Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu

23.02.20

Muhsin Kadıoğlunu yaxın zamanlardan - cəmi bir neçə il olar tanıyıram. Lakin bu tanışlıq çox-çox illər öncəsinin tanışlığı, tanışlıqdan da bir az irəli - dostluğu kimi gəlir mənə. Ona görə ki, tanışlıqdan sonrakı dönəm çox sürətlə elmi ilişgiyə, fikir, ideya birliyinə keçdi.

O zaman dosent Bəsirə Əzizəli Muhsin Kadıoğlunun "Polonya'da Türk İzleri" - "Polşada türk izləri" adında avtoqraflı kitabını İstanbuldan gətirmişdi. Doğrusu, bu kitab Türkiyə türkçü aydınının mənə göndərdiyi bir kitab olmaqdan çıxaraq iki türk cəmiyyətinin elmi əlaqələrinin bir parçasına dönüşdü. Bu ilişgi getdikcə daha da artdı, yeni bir mərhələyə gəldi. Daha sonra onunla Bakıda görüşdüyümüzdə Türk Dünyası Araşdırmaları Vəqfinin yayımladığı "Türk-İslam Cihan Hakimiyeti Ülküsü Kızılelma" - "Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma" kitabını "Değerli Türkcü Hocam Prof.Dr. Bedirhan Ahmetliye uzun ve sağlıklı bir ömür başarılarının davamını diliyorum" sözlərini yazaraq təqdim etdi. Çox keçmədi, mən Azər-baycan İlahiyyat İnstitutu ilə İstanbul Universitetinin birgə keçirdiyi "Əhməd bəy Ağaoğlu" konfransına İstanbula getdiyimdə, necə deyərlər, borclu qalmadım - "Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri" (Bakı, Elm və Təhsil, 2019) kitabımı hədiyyə etdim. Zaman çox dar olsa da, on ilin dostu kimi məni İstanbulun görməli yerləri ilə tanış etdi. Cəmi bir neçə saat ərzində İstanbulun tarixi yerlərini gəzdik. Lakin məni təəccübləndirən Muhsin Kadıoğlunun İstanbulun hər daşının, torpağının tarixini bilməsi və onu son dərəcə sevgi ilə anlatması idi... Beləcə türkçülük sevgisi bizi bir-birimizə yaxınlaşdırdı. Bəsirə Əzizəlinin "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" kitabının elmi redaktorluq təklifini də bu səbəbdən həvəslə qəbul etdim. Yaxşı ki, etdim, monoqrafiyanı oxuduqca onu daha dərindən tanıdım, gördüyü işlərin məzmununun, miqyasının, həcminin böyüklüyü bir daha mənə aydın oldu.

B.Əzizəlinin monoqrafiyasında Muhsin Kadıoğlunun həyatı, yaradıcılığı, əsərləri, ədəbi, elmi fəaliyyəti bütün yönləriylə araşdırılır. Monoqrafiyanı oxuduqca tanıdığımız Muhsin Kadıoğlunun yaradıcılığının tanımadığımız tərəfləri ilə daha yaxından tanış oluruq. Muhsin Kadıoğlu polifonik, çoxyönlü, çoxtərəfli, zəngin bir yaradıcılıq yolu keçmişdir. Lakin elə bilirəm ki, onun fəaliyyətini və yaradıcılıq yolunu birləşdirən bir ümumi cəhət var ki, bu da onun türkçülüyüdür, vətənçiliyidir. Belə demək mümkünsə, Ziya Göyalpdan və Turan Yazqandan sonra son illərdə türkçülüklə intensiv şəkildə məşğul olan və onu yaradıcılığının ana xəttinə çevirən Muhsin Kadıoğlu olmuşdur.

Muhsin Kadıoğlu yazdığı əsərlərdə türklərin görünən və görünməyən izlərini axtarır və tapır. Bu izləri tapmaq üçün təkcə gerçək türkçü olmaq kifayət etmir, həm də gərək böyük sevgi və elmi erudisiya ilə bu işi görəsən. "Polşada türk izləri" kitabında Polşada türk izlərini axtaran yazar haralarda olmur? Muzeylərdə, sənət əsərlərində, bədii düşüncədə, elmi araşdırmalarda, izləri silinməkdə olan keçmişdə, nəhayət, türklərin xeyirxah münasibətlərində. Müəllif türklərlə polyakların tarixən davam edən dostluq münasibətlərini və polyakların ən çətin zamanlarında belə türklərin xeyirxahlığı ilə qarşılaşdıqlarını faktlarla, mənbələrlə təqdim edir. M.Kadıoğlunun araşdırmalarında türklər mərddir, xeyirxahdır, hər za-man Polşanın (Lehistan) müstəqilliyinin tərəfində durur. Türklərlə polyaklar arasındakı mədəni əlaqə və bağlılıq bir səyyahın eşitdikləri deyil, tarixi faktlarla, elmi mənbələrlə bəlirlənir. Polşa türklərinin (Avropa hunları, avarlar, kuman-qıpçaklar, tatarlar və b.) qədimdən bəri bu ölkənin varlığını qoruyub-saxlamaqda vətənpərvər duyğularla yaşadıqlarını göstərir. Tatar türklərinin Polşa tarixində, onun quruculuğunda, mədəni, iqtisadi inkişafında rolu aydınlaşdırılır.

