Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
04.03.20

Son illərdə “Buker” mükafatını daha həvəslə, daha diqqətlə izləyirəm. Çalışıram ki, adları uzun və qısa siyahıya düşən bütün yazıçılardan nəsə tapıb oxuyum. Daha çox illərə yayılan ümumi fəaliyyətin nəzərə alındığı “Nobel”dənsə, hər il bir əsər seçib təqdim edən “Buker” mənə daha operativ və daha açıqgörüşlü gəlir. “Buker”in siyahılarında yeni dövrün dəyişən estetik paradiqmalarını da sezmək olur, qərbdənkənar ölkələrdəki yaradıcı fəaliyyətlərin marşrutunu da. Sözsüz ki, bir siyahıya baxaraq mütləq qənaətə gəlmək falçılıq olar; bunun yanında xeyli revyulara baxmaq, nəşriyyatların kitab strategiyalarından da xəbərdar olmaq vacibdir. Bu mənada bizim bir xeyli yazıçımız elə bilir ki, özünü aldatmaqla hamını aldada bilər. Əyani misal, məsələn, ötən ay yerli mətbuata verdiyi müsahibədə Varis deyib ki, kitabım Londonda “şort-list”ə düşüb. Sənətkarın fəxrlə bizə dürtüşdürmək istədiyi mükafat elə bir mükafatdır ki, qısa siyahısında təxminən min adam var, yəqin uzun siyahısında hamımız varıq, sadəcə hələ ödənişini etməmişik. Ümumiyyətlə bu mükafatın rəsmi ünvanını, rəsmi saytını tapmaq üçün gərək interpola sorğu göndərəsən.
Bir başqa nümunə də “dindarların Varisi” Rövşən Abdullaoğludur. Fasiləsiz şəkildə bütün kitablarında qərb fəlsəfəsini, xristian dünyasını öz ağlıyla tənqid edən, gavur ellərini İslama, sufizmə, hikmətə dəvət edən müəllif son müsahibələrindən birində deyir ki, kitabım Türkiyənin ən tanınmış nəşriyyatlarından olan “Dəstək yayınları”nda çıxıb. Əgər sən “Can yayınları”nı, “İletişim”i, “Yapı kredi Yayınları”nı, “Kırmızı Kedi”ni, “Ayrıntı”nı tanımırsansa, onda heç, əgər tanıyırsansa, onda danışdığın “irfani” yalanı lavaşa bük, ayranla vur bədənə, üstündən də desert kimi, Azərinin “Çırpınırdın qara dəniz” mahnısı qoş, vəssalam.
Bir başqa seqment də Türkiyədə millətçilərin “Ötükən”, “Bengü” kimi cansıxıcı nəşriyyatlarında çap olunanlardır. Onların da xeylisi inanır ki, bu kitablar birbaşa Orxan Pamukun masasında gedir, oxuyan kimi zəng vurub qonaqlıq verəcək, Əlif Şəfəq isə ürək smayliki göndərəcək.
Bu cür “hansı nəşriyyat olur-olsun, kim tərcümə edir-etsin, təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox zavallı, çox primitiv düşüncədir. Mən hələ çapa göndərilən kitabların yeni əsrin ədəbi parametrlərinə uyğun gəlib-gəlməməsini kənara qoyuram, bu yanaşma heç nəşriyyat-müəllif münasibətlərinin texniki parametrlərinə belə cavab vermir. Amma neyləməli, bizim müəlliflərin şüurunda kitab industrial bir nəsnə kimi mövcud deyil.           
Tanış müəlliflərdən biri bir gün inboksa yazdı ki, sən belə şeylərlə maraqlanırsan, bəs “Nyu-Yorker” jurnalına hekayə göndərmişəm, cavab vermirlər. Tərcüməçisini soruşdum, qayıtdı ki, ikinci kurs tələbəsi qohumum çevirib. Otur elektron poçt qutusunun qabağında gözlə, ay cavab gəldi ha.
Birincisi, bizim yazıçılar, xüsusilə imkanlı və orta yaşdan yuxarı yazıçılar, bilməlidirlər ki, dünyanın hər yerində konkret əlaqələr əhəmiyyətli olsa da, burda söhbət dost-tanış, pay-puş, pul-para janrında münasibətlərdən getmir. Bu münasibətlərin içində yaşadığı coğrafiyanın, ölkənin problemlərinə hardan baxmağından tutmuş, çoxdan son istifadə tarixi keçmiş ədəbi-bədii parametrlərdən imtina etmək də əhəmiyyətlidir. Yoxsa nətər-gəldi yazmaqla uzağı Türkiyənin, Rusiyanın sövdəyə gedən ədəbi orqanlarında çap olunmaqdan o yana getmək mümkün deyil.   
Tez-tez deyirik, necə olur ki, türklər, gürcülər, farslar ciddi platformalara çıxa bilərlər. Bunun bir ucu dövlət siyasətidirsə, digər ucu müəlliflərin doğru ünvanlara can atmasıdır. Azərbaycan yazıçısının talant problemi yoxdur, amma çox ciddi dünyagörüş problemi, qərb tendensiyalarının zahiri qatını imitasiya etmək vərdişi var.
Ötən ay “Beynəlxalq Buker mükafatı”nın uzun siyahısı açıqlandı. Maraqlıdır ki, bu ilin iyun ayından etibarən 18 il mükafata dəstək olmuş “Man qrupu” sponsorluqdan çəkildi. Bu ildən mükafatın sponsoru 2000-ci ildə qurulmuş “Crankstart Foundation” oldu. Mükafatın qısa siyası aprelin 2-də açıqlanacaq, mayın 19-da isə qalib bilinəcək. Qarışdıranlar üçün zəruri qeyd: “Buker” mükafatının iki qolu var: biri “Buker” adlanır və ingiliscə yazılan əsərlərə, digəri isə “Beynəlxalq Buker mükafatı” adlanır və ingilis dilinə tərcümə edilən, Britaniyada, yaxud İrlandiyada çap olunan əsərlərə verilir. Bu ilin uzun siyasına nəzər salaq:

