doğma anasını əvəz etmiş İrina Vasilyevnanı axtarmağa yollanır, lakin keçən müddətdə respublikamız müstəqil dövlət olub və bir çox ruslar kimi İrina Vasilyevna da Azərbaycanı tərk edərək qızının yanına, Ukrayna Draqobıçına çıxıb getmişdir.
Hekayətin sonunda qəhrəman, Draqobıç kilsəsi keşişinin saxladığı fotoşəkil sayəsində İrina Vasilyevnanın məzarını tapır. Keşiş adsız məzarlarda dəfn olunanların şəklini çəkir və ümid edir ki, nə vatxsa bu insanların qohumları doğmalarının axtarışında kilsəyə gəlib çıxarlar və o, onlara yardım edər. Necə ki, hekayəmizin qəhrəmanına yardım edir və o da, gec də olsa öz analığına son dəfə "bağışla" deyə bilir.
Bu kiçik povesti oxuyub düşündüm ki, ata oğlunu öz kökündən ayırıb rusca danışmağı və yazmağı öyrəndiyi Malakan kəndinə təhsil almağa yollayaraq ona əla karyera qurmaq imkanı yaratmış, lakin xoşbəxt edə bilməmişdi. Bir də fikirləşdim ki, povestin qəhrəmanı doğma kəndində qalsaydı, səfir vəzifəsinə çatmasa da, baytar, əkinçi, yaxud kənd müəllimi olardı, lakin özünü ömrünün sonunda hiss etdiyindən dəfələrlə xoşbəxt sayardı. Axı boş yerə deməyiblər ki, "Doğma yer karlı olar". İrina Vasilyevna kimi keçmiş SSRİ-də yaşayan yüz minlərlə həmvətənimizi də keçən əsrin 90-cı illərində ölkənin süqutunun amansız küləkləri dərbədər etdi, Sovet İttifaqının hər tərəfinə səpələdi, "uzaq xaricə" tulladı. Bu, insanların qəlblərində keçmiş günlərə möhkəm nostalji izlər buraxdı, o günlərə ki, ruslar və azərbaycanlılar, gürcülər və yəhudilər, ukraynalılar və ləzgilər bir böyük ailə kimi yaşayaraq ucsuz-bucaqsız ölkənin istənilən guşəsində özlərini rahat hiss edirdilər.

Bir zamanlar zəngin Azərbaycan kəndində, öz evində, hörmət içində dövran sürən o qadının uzaq Draqobıçdakı adsız məzarı oxucuya, nə vaxtsa vahid nəhəng ölkəni belə biabırçılıqla və qəddarcasına dağıdan kəslərə ünvanlanan hiddətli ricətlərdən daha çox və kəskin şeylər söyləyir...
Müəllifin tədricən, israrla təlqin etmədən böyük fəlsəfi problemlərin dərin qatlarına nüfuz edə bildiyi həcmcə bu kiçik povesti oxumağım məndə bu qəbil çoxlu düşüncələr oyatdı.
Nisbətən yaxınlarda yazılmış (2017-ci ilin oktyabrında Truskavetsdə istirahətdə olarkən) daha bir kiçik povest "Veteran" adlanır. Sujeti kifayət qədər sadədir - vaxtında iki müharibədə - Əfqanıstan və Qarabağ döyüşlərində iştirak etmiş yaşlı adam "Qarabağ müharibəsi veteranı" adını almağa çalışır və bu zaman məmurların laqeydliyi, biganəliyi ilə qarşılaşır. Komissarın köməkçisi ona nazirliyə şikayət yazmağı məsləhət görür. Veteran elə də edir. Bu zaman Əfqanıstanda xidmət etdiyi illəri və Qarabağ müharibəsinə qatılmasına səbəb olan hadisələri xatırlayır. Məmməd Oruc müharibədən danışarkən bilavasitə dəhşətli döyüş səhnələrinin təsvirinə yer vermir, onun gətirdiyi bəlaları və məhrumiyyətləri pafosla göstərmir. Pafos ümumiyyətlə ona yaddır, o, öz "Veteran" povestinin qəhrəmanı kimi ahəstəliyi, yalqızlığı sevir. Müharibənin dəhşət və eybəcərlikləri çox vaxt elə bu müharibənin korlamış olduğu adi insani münasibətlər vasitəsilə göstərilir və bu səbəbdən o, daha qeyri-təbii və murdar təzahür şəklində təsəvvür edilir. Məmməd Oruc çox vaxt qəhrəmanların xarakterinə, məkan və hərəkət şəraitinə avtobioqrafik xüsusiyyətlər, özünün, yaxud dostlarının həyatından bəzi faktlar daxil edir. Lakin bunu o qədər təbii və bədiiliklə edir ki, bunları yalnız yazıçıya yaxın kəslər sezə bilər.
Povestdə babanın həyatındakı həqiqi sevinci və əsas sərvəti olan istəkli nəvəsi Oğuzla ünsiyyət anları çox təsirli təsvir edilib. Özü də, baba nəvəsilə yalnız ana dilində danışsa da, Oğuz ona rusca cavab verir. Bu situasiya uşaqlığımdan mənə tanışdır. Atam bizimlə Azərbaycan dilində danışardı, rus məktəblərində oxuyan biz - uşaqlar isə ona rusca cavab verirdik və bu, onu son dərəcə qıcıqlandırırdı. Dediklərim, o zaman, XX əsrin 60-70-ci illərində Bakıda Azərbaycan məktəblərinin barmaqla sayıldığı vaxtda idi. Lakin həyəcanlı vəziyyət indiyəcən, müstəqilliyimizin az qala 30-cu ilində də qalmaqdadır. Bakıda rus məktəblərində Azərbaycan dilinin tədrisi son dərəcə pis aparılır və uşaqlarımız, nəvələrimiz əvvəlki kimi öz aralarında rusca danışmağa üstünlük verirlər. Məmməd Oruc povestdə qeyd olunan problemi yazıçı qələmiylə yığcam və lakonik şəkildə işıqlandırmışdır.
Ümumiyyətlə isə "Veteran" povesti sanki alayarımçıq, tələskənliklə yazılıb zorən bitirilmiş bir mətn təəssüratı yaradır. Halbuki müharibədən tələsik və tezis şəklində, cızma-qara kimi yazmaq olmaz. Hətta çox ağır və ağrılı olsa belə, müharibə mövzusu təfərrüatı sevir. Və qəribədir ki, mən bu təfərrüatı Məmməd Orucun 2015-ci ildə "Azərbaycan" jurnalının ikinci sayında dərc edilmiş və şübhəsiz, son illlərin parlaq əbədi hadisəsi olan "Qısa qapanma" romanında tapdım.
"Qısa qapanma" romanı iki köhnə bakılı dost - əvvəllər tanınmış aktyor olan Sərxan Səmədzadə və onun məktəb yoldaşı, 1990-cı ildə doğma şəhərindən qaçmağa məcbur olmuş və 30 ildən sonra yeganə dostuyla görüşmək və doğmalarının qəbrini ziyarət etmək üçün saxta pasportla Bakıya qayıdan Edqar Lalayan haqqında təsirli hekayətdir. Əsər indiki bakılıların (nəinki bakılıların) böyük və orta nəslinin dramını ortaya qoyur, belə ki, onların hər birinin erməni millətindən dostu (ya da rəfiqəsi) olub və onlar haradasa Rusiyada neytral ərazidə görüşərkən ümidsiz həsrətlə itirilmiş cənnəti yad edirlər.
Roman iki, hətta üç qatdan ibarətdir. Birinci qat - Sərxanla Edqarın Bakıda keçirdikləri bir neçə gün, onların unudulmaz uşaqlıq yerlərinə baş çəkmələri, asan olmayan söhbətlər və nostaljik xatirələrdir. İkinci qat - azərbaycanlıların Qərbi Azərbaycandan faciəvi surətdə çıxarılması zamanı həyatını itirmiş anasının cənazəsinin qalıqlarını tapıb Bakıya gətirmək üçün qeyri-leqal şəkildə Ermənistana qayıdan lal qaçqının hekayətidir.