M.Kadıoğlu hər bir əsərinə türklüyün keçmişini, bugünü və gələcəyini əks etdirən problem tapır və onu bütün tərəfləri ilə təsvir edir. Bu cəhətdən "Nar Ülkesi. Endülüs'ün Son Yılları" - "Nar ölkəsi. Əndəlüsün son illəri" tarixi romanı olduqca maraqlıdır. Roman türklərlə bağlı tarixi hadisələrin bədii düşüncədə indiyədək öz əksini tapmayan hadisələrini işıqlandırır. Bu, olduqca əhəmiyyətlidir, çünki hər keçən gün biz həmin tarixdən uzaqlaşır, uzaqlaşdıqca yadlaşırıq. Müəllif məhz bizə məlum olmayan hadisələrin üzərində dayanaraq onu tarixləşdirir, necə deyərlər, türklərin yaşamış və yaşatmış olduqları tarixə yenidən vətəndaşlıq hüququ qazandırır. Romanda 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin və müsəlmanların Osmanlı tərəfindən öz ölkəsinə qəbul edilməsi prosesləri təsvir edilir. Romanda Avropanın yəhudi və müsəlmanların başına müsibətlər gətirməsi və onların bu yoldakı cəsarət və qəhrəmanlıqları bəlgələr və bədii təxəyyül kontekstində aydın olur. Romanın struktur zənginliyi, müxtəlif bölümlərə ayrılması hadisələrin bütün detalları ilə göstərilməsinə imkan verir. Romanın ana xətti yəhudilərin İspaniyadan qovulması olsa da, ondan əvvəl və sonra Avropada baş verən tarixi hadisələrə də geniş yer verilir. Türkçü dostumun bu romanı mənə elə dərindən təsir etdi ki, Azərbaycan oxucularını da əsərlə tanış etmək üçün "Türklüyün keçmişinə işıq tutan roman" ("525-ci qəzet", 2018, 2 yanvar) məqaləsi ilə çıxış etdim.

M.Kadıoğlunun qələmində tarixi roman janrı özünün sərhədlərini xeyli dərəcədə genişləndirir. Buna tarixi roman janrının inkişafında yeni mərhələ də demək olar. Bu romanlar struktur baxımından da janrın imkanlarını genişləndirir və zənginləşdirir. Bu əsərlər sanki dünya xalqlarının türklərə, türklərin isə onlara münasibətinin xəritəsidir; burada adi insani münasibətlərdən tutmuş, ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni ilişgilərə qədər reallıqla əks olunur.

Azərbaycan ədəbiyyatında zəif də olsa, yer alan Qızıl Alma idealı M.Kadıoğlunun "Türk-İslam Cihan Hakimiyəti Ülküsü Kızılelma" - "Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma" kitabını yazmasına nədən olmuşdur. Deyim ki, bu mövzu türk mifoloji və yazılı düşüncəsində olduqca geniş işlənsə də, çox az araşdırılmışdır. Yazar Qızıl Alma idealının türk düşüncəsində tarixən keçdiyi yolu fərqli mərhələlərdə və mədəniyyətlərdə izləyir və elmi qənaətlərə gəlir. Türklərin gələcək birliyində Qızıl Alma idealının mühüm rol oynayacağını nəzərə almış olsaq, ideyanın gerçəyə çevrilməsində bu cür əsərlərin rolu şübhəsizdir. Böyük türkçü Ziya Göyalp Qızıl Alma ideyasının gənc nəslin formalaşmasındakı rolunu xüsusi qeyd edirdi. M.Kadıoğlu Qızıl Almanı bir simvol olaraq müxtəlif mədəniyyətlərdə və hakimiyyətlərdə (Roma, yunan, macar, alman, polyak, Osmanlı), eləcə də ayrı-ayrı yazarların (Ziya Göyalp, Ömər Seyfəddin, Çingiz Aytmatov və b.) əsərlərində araşdırır. Hər zaman da Qızıl Almanın birləşdirici simvol olmasını önə çəkir.

Muhsin Kadıoğlu dünyanın bir çox ölkələrini dolaşıb türk tarixinin izlərini aşkara çıxarır. Lakin bunu heç zaman açıq tendensiya ilə etmir. Heç yerdə pafosla türkün keçdiyi yolu öymür, tərifləmir, sadəcə göstərir. Mənə elə gəlir ki, bütün əsərlərini əhatə edən bu keyfiyyət yazıçının üstün üslubuna çevrilir. O, yalançı pafosdan uzaqdır, hay-küyçü türkçülüklə barışmazdır. Onun əvəzində türkçülüyün yeni modelini təklif edir. Bu, intellektual türkçülükdür və fikrimcə, türk dünyasının gələcəyi onun çağdaşlığında və intellektuallığındadır. Və mən inanıram ki, türkçülüyün (və türk dünyasının!) gələcəyi bu istiqamətdədir.

B.Əzizəlinin bu kitabını oxuduqca gerçək bir türkçünün intellektuallığı ilə üz-üzə gəldim. O zaman aydın başa düşdüm ki, türklüyün, türkçülüyün və türk dünyasının gələcəyi ilə bağlı pessimizmə qapılmaq lazım deyil. Muhsin Kadıoğlunun əsərlərini oxuduqca, onun türkçü fəaliyyəti ilə tanış olduqca bu əminlik bir qədər də artır. O, türkçülüyün keçmişini və-təndən və onun hüdudlarından kənarda nəzəri cəhətdən öyrənməklə qalmır, həm də onun gələcəyini bəlirləyən praktik işlər görür. Muhsin Kadıoğlunun araşdırmalarında mən türk dünyasına baxış miqyasının genişliyini, dünyagörüşünün elmiliyini, məntiqi ardıcıllığını gördüm.

Türkiyədə və Azərbaycanda bu gün türk adından danışan, türkçülüyü hər zaman yeri gəldi-gəlmədi bayraq edən insanlar və cəmiyyətlər var. Lakin elə türkçülərimiz də var ki, onlar danışmaqdan çox iş görür... Muhsin Kadıoğlu belə intellektual və gerçək türkçülərdəndir! /525.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.