1. Villem Anker – Qırmızı it (Red Dog) (Pushkin press).
Villem Anker 1979-cu ildə Cənubi Afrika Respublikasında doğulub. Müəllifin uzun siyahıya düşən əsərinin nədən bəhs etməsinə keçməmişdən qabaq, çap olunduğu nəşriyyata fikir verməyinizi istəyirəm. “Pushkin press” ciddi mükafatlara çıxmaq üçün ən yaxşı tranplinlərdən biridir, nəşriyyatların xarakteri haqqında ayrıca esse yazacam.
Ankerin romanı XVIII əsrin sonlarında bir nəhəngin, bədheybətin Keyp Koloniyasının sərhəddini keçməsiylə başlayır. Koenraad de Buys adlı bu nəhəng, çoxarvadlı, fırıldaqçı və böyük çərənçidir; britanlara qarşı döyüşən qiyamçıdır; azğın düşmən və sadiq müttəfiq idi, yəni ikibaşlı qəhrəmandır. Koenraad onu qarabaqara izləyən vəhşi itlər kimi, Cənubi Afrikanın dəyişkən landşaftını gəzib-dolaşır, acgözlüklə dava axtarırdı. “Qırmızı İt” romanı Afrikanın mədəniyyətlər və insanlar arasında sərhədləri möhkəmlənməmişdən qabakı dövrlərini əks etdirən vəhşi, epik hekayədir.