Və üçüncü qat - bütün maneə və əziyyətlərə rəğmən, doğma kandarda yükündən azad olub, ölmək üçün Kürün dərinliklərinə kürü buraxmağa üzən iri bir balığın tarixçəsidir. Hər üç hadisə faciəylə bitir.
Doğma şəhərinə gəlişinin 3-sü günündə Edqar Lalayan qayıtmaq ərəfəsində dostunun evində ölür. Və yalnız bu zaman Sərxan dəhşət içində anlayır ki, Edqar Bakıya elə yeganə məqsədlə - həqiqətən xoşbəxt olduğu yerdə ölmək və doğma şəhərinə əbədi qovuşmaq üçün gəlibmiş.
Lal qaçqın isə anasının sümüklərinin qalıqlarını yığdığı çamadanıyla Ermənistanda həbs edilir. Yeri gəlmişkən, ona bu uzun yol boyu uşaqlıq dostu Arakel yardım edir.
Nəhayət, yükündən azad olan balıq da ölür...

Bununla belə, yəni faciəvi sonluğuna baxmayaraq, roman özündən sonra ümidsizlik hissi buraxmır. Əksinə, daha çox bizə bir ümid verir. Yəqin, ona görə ki, praktik olaraq Edqarın doğma şəhərdə rastlaşdığı hər bir kəs, erməni təcavüzkarları ucbatından yaşadığı çətin sınaq illərində insanlıq simasını itirməyib. Onların heç biri Edqarı tanıyarkən harasa xəbər verməyi ağlına belə gətirmir. Baxmayaraq ki, Edqar son anacan məhz bundan ehtiyat edir. Lal Arakel də Ermənistanda eynilə o cür, təmənnasız və fədakarlıqla öz azərbaycanlı dostuna kömək edir. Və ixtiyarsız, səngərin müxtəlif tərəflərinə düşmüş iki xalqın nümayəndələrinin şəfqətli, səmimi hissləri bizdə müəyyən nikbinlik yaradır.

- Bəs bu müharibə nə ilə bitəcək? - soruşur Sərxan dostundan.
- Həmişəki kimi, barışıqla, - çiynini qısır Edqar, - heyf ki, biz bunu görməyəcəyik.
İstəməzdik ki, əsərin qəhrəmanının sözləri həqiqət olsun.

... Hesab edirəm ki, "Qısa qapanma" romanı Qarabağ münaqişəsi mövzusunda yazılan əsərlərin hələlik ən uğurlusu və sanballısıdır. Bir vaxt Rüstəm İbrahimbəyovun "Qafqaz triosu" filmini təhlil edərkən göstərmişdim ki, yalnız bir halda bu müdriklik tələb edən mövzuda əsər yaratmaq olar ki, o, Cəlil Məmmədquluzadənin "Kamança"sı səviyyəsinə yüksəlmiş olsun. İndi əminliklə deyə bilərəm: bu asan olmayan mövzuda Məmməd Orucun "Qısa qapanma" romanında nümayiş etdirdiyi ziyalılıqla, ağrı və səmimiyyətlə yazmaq lazımdır. /525.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.