2. Nino Harataşvili – Səkkizinci həyat (The Eighth Life) (Scribe UK).
Nino 1983-ci ildə Tiflisdə doğulub, indi Almaniyada, Hamburq şəhərində yaşayır. Romanı ingilis dilinə almancadan tərcümə olunub. Roman ailə saqasıdır. Əsərdə Bolşevik inqilabından başlayaraq, “qırmızı əsr” adlandırılan XX əsrdə bir ailənin başına gələnlər təsvir edilib. İmperiyanın ucqarında yüksələn bir ailə bütün uğurlarını bənzərsiz, dadlı bir şokolad reseptinə borcludur. Tanıtım yazısında deyilir ki, bu epik əsərdə şirindən turşa qədər bütün dadlar var.

3. Şükufə Azər – Gavalı ağacının aydınlanması (The Enlightenment of the Greengage tree) (Europa editions)
1972-ci ildə doğulub. 2011-ci ildə Avstraliyaya mühacirət edib. Onu İranın yüksələn ədəbi ulduzlarından hesab edirlər. Mükafata namizəd olan romanı ölülərlə dirilər arasındakı əbədi bağdan bəhs edir. Romanda 1979-cu ildəki İran İslam inqilabından sonrakı 10 ildən baş verənlərdən söhbət gedir. Romanın təhkiyəçisi Bahar adlı 13 yaşlı qızın ruhudur. Baharın gözündən inqilab sonrası xaos təsvir edilir.

4. Qabriela Kabezon Kamara – Çin dəmirinin macəraları (The Adventures of China İron) (Charco press)
Qabriel Kamara 1968-ci ildə Argentinada doğulub. “NiUnaMenos” feminist hərəkatının aktivistlərindəndir. Bu romanda Kamara Argentinanın məşhur qauço dastanı “Martin Fierro”nu dekonstruksiya edib. Kamara milli mifologiyalarındakı dini, milli və cinsi ayrı-seçkiliyi tənqid edir.  

5. Yun Fosse – Başqa ad: septologiya I-II. (The Other Name: septology I-II) (Fitzcarraldo editions)
Yun Fosse mənə tanış müəllifdir. Bir neçə il qabaq adı Nobeldə də hallanmışdı və o vaxlat tapıb onun yığcam bir romanını oxumuşdum. 1968-ci ildə doğulan müəllim çağdaş Norveç ədəbiyyatının ən vacib müəlliflərindən sayılır. Fossenin mükafata namizəd olan əsəri Norveçin qərb sahilində yaşayan iki adamın həyatından bəhs edir. Roman hipnotik proza texnikasıyla yazılıb, yəni təhkiyədə birinci və üçüncü şəxslər tez-tez yerini dəyişir. Roman subyektivlik və mənlik arasındakı fərqi araşdırır. Bizi biz edən nədir? Niyə bu həyatı yaşayırıq, başqasını yox? 

6. Mişel Uelbek – Serotonin. (William Heinemann)
Mişel Uelbek bizim oxuculara çoxdan tanışdır. Qalmaqallı yazıçının bu romanı Avropanın, qərb mədəniyyətinin, ümumən bəşəriyyətin geri getməsi haqqında təhqiramiz, kəskin həcvdir. Uelbek qocalmış hedonist, kənd təsərrüfatı mühəndisi Florent-Klod Labrust obrazı vasitəsiylə sadə həyatın artıq mümkün olmamasına, hər yerin qloballaşma və istehlak çılğınlığı ilə xaraba qoyulmasına sarkastik elegiya yazır.   

7. Daniel Kelman – Til (Quercus)
Namizədlərin içində tanıdığım 3-4 müəllifdən biri də Daniel Kelmandır. Yadıma gəlir, dörd il qabaq İstanbul Kitab Yarmarkasından onun “Mən və Kaminski”, “Səslər” adlı kitablarını almışdım. Kelman 1975-ci ildə Münhendə doğulub. Kelmanın bu romanı məşhur alman əfsanəsi “Til Ulenşpigel”in magik-realist üslubda yenidən yazımıdır. 

8. Fernanda Melhor – Qasırğa mövsümü.(Hurricane season) (Fitzcarraldo editions)
Fernanda Melxor 1982-ci ildə Meksika doğulub. Suvarma kanallarının yanında oynayan uşaqlar bir meyit tapırlar. Bu, cadugərin cəsədidir. Kəndin əhalisi bu qətlin səbəbini axtarmağa başlayır. Melxorun romanı Folknerin, Bolanonun romanları kimi, mifologiya və zorakılıq dolu bir dünyadan bəhs edir. Qatbaqat olan, bir qatını keçdikcə, daha dərində daha dəhşətli zorakılığın üzə çıxdığı bir dünya.   

9. Yoko Oqava – Yaddaş polisi (The Memory Police) (Harvill Secker)
Yoko Oqava 1962-ci ildə Yaponiyada doğulub. Xanım Oqavanın romanını dövlətin nəzarətinin dəhşətləri haqqında oruelvari əsər hesab edirlər. Adsız bir adanın adsız sahilində əşyalar yoxa çıxmağa başlayır: əvvəlcə papaqlar, lentlər, sonra quşlar, qızılgüllər. Adanın sakinləri buna fikir vermədən yaşayırlar, yoxa çıxanları unutmaq istəməyənlər isə Yaddaş polisin yayınmalıdırlar. “Yaddaş polisi” indidən müasir dövrün ən bənzərsiz romanlarından sayılır. 

10. Emannuel Paqano – Dil ucumun üzləri. (Faces on the tip of my tongue) (Peirene Press)
Emanuel Paqano 1969-cu ildə Fransada doğulub. Bu əsər periferiyadakı insanlar haqqında təsirli əhvalatlar toplusudur. Paqano Fransanın əyalətini yazır.

11. Samanta Şveblin – Balaca gözlər (Little eyes) (Oneworld)  
Samanta Şveblin 1978-ci ildə Argentinada doğulub. Yad adama etibar gözlənilməz sevgiyə gətirib çıxara bilər, amma gözəlliklərlə bərabər insan təbiətinin qaranlıq tərəflərinə də qapı aça bilər. Qəribədir ki, indi daxil olduğu həmin qaranlıq dünya adama tanış gəlir…

12. Enrike Vila-Matas – Mak və onun problemləri. (Mac and his problem) (Harvill Secker)
Enrika Vila-Matas bu siyahıda mənim ən yaxşı tanıdığım müəllifdir. Müəllifin bir neçə romanını oxumaqla yanaşı, məşhur romanını dilimizə tərcümə də etmişəm: “Bartlbi və çevrəsi” (Nicat Məmmədovla birlikdə). Matas çağdaş ədəbiyyatın ən ciddi müəlliflərindən sayılır. Enrike Vila-Matas 1948-ci ildə Barselonada doğulub. Matasın bu romanı da yazmaq haqqındadır, amma özünəməxsus formada. Romanı əsas personajı roman yox, heç kimin heç vaxt oxumayacağı gündəlik yazır. “Mak və onun problemləri” metafiksiyanın ən möhtəşəm nümunələrindən sayılır.  

13. Marike Lukas Reyneveld – Axşam diskomfortu. The Discomfort of evening) (Faber&faber)
Marike 1991-ci ildə Hollandiyada doğulub. Marikeni gənc yaşından holland ədəbiyyatının ən həyəcanverici səslərindən hesab edirlər. Bu romanı uşaqlıq kədəri haqqında təsirli hekayədir. Marikenin romanı Hollandiyanın əyalətlərindəki konservativ dindar mühiti kəskin şəkildə tənqid edir. Belə dindar mühitdə uşaq necə inkişaf edə bilər? Roman çıxan kimi böyük rezonans doğurub.
Hələ yazılası çox söhbət var, bundan sonra hər həftə azloqosda da olacağam.     
2020, 3 mart

/azlogos.eu/